Qul qadın Harriet Tabman: Amerikanın cəsarət və azadlıq simvolu

Düzdür, sevdiyi işlə məşğul olub pul qazanmaq imkanı və qul olmayan əri vardı, amma hər an satılmaq və həyatındakı hər şeyi itirmək təhlükəsi də vardı.

Source: meydan.tv


Birinci hissə

Harriet Tabman – ABŞ tarixinin ən görkəmli şəxsiyyətlərindən, cəsarət və azadlıq simvollarından biri, Amerika abolisionist hərəkətanın üzvü. Qul olaraq doğulan, 5 yaşından qul əməyinə cəlb edilən, 12 yaşında ağır zərbədən kəllə-beyin travması alıb ömrünün sonununa kimi dözülməz ağrılardan əziyyət çəkən; 22 yaşında sahibindən qaçıb uzun illər quldarlığa qarşı mübarizə aparan; Cənubla Şimal arasındakı vətəndaş müharibəsində kəşfiyyatçı-casus olan və hərbi ekspedisiyaya rəhbərlik edən ilk qadın.

****

Onun əsl adı Arminta Ross idi. 1822-ci ildə Merilenddə, Ben Ross və Hariiet Qrinin 9 uşağından biri olaraq dünyaya gəlmişdi. Ana nənəsini bir qul alverçisinin Afrikadan gətirdiyi bilinsə də, atasının nəsli barədə hər hansı məlumat yoxdur.

Anası Edvard Brodessin plantasiyasındakı “Böyük ev”in aşbazı, atası isə dülgəriydi. O, bəzən qızını da özüylə meşəyə aparır, orda ona təbiət haqqında bildiklərini öyrədirdi: ağacaların üstündəki mamıra görə istiqaməti necə müəyənləşdirmək olar, Qütb ulduzunu necə tapmaq olar və s. Sonralar – Şimala qaçdığı günlərdə bu biliklər Mintinin (evdə ona belə deyirdilər) çox köməyinə gələcəkdi.

Ailə kiçik və pəncərəsiz taxta daxmada yaşayırdı. Özü də azyaşlı olan Minti həmişə işdə olan anasını əvəz edərək kiçik bacı-qardaşlarına qulluq edirdi. O illərin ən acı xatirələrindən biri üç bacısının başqa bir quldara satılması olmuşdu – sürüyərək evdən çıxarılan qızların gözlərindəki dəhşət ifadəsini Minti heç vaxt unuda bilməyəcəkdi.

Oğlunun da satılacağı xəbərini eşidən anası onu bir ay gözdən uzaq tutmuş və Brodess, nəhayət, uşağın dalınca gələndə ona “Evimə girənin başını partladaram” demişdi. Bu sözdən sonra Brodessin çıxıb getməsi də Mintinin yaddaşında dərin iz buraxan hadisələrdən bir olmuş, gələcək həyatıyla bağlı onda ümid və qərarlılıq yaratmışdı.

****

Mintinin 5 yaşı olanda miss Syüzana icarəyə verilir. Orda Minti bu qadının körpə uşağına baxmalı, nənnisinin yanında keşik çəkib onu ağlamağa qoymamalıydı. Bu, təbii ki, mümkünsüz bir işiydi və hər dəfə uşağın səsi çıxanda miss Syüzan Mintini kötəkləyirdi. Sonralar Minti xatırlayacaqdı ki, bir dəfə buna görə onu təkcə səhər yeməyinə qədər beş dəfə döymüşdülər.

Bir müddət sonra qızcığaz bu ağır iş rejiminə dözməyib xəstələnir. Onu anasının yanına qaytarırlar.

Sağalandan sonra Mintini işləmək üçün müxtəlif ferma və plantasiyalara göndərirlər. O, gah kətan çubuğu qırır (Bu, hətta böyüklər üçün də ağır iş sayılırdı), gah da çaydakı tələlərə düşmüş ondatraları toplayıb gətirirdi. Ailəsi üçün çox darıxdığını isə heç kimə deyə bilmirdi.

Bir dəfə işləməyə getdiyi yerlərin birində o, ev sahibiylə xanımı arasında mübahisə yaranmasından istifadə edib heç vaxt yemədiyi qəndin dadına baxmaq qərarına gəlir. Amma əlini qaba uzadan an qadın çevrilib ona baxır və indicə möhkəm döyüləcəyini bilən qızcığaz özünü qapıdan çölə atıb var gücüylə qaçmağa başlayır.

Minti dayanmadan qaçır, hara getdiyini heç özü də bilmirdi. Nəhayət, yorulub əldən düşür və rastına çıxan bir donuz damına girib orda gizlənir. Bir neçə gün çıxmağa cəsarət etmədiyi bu damda Minti donuzlara atılan yemək artıqlarından götürə bilmək üçün onlarla “vuruşmalı” olur. Sonra döyülməyi gözə alaraq çox acmış və yorulmuş halda evə qayıtmalı olur.

Başqa bir yerdə Minti qızılca xəstəliyinə tutulur. Onu yenə müalicə üçün anasının yanına qaytarırlar. Qızcığaz ancaq bir neçə həftəyə özünə gələ bilir, amma evdə olduğu üçün özünü xoşbəxt hiss edir.

12 yaşına çatanda Mintini ot çalmağa, meşə qırmağa göndərirlər. Bunlar çox ağır işlər olsa da, o, ev sahiblərinin fasiləsiz nəzarətindən xilas olduğuna sevinir.

Barrett soyadlı bir quldarın plantasiyasında işlədiyi günlərdə onu ərzaq mağazasına göndərirlər, həmin mağazada Minti sahibindən qaçmış bir qızla rastlaşır. Tezliklə nəzarətçi də gəlib çıxır və Mintidən tələb edir ki, qızı tutmağa ona kömək etsin. Minti razılaşmır, qaçaq qız qapıya doğru yönələndə nəzarətçi əlinə keçən metal bir əşyanı ona sarı tolazlayır, amma həmin əşya qaçaq qıza yox, Mintinin başına dəyir. Bu hadisəni o, sonralar belə xatırlayacaqdı:

“Nəzarətçinin atdığı əşya kəllə sümüyümü qırdı, yaradan qan fışqırdı. Məni yerdən qaldırıb Barrettin evinə aparanların da üstü tamam qan oldu. Evdəkilərsə yaramı görüb huşlarını itirdilər. Orda mənə aid çarpayı yoxuydu, ona görə də məni toxucu dəzgahının oturacağına yerləşdirdilər. İki gün o vəziyyətdə qaldım”.

Mintiyə heç bir tibbi yardım göstərilmir. Bir neçə gün sonra onu yenidən fermaya işə göndərirlər, orda yarası açılır, qan üzünə axır, gözlərinə dolur. Qızın işləyə bilmədiyini görüb Brodessə “Bu qız altı pensə dəymir” yazaraq Mintini geri qaytarırlar. Artıq Brodess də qızı istəmir və onu satmağa adam axtarır.

Tədricən Mintinin yarası sağalır. Amma səhhəti bir də heç vaxt əvvəlki vəziyyətinə qayıtmır, aldığı kəllə-beyin travması ömrünün sonuna kimi ona əziyyət verir. Onda qıcolma və ürəkgetmə halları yaranır. Bəzən ciddi başağrıları olur, bəzən durduğu yerdə yuxuya gedir, bəzən də gözünə parlaq işıqlar görünür, qulağına musiqi səsləri gəlir.

****

Buna baxmayaraq Minti atası və qardaşlarıyla birlikdə mister Stüartın meşə təsərrüfatında çalışmağa başlayır. Boyu cəmi 152 santimetr olan bu balaca qız kişilərlə bərabər ağac kəsir, oduncaq daşıyır. Qazandığı pulun əsas hissəsini sahibinə versə də, əlavə qazancı özündə saxlamaq icazəsindən istifadə edib pul yığır.

22 yaşı olanda Minti Con Tabman adlı qaradərili bir gəncə ərə gedir. Con qul deyildi, amma ozamankı qaydalara görə, bu fakt Mintinin nəinki özünə, hətta doğulacaq uşaqlarına da azadlıq haqqı yaratmırdı, onları da istənilən an kiməsə sata bilərdilər.

Buna görə də Minti ərinə Şimala qaçmağı təklif edir. Con bu ideyanı bəyənmir, onların münasibətində gərginlik yaranır.

Bu, çox riskli məsələydi – Mintini tutsalar, möhkəm cəzalandıra və Cənubun ən əlçatmaz yerlərinə göndərə bilərdilər. Üstəlik, qaça bilsə belə, ailəsindən ayrılıb tamam tək olacağı Şimalda qalmağa və işləməyə yer tapıb-tapmayacağı da sual altındaydı. Bütün bunlar Mintini qorxutsa da, fikrindən daşındırmırdı. O, azad insan olmaq istəyirdi.

Onun atası ancaq 45 yaşı tamam olanda bu statusu qazana bilmişdi. Minti 5 dollar verib tutduğu vəkilin araşdırması sayəsində öyrənmişdi ki, əvvəlki sahibi anasını da bu şərtlə satıbmış və bu qayda onun uşaqlarına da şamil edilməliydi. Amma Broddeslər razılaşmaya əməl etməmişdilər və onlarla vuruşmağa Mintinin gücü yoxuydu.

****

1849-cu ildə Minti eşidir ki, Edvard Broddes onu satmağa hazırlaşır. Bu xəbər qızı o qədər həyəcalandırır ki, onun ölməsi üçün allaha dua edir. Bundan bir az sonra Brodess həqiqətən də ölür və Minti özünü günahkar hiss edərək dərin peşmançılıq hissi keçirir.

Amma tezliklə məlum olur ki, təhlükə sovuşmayıb, indi də Brodessin arvadı qullarının çoxunu satmağı planlaşdırır. Minti Şimaldan çox uzaq ərazilərə satılacağından qorxaraq qəti qərar verir – qaçmalıdır!

Bu qərarı haqda o, sonralar belə deyəcəkdi: “Mənim iki yolum vardı: ya azadlıq, ya da ölüm. Biri olmasa, o biri olacaqdı”.

Mintinin əri yenə qaçmaq təklifinə razılıq vermir. Həm özü qul deyildi, həm Şimalda iş axtarmaq istəmirdi, həm də qaçışın nəticələrindən ehtiyat edirdi. Buna görə də o, arvadını fikrindən daşındırmağa çalışır, deyir ki, qaçsa, onu çuğullayacaq. Amma Minti niyyətindən dönmür.

image2.jpg
Harriet Tabman

Düzdür, sevdiyi işlə məşğul olub pul qazanmaq imkanı və qul olmayan əri vardı, amma hər an satılmaq və həyatındakı hər şeyi itirmək təhlükəsi də vardı. Odur ki, Minti qardaşlarıyla danışır və onlar birlikdə qaçmağa qərar verirlər.

Həmin ilin sentyabr ayında, gecə yarısı yola çıxırlar. Amma yarı yolda qardaşları qorxub geri qayıtmağı təklif edirlər. Minti nə qədər dilə tutsa da xeyri olmur və hamısı evə dönürlər.

Bir neçə gün sonra Minti yenidən getmək qərarına gəlir. Uzun və təhlükəli səfərə bu dəfə o, təkbaşına yollanır – azad olmaq üçün hər cür riski gözə alaraq.

Bir az yemək, bir də özünün toxuduğu bir ədyalla evdən çıxan Minti əriylə sağollaşmır – qorxur ki, Con onu satar.

****

Yolda ona əvvəldən öyrənib-bildiyi adamlar, o cümlədən, kvakerlər (dini-xristian icmasının üzvləri) kömək edirlər. İlk olaraq o, ağdərili bir qadının evində qalır, növbəti dayanacağa qadın onu içində adlar yazılmış bir kağızla yola salır (Minti özü savadsızıydı, oxuya bilmirdi). Bunlar Mintinin qul olduğunu və azadlığa can atdığını ifadə edən kodlaşdırılmış adlarıydı. Minti ədyalını həmin qadına bağışlayaraq növbəti dayanacağa yola düşür.

Bütün yol boyu onun əlamətlərini təsvir edən və yerini bildirənə mükafat boyun olan plakatlar vurulmuşdu. Tutsaydılar, onu ağır cəzalandıracaqdılar. Buna görə də “Yeraltı dəmir yolu”nun bir stansiyasından digərinə Minti müxtəlif qiyafətlərdə keçirdi – gah əlinə kitab götürüb guya onu oxuyurmuş kimi davranır (Plakatlarda onun savadsız olduğu da yazılmışdı), gah da yaşlı qadın kimi geyinirdi. Bəzən kvakerlərin bələdçisi arabada onu müşayət edir, bəzən də özü piyada Qütb ulduzunun “izinə” düşüb gedirdi.

“Yeraltı dəmir yolu” – qulların Şimala qaçışını təmin edən gizli marşrutlar, sığınacaqlar və şəxslər şəbəkəsi. Bu şəbəkəni azad qaradərililər, abolisionistlər, kvakerlər və qaçmış qullar idarə edirdilər. 1850-ci ildə “Qaçmış qullar haqqında” qanun qəbul edildikdən sonra “Yeraltı dəmir yolu”nda dəyişiklilər baş verir. Bu qanuna görə, şimal ştatlarına qaçan qullar tutularaq sahiblərinə geri qaytarılmalıydılar. Artıq belələri üçün yeganə təhlükəsiz yer Kanadaydı və şəbəkə onları artıq ora yerləşdirirdi.

Təxminən 90 mil (145 km) yol gedəndən sonra Minti, nəhayət, Pensilvaniya və Merilend arasındakı Meyson-Dikson sərhədini keçir və azadlığa qovuşur.

Həmin anı Minti sonralar belə təsvir etmişdi:

“Sərhəddi keçdiyimi anlayandan sonra həminki adam olub-olmadığımı görmək üçün əlllərimə baxdım. Hər şeyə qalib gəlmişdim; günəş ağacların və çöllərin arasından keçib gələn qızıl kimiydi və mən özümü göyün yeddinci qatında hiss edirdim”.

Bundan sonra Minti Filadelfiyaya gedir və orda aşbaz işləməyə başlayır. Şimalda ona yeni ad lazımıydı. Anasının şərəfinə o özünü Harriet adlandırır.

Bir müddət sonra Harrietə xəbər gəlir ki, bacısı qızı Kizzini və onun iki azyaşlı uşağını Cənubun ucqar bölgəsinə satmağa hazırlaşırlar. Bacılarının satılması səhnəsini heç cür unuda bilməyən Harriet “Yeraltı dəmir yolu”nun əsas qurucularından olan Uilyam Smitlə əlaqə yaradaraq Kizzi və uşaqlarının xilası planını hazırlamağa başlayır.

Ana səhifəXəbərlərQul qadın Harriet Tabman: Amerikanın cəsarət və azadlıq simvolu