Qubad İbadoğlu ilə bağlı ilkin istintaq dövrü üçün həbs qərarı verildi (yenilənib)

Qubad İbadoğlu: Foto: Meydan TV

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu haqqında həbs qərarı verildi. Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov qərar çıxarıb.

Məhkəmədə Qubad İbadoğlu da, onun vəkili Zibeydə Sadıqova da həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun təqdimatına etiraz edib.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyib.

Vəkil də ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlunu həbsdə saxlamadan da istintaq aparıla bilər.

Lakin hakim qısa müşavirədən sonra təqdimatın təmin olunduğunu açıqlayıb.

Vəkil Nərimanov rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.


ADR sədri hazırda məhkəməyə aparılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 24-də günorta saatlarında təqsirləndirilən şəxs qismində dindirilib. Bu zaman şübhəli şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə verilən ittiham da ağırlaşdırılıb. Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İstintaq dövründə onun həbsdə saxlanması üçün məhkəməyə təqdimat verilib.

Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Təqdimatda Qubad İbadoğlu barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi istənilib.

ADR sədri hazırda məhkəməyə aparılıb.

Cinayət Məcəlləsinin 204.3.1 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qubad İbadoğlu özünü təqsirli bilmir, ittihamı rədd edir. O, birbaşa Prezident İlham Əliyevin sifarişiylə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətQubad İbadoğlu ilə bağlı ilkin istintaq dövrü üçün həbs qərarı verildi (yenilənib)