Sorğu 64 mətbu orqanından 68 jurnalistin arasında keçirilib
Azərbaycanda jurnalistlər bu il də ilin ən yaxşı futbol məşqçisi kimi Qurban Qurbanovu seçiblər.
“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 10-cu dəfə qalib olub.
Sorğu 64 mətbu orqanından 68 jurnalistin arasında keçirilib. Qurban Qurbanov 59 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.
“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının lideridir.
Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi dekabrın 14-də keçiriləcək.