Qurtuluşumuz

AXC hakimiyyəti vaxtı baş nazir olmuş Pənah Hüseyn sonralar verdiyi açıqlamada Heydər Əliyevi Bakıya dəvət etdiklərini bildirmişdi.

Mənbə: Meydan TV


Bayram kimi qeyd edilən gün Azərbaycan xalqına baha başa gəldi

15 iyun – 1997-ci ildən qeyd olunan, 1998-ci ildəsə dövlət bayramı statusu verilən “Azərbaycan xalqının milli qurtuluş günü” kimi tarixə yamaq vurulan gün. Elə yaradıldığı gündən bəri mübahisə obyekti olan bu gün niyə “milli qurtuluş günü” adlanır? “Milli” sözünün anlamı hamıya bəllidir, bu sözə ən uyğun gələn tarix 18 oktyabr 1991-ci il, Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. Həmin gün Azərbaycan 70 illik SSRİ əsarətindən, sovet rejimindən qurtulub və bu, həqiqətən, milli bayram kimi tarixə düşüb. Heç bir güc, heç bir hakimiyyət onu tarixdən silə bilməz. Baxmayaraq ki, YAP hakimiyyəti o günlə bağlı tarixdə analoqu olmayan qərar verib; 18 oktyabrı rəsmi bayram kimi saxlasalar da, həmin gün iş günü sayılır. Səbəb sadədir: YAP-çıların “ümummilli lideri”nin bu bayramla uzaqdan-yaxından əlaqəsi olmadığından Prezident Administrasiyasının təlimatı və təqdimatıyla Milli Məclis, yəni saxta mandatlı deputatlar 2006-cı ilin dekabrında o günü bayramlar siyahısından çıxardılar. Həmin günün, 18 oktyabrın dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmasının ömrü 14-cə il (1992-2006-cı illər) çəkdi.

YAP-çıların “Azərbaycan xalqının milli qurtuluş günü”nü – 15 iyunu rəsmi dövlət bayramı kimi keçirməsinə baxmayaraq, heç bir ölkə həmin gün Azərbaycana təbrik göndərmir; adını “milli qurtuluş” qoysalar da. Müstəqillik Günü, Respublika Günü kimi bayramı olan ölkəyə saxta bayram gərəkdirmi? 15 iyunda hansı qurtuluşdan söhbət gedə bilər? Axı cəmi 11 gün qabaq – 1993-cü il iyunun 4-də ölkədə dövlət çevrilişi baş vermişdi, qardaş qanı tökülmüşdü…

Milli Məclisin 2006-cı il dekabrın 8-də keçirilən

iclas

ında YAP-çılar Müstəqillik Günü problemini biryolluq həll etdilər. 18 oktyabr Müstəqillik Günü, eyni zamanda 12 noyabr Kostitusiya və 17 noyabr Dirçəliş Günü iş günü sayıldı. İclasda iştirak edən deputatlardan bəziləri (İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Pənah Hüseyn, Arzu Səmədov, Aynur Quliyeva) buna qarşı çıxsalar da, YAP çoxluğu (müxalifət adıyla mandat verilənlər də həmin xordaydı) məsələni həll etdi. Belə ciddi məsələyə Milli Məclis cəmi 58 dəqiqə vaxt ayırıb və deputatların tələbi ilə müzakirə yarımçıq kəsilib. 12.04-də başlayan müzakirə 13.02-də bitib.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)


Lehinə 82


Əleyhinə 10


Bitərəf 0


Səs verməd 1


İştirak edir 93


Nəticə: qəbul edildi

Ancaq məsələ müzakirəyə çıxarılan kimi zalda bəziləri etiraz səsini ucaldıb, bu da sədrin narazılığına səbəb olub. Stenoqramdan:

“Sədrlik edən(Oqtay Əsədov). Həqiqətən, heç nədən belə müzakirələrə başlayırlar. Mən özüm də bu müzakirələrin çox uzanmasına lüzum görmürəm. Çünki hətta xarici səfirlər, xarici ölkələr Azərbaycanın müstəqilliyini təbrik etmək istədikdə çaşıb qalırlar, bilmirlər 28 mayda, yoxsa 18 oktyabrda təbrik eləsinlər”.

Göründüyü kimi, YAP-çılar özləri də Qurtuluş Gününün saxta bayram olduğunu anlayır və bu günü kiçik bir qrupun bayram saydığını etiraf edirlər. Yeri gəlmişkən, Heydər Əliyev o vaxt “Azərbaycan xalqının tələbi ilə”Bakıya gəldiyini deyirdi. Onun Azərbaycan xalqı olaraq kimi nəzərdə tutduğu aydın deyildi. Özlərinin dediyi kimi, o vaxt xalq idarə olunmurdusa və başını itirmişdisə, onda, deməli, kimlərsə fürsətdən yararlanıb xalqın adından Heydər Əliyevə müraciət etmişdi (zaman da göstərdi ki, 91 nəfər xalq demək deyil). AXC hakimiyyəti vaxtı baş nazir olmuş Pənah Hüseyn sonralar verdiyi açıqlamada Heydər Əliyevi Bakıya dəvət etdiklərini bildirmişdi. O qərar Əbülfəz Elçibəylə və komandanın bəzi üzvləri ilə birlikdə verilmişdisə belə, yenə xalqı bu işə qatmaq olmaz. Aqil Səmədbəyli isə bu yaxınlarda “Facebook” sosial şəbəkəsində 4 iyunla bağlı paylaşdığı postda Heydər Əliyevi Bakıya Süleyman Dəmirəlin məsləhəti ilə Əbülfəz Elçibəyin dəvət etdiyini yazmışdı. Bu dəvətin də xalqa dəxli yoxdur. Çünki Əbülfəz Elçibəy xalqın seçdiyi prezident idisə, belə çətin anlarda hansısa ölkənin prezidentiylə yox (qardaş olsa belə) məhz xalqla, onu seçən xalqla məsləhətləşməliydi. Bu deyilənlər doğrudursa, onda qiyamdan, dövlət çevrilişindən də danışmaq, müsahibələr vermək (həm də illərlə) xalqın başını qatmaq, onu aldatmaq idi…

Hakimiyyət dəyişikliyi, bu gün bayram kimi qeyd edilən Qurtuluş Azərbaycan xalqına baha başa gəldi. 1993-cü ilin sonu, 1994-cü ilin yanvarında aparılan Kəlbəcər əməliyyatında 4 mindən artıq hərbçimizi itirdik. Onun ardınca Ağdam və Tərtər istiqamətindəki əməliyyatlarda da minlərlə əsgər və zabitimiz şəhid oldu… Qışda Murovda aparılan Kəlbəcər əməliyyatının iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyevin dedikləri: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar, donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi:

“Mən qaldım, sən get!”

.

Üstəlik, 1994-cü ilin mayında imzalanan atəşkəsdən 2016-ci ilin mayına qədər keçən dövrdə 1008 şəhid vermişik, 1205 hərbçi isə yaralanıb.

II Qarabağ savaşındasa 3 minə yaxın şəhid vermişik.

Hər iki savaşda yüzlərlə vətəndaşımız həlak olub, əsir düşüb, girov götürülüb.

Qurtulduqmu?!.

Ana səhifəXəbərlərQurtuluşumuz