Ramzan Kadırov istefa vermək istədiyini deyir

Kadırov. Foto: şəxsi “Telegram” kanalı

“Ümid edirəm ki, xahişim dəstəklənəcək”, – Çeçenistan rəhbəri bildirib

Ramzan Kadırov hökumətyönlü “Çeçenistan Seqodnya” xəbər agentliyinə müsahibəsində Çeçenistan rəhbəri vəzifəsindən azad edilməsini “xahiş etdiyini” bildirib.

Bu şərhi o, “Novaya qazeta. Yevropa” saytında Çeçenistanda hakimiyyətin gələcəyi və onun dəyişdirilməsinin mümkün ssenariləri haqqında dərc olunan məqalədən sonra verib.

Amma bu, Kadırovun heç də ilk istefa anonsu deyil.

Ramzan Kadırov hələ 2021-ci ilin aprelində ən uzun müddət vəzifədə qalan qubernatorların reytinqində birinci yerdə qərarlaşmışdı. Həmin ilin sentyabrında, o, 99,7% səslə yeni beşillik müddətə Çeçenistanın rəhbəri seçilib və bununla da 2016-cı ildəki (97% səs) öz rekordunu qırıb. 2023-cü ilin iyulunda Kadırov onun yerinə adam axtarıldığı barədə şayiələri təkzib edərək, növbəti seçkilərdə Çeçenistan rəhbəri vəzifəsinə yenidən namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.

Ramzan Kadırov buna qədər dəfələrlə vəzifədəki gələcəyi ilə bağlı ziddiyyətli açıqlamalar verib, postunu tərk etmək istədiyini bildirib. Belə ki, 2022-ci il sentyabrın 3-də o, Çeçenistanın rəhbəri kimi “çox uzun müddət qaldığını” və “müddətsiz məzuniyyətə ehtiyacı olduğu üçün” vəzifəsini tərk etməyə hazır olduğunu bildirib. Üç gün sonra Kadırov videomüraciətində xalqdan və Rusiya Prezidentindən xahiş etmədən vəzifəsini tərk etmək haqqının olmadığını bildirib.

“Bu söz-söhbətləri mən də eşitmişəm. Onlar cürbəcür şeylər yazır. Əksinə, mən özüm də vəzifəmdən azad olunmasını xahiş edirəm. Məndən sonra gələnin öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, – Kadırov “Novaya qazeta.Yevropa”da gedən məqaləni şərh edərkən bildirib.

Məqalədə Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Adam Kadırovun aktiv karyera yüksəlişi və onun digər övladları ilə bağlı respublikanın güc strukturlarında baş verən kadr dəyişiklikləri təsvir edilib, Ramzan Kadırovun səhhətindəki problemlərə dair versiyalar da qeyd olunub.

Çeçenistanda demək olar ki, bütün idarəetmə sistemi şəxsən Ramzan Kadırov və ona yaxın adamlarla bağlıdır. 2018-ci ildə edilən hesablamalara görə, Çeçenistanda yüksək vəzifəli şəxslərin təxminən üçdə biri Kadırovun qohumları, 23 faizi həmkəndliləri, 12 faizi isə Çeçenistan rəhbərinin dostları və onların qohumlarıdır. Politoloqların fikrincə, Çeçenistan rəhbərinin kadr siyasəti onun ailəsinin mövqelərini möhkəmləndirməyə və Kadırovlar klanının maraqlarını təbliğ etməyə yönəlib.

Ana səhifəSiyasətRamzan Kadırov istefa vermək istədiyini deyir