"TIR yol hərəkəti qaydalarını pozaraq qardaşımın traktoruna çırpılıb"

Mənbə: Meydan TV

Başlıq: "TIR yol hərəkəti qaydalarını pozaraq qardaşımın traktoruna çırpılıb"

“Qusar polisi qardaşımın başına gələnləri ört-basdır etmək istəyir”

Ləgərqışlaq ərazisində baş vermiş avtoqəza ilə bağlı şikayət var

“İki aya yaxındır ki, qəza baş verib. Qusar polisi cinayətə soyuq yanaşır. Hacıqabuldan Qusara gedirik, polis şöbəsinin qarşısında qalırıq, bir dəfə qəbul edib məlumat vermirlər. Sanki məsələni ört-basdır etməklə məşğuldular”.

Hacıqabulun Nəvai qəsəbəsinin sakini Firqan Məmmədov Meydan TV-yə danışır ki, bu il mayın 31-də qardaşı Kamil Məmmədov idarə etdiyi traktorla Qusar rayonu ərazisində qəzaya uğrayıb.

“TIR-ın sahibi yol polisində işləyən Xaçmaz sakinidir”

“Qardaşım Hacıqabulda yaşamasına baxmayaraq, ailəmizə məxsus traktorla Qusarın kəndlərində onun-bunun şəxsi təsərrüfatlarında su arxları qazmaqla, traktorla görüləcək başqa sifarişlər yerinə yetirməklə günəmuzd çalışırdı. Mayın 31-də Qusarın kəndi olan Ləgərqışlaq ərazisində arxadan gələn TIR yol hərəkəti qaydalarını pozaraq qardaşımın traktoruna çırpılıb, traktor aşıb, tamamilə yararsız hala düşüb, qardaşım kəllə-beyin travması, ağır bədən xəsarətləri alıb, iki həftəyə yaxın xəstəxanada yatıb. Ancaq qarşı tərəf bircə dəfə də olsun onun vəziyyətiylə maraqlanmayıb. Elə həmin gün məlum oldu ki, Rusiya nömrə-nişanlı olan həmin TIR Xaçmaz sakini olan və yol polisində çalışan Cavad adlı şəxsindir, faktiki onundur, əlaqələrindən istifadə etməklə işi ört-basdır etməyə çalışır. TIR-ın sürücüsü Astara sakini olub, ancaq o boyda maşını idarə etmək üçün heç etibarnaməsi də olmayıb. Hadisə baş verən gün izi azdrımaq üçün tələsik maşını onun adına keçiriblər”.

Kamil Məmmədov

Kamil Məmmədov

Mənbə: Meydan TV

“Qəza yerində qalan traktorun hissələri və maqnitofon oğurlanıb”

Firqan Məmmədov deyir, hadisədən dərhal sonra TIR hadisə yerindən uzaqlaşdırılsa da, qardaşının traktoru ən azı 20 gün hadisə yerində qalıb:

“Qusar polisi bizə akt vermirdi ki, texnikamızı oradan götürək. Deyirdilər, götürün aparın, yolda saxlasalar, zəng edin bizə, tapşıraq, buraxsınlar. Biz isə texnikamızı yerindən sənəd-sübutsuz tərpətmək istəmirdik. Nəhayət, 20 gündən sonra poisdən sənəd ala bildik, ancaq o vaxta qədər traktorun bəzi hissələri və maqnitofon oğurlanmışdı. Biz hissələrə parçalanmış traktoru yalnız yaxınlıqdakı qaraja apara bildik, hələ də ordadır və qarşı tərəf onu düüzəltdirmək istəmir. Nəticədə bir ailə çörəksiz qalıb, çünki o texnika ailənin çörək yeri idi”.

“Ekspertizanın rəyi gözlənilir”

Qusar rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, baş vermiş yol hadisəsi təhqiqatçı Elxan Abdullayev tərəfindən araşdırılır. Tərəflərin izahatları alınıb. Hazırda ekspertiza rəyi gözlənilir. Rəy alındıqdan sonra digər müvafiq istintaq addımları atılacaq.

Qəzaya uğramış TIR

Qəzaya uğramış TIR

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mbmkka

Ən çox baxılan