Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyini tənqid etdi: “…düşmən dəyirmanına su tökür”

Qüdrət Həsənquliyev. Foto: “xalqcebhesi.az”

BAXCP sədri nazirliyin qərarını çoxpartiyalı sistemə zidd sayır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyinin partiyanın üzvlərin sayı ilə bağlı siyahısına mənfi qərarını şərh edib.

Q. Həsənquliyev təəssüflənib ki, bu günə qədər hakim partiyadan başqa, heç bir təşkilatın üzvlük siyahısı təsdiqlənməyib.

BAXCP sədri bildirib ki, sivil və qanunun aliliyi qorunan ölkələrdə hər hansı təşkilatda yoxlama aparılırsa, mütləq həmin təşkilatın nümayəndəsinin iştirakı təmin edilir:

“Bundan başqa, bu günə qədər hakim partiyadan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası və siyasi alternativsizlik görüntüsü yaradır, düşmən dəyirmanına su tökür. Bu, həm də parlamentdaxili və parlamentdən kənar partiyaların bərabərləşdirilməsi təsəvvürü yaradır. Həm də öncəki seçkilərin və seçkilərlə formalaşdırılan dövlət orqanlarının legitimliyi üzərinə də kölgə salır”.

Deputat hesab edir ki, Ədliyyə Nazirliyinin bu qərarı siyasi islahatların zəruriliyini nümayiş etdirir:

“Mövcud vəziyyət bizimlə yanaşı, dövləti təmsil edən, dövlətin imici və gələcəyi barədə məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir”.

O, Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanların araşdırılacağını bildirib:

Əgər həqiqəti əks etdirirsə, tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə aradan qaldırılacaq”.

“Mövcud vəziyyət bizimlə yanaşı, dövləti təmsil edən, dövlətin imici və gələcəyi barədə məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir”.

Qüdrət Həsənquliyev

Neçə partiya müraciət edib?

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Ədliyyə Nazirliyi indiyə qədər AXCP, Müsavat, REAL, Ümid, AMİP, AĞ, Ədalət, VHP, MCP və s. partiyalara mənfi cavab verib.

Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Ana səhifəSiyasətQüdrət Həsənquliyev Ədliyyə Nazirliyini tənqid etdi: “…düşmən dəyirmanına su tökür”