Nailə Əliyeva

Mənbə: Meydan.TV

Başlıq: Nailə Əliyeva

Raket hücumundan zərərçəkən Gəncə sakini: 11 aydır qapılardayıq

Nailə Əliyeva: “Bizi aldadan məmurlar özləri də başa düşməlidir ki, evin dağılması nə deməkdir”

44 günlük İkinci Qarabağ Müharibəsi dövründə - 17 oktyabr 2020-ci ildə Gəncəyə raket hücumundan ziyan görən Nailə Əliyeva probleminin həll olunmadığını deyir. Onun sözlərinə görə, 11 aydır on nəfərlik ailəsi qapılardadır, kirayə pulunu çatdıra bilmirlər. Dövlət orqanları isə nə evlərinin tikilib təhvil verilməsini başa çatdırır, nə də kirayə pulunu, əşyalara görə kompensasiyanı ödəyir.

“Görünür, məmurlar ayrılan pulu yeyib”

Nailə Əliyeva Gəncənin Kəpəz rayonu, S.Xasıyev küçəsi, 8-ci döngədəki 28 ünvanında yaşayıb. Qonşuluqdakı - 28A ünvanındakı ev isə oğlu Elvin və ailəsinə məxsus olub. Əliyevlərin hər iki evi tamamilə dağılıb:

“Raket düşən yerlə bizim evin arasında məsafə çox azdır. Ona görə hər iki ev darmadağın olmuşdu. Bizdən xeyli uzaqda yerləşən evləri söküblər, tikib təhvil veriblər. Bizdə isə 11 aydır ancaq damın şiferlərini vurublar. Evin nə pəncərəsi var, nə döşəməsi, nə tavanı. İş niyə belə ləng gedir, başa düşmürəm. Ən əsası, bizə kirayə pulu da ödəmirlər. On nəfərlik külfətik, hər ay 450 manat biz, 500 manat da oğlumgil kirayə pulu verir. Uşaqlarım fəhlədi, yoldaşım ağır insult keçirib, özümün də gözümdə ciddi problemlər var”.

Zərərçəkənin sözlərinə görə, məmurlar onları aldadıb. Nailə Əliyeva deyir ki, əvvəlcə onlara kirayə pulunun ödəniləcəyini demişdilər, amma sonradan bundan imtina ediblər. Oğlu və özünün evində ümumilikdə təxminən 30 min manatlıq əşyanın dağılıb yararsız hala düşdüyünü vurğulayan Gəncə sakini buna görə də kompensasiya ala bilmədiklərini bildirib.

"On nəfərlik külfətik, hər ay 450 manat biz, 500 manat da oğlumgil kirayə pulu verir"

"On nəfərlik külfətik, hər ay 450 manat biz, 500 manat da oğlumgil kirayə pulu verir"

Mənbə: Meydan.TV

“Bizi aldadan məmurlar özləri də başa düşməlidir ki, evin dağılması nə deməkdir. Əgər işə düzgün baxılmayacaqdısa, niyə yazıb aparıb, bizi aldadırdılar? Prezident ayırıb pulu, görünür, məmurlar yeyib, ona görə biz də bu vəziyyətə qalmışıq. Nə deyirik, cavab verirlər ki, yox, bunu eləyə bilmərik. Bəs kim eləyə bilər? Qarşıdan qış gəlir, uşaqlar məktəbə getməlidir. Mənim imkanım yoxdur, bilmirəm, maşın tutub uşaqları məktəbə yollayım, yoxsa kirayə pulu verim?”, - Nailə Əliyeva belə deyir.

O, bugünlərdə prezidentə də məktub yazıb. Dövlət başçısından xahiş edib ki, onun durumuyla bağlı məsələnin araşdırılması, evinin bərpasının qısa müddətdə başa çatması və kirayə pulu, əşyalara görə kompensasiyanın ödənilməsinə göstəriş versin.

“Əvvəl vəkil olmuş icra başçısı vəkilin müraciətinə belə münasibət göstərirsə...”

Əliyevlər ailəsinin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov məsələ ilə əlaqədar avqustun 13-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova rəsmi şəkildə məktub göndərib. Vəkilin dediyinə görə, icra başçısına müraciətindən ayyarım vaxt keçsə də, heç bir cavab ala bilməyib:

Əziz Qənbərov

Əziz Qənbərov

Mənbə: Meydan.TV

“Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyana görə hər ailəyə 6000 manat, şəxsi əşyalara görə isə hər bir ailə üzvünə 1500 manat ödənilməlidir. Eyni zamanda, evləri dağılmış vətəndaşların evi bərpa olunana qədər müvəqqəti yaşamaq üçün yaşayış yeri ilə təmin edilməsi də nəzərdə tutulub. Nailə Əliyeva və Elvin Əliyevin evlərində bərpa işləri başlayıb, ancaq işlər həddindən artıq ləng gedir. İki evə birlikdə ev əşyalarına görə 30000 manatdan çox ziyan dəyib. Ötən 11 ay ərzində ailə kirayələrə təxminən 10000 manat pul xərcləyib. Amma bu vəsaitlər onlara ödənilməyib”.

Əziz Qənbərov əlavə edib ki, icra başçısına müraciətinin nəticəsilə maraqlanmaq üçün üç dəfə Gəncəyə gedib, Gəncə Şəhər İcra Hakimiyyətində olub. Lakin yenə də cavab ala bilməyib.

Müdafiəçinin sözlərinə görə, o, əvvəl bu problemin ictimailəşməsinin istəməyib. Nəzərə alıb ki, icra başçısı Niyazi Bayramov da əvvəllər Vəkillər Kollegiyasının üzvü olub, vəkil kimi fəaliyyət göstərib. Amma onun rəhbərlik etdiyi qurumdan gördüyü münasibət Əziz Qənbərovun fikrini dəyişib: “Niyazi Bayramov Vəkillər Kollegiyasının üzvü olmuş şəxs kimi, vəkilin müraciətinə bu cür münasibət göstərirsə, sadə Gəncə sakinlərinin durumunu təsəvvür etmək çətin deyil...”

Müraciət

Müraciət

Mənbə: Meydan.TV

İcra Hakimiyyəti: “Bu ailə ilə bağlı elə bir problem yoxdur”

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu ailəyə kompensasiya ödənilib: “Onlara 1000 manat bir, 5000 manat da bir ödənilib. Hazırda da Memarlıq və Şəhərsalma Komitəsi tərəfindən evlərinin bərpasıyla bağlı işlər davam edir. Bu ailə ilə bağlı elə bir problem yoxdur”.

İcra hakimiyyətindən onu da əlavə ediblər ki, prezidentin sərəncamıyla qismən ziyan çəkmiş ailələrə standart olaraq, əşyalara görə 1000 manat ödənilməsi nəzərdə tutulub. Akt əsasında həmin vəsaitlər ziyan çəkənlərin hamısına ödənilib: “Tam dağılmış evlərdə isə ümumi 5000 manat və hər ailə üzvünün şəxsi əşyasına görə 1500 manat sərəncamla müəyyən olunub. İşçi Qrup təyin olunmuşdu və bu qrup araşdırma aparır, müəyyənləşdirir və kompensasiya ayrılır. Bəzən gözdən yayınanlar, vaxtında müraciət etməyənlərlə bağlı problem ola bilər. Bu halda da sonradan müraciət edənlərin işinə baxılır, aktlaşdırılır. Hələ də bu proses davam edir”.

Evlərin nə zaman yaşayış üçün hazır olacağına gəlincə, icra hakimiyyətindən bununla bağlı konkret vaxt deməyiblər: “Memarlıq və Şəhərsalma Komitəsi təmir-tikinti işlərini subpodratçı şirkətlərə həvalə edib. Biz sadəcə, ümumi məbləğə, siyahılara baxırıq, ehtiyac olanda komitəyə yönləndiririk”.

"Evin nə pəncərəsi var, nə döşəməsi, nə tavanı"

"Evin nə pəncərəsi var, nə döşəməsi, nə tavanı"

Mənbə: Meydan.TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ln5bm3

Ən çox baxılan