Qoyun dilində sərhəd yoxdur

Nəticədə onlar bizim qarşımızda hesabat vermirlər. Hesabat verməyəndə də nə istəyirlər, onu edirlər.

Source: Meydan TV


Bəs biz niyə bu qədər ziyanlı sistemdə yaşayırıq?

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Gürcüstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədində silahlı insident baş verib. Dekabr 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey¬rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid¬məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib . Sərhəd naryadı həyatına təhlükə yaran¬ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib. Çoban da yaralanıb.

İbrətamiz hadisədir. Təbiətdə sərhəd yoxdur. Sən qoyuna, itə, eləcə də öz təsərrüfatı ilə məşğul olan çobana, köçəriyə, heyvandara deyə bilməzsən ki, burada dövlət sərhədi deyə bir şey keçir, qışlağa getməyin. Çobanın insan olmasından sui-istifadə edib, onu məsuliyyətə cəlb edərlər, amma qoyun dilində, it dilində "dövlət sərhədi", "cinayət" kimi sözlər yoxdur. Onların dilində "ot" var, "dağ", "dərə", "çay", "göl" var, "sürü", "qorumaq", "yoldaşlıq", "qorxu", müdafiə" var. Bizim dilimiz də kasıb dildir, ingilis dilində, yapon dilində, ərəb dilində elə sözlər var ki, bizim dilə tərcümə eləmək olmur, 1 səhifə yazırsan ki, Azərbaycan türkcəsində düşünən adam başa düşsün o anlayışı. Qoyun dili, it dili isə daha kasaddır, yazını da başa düşmürlər.

Çıxış yolu bilirsiniz, nədədir? – Demokratiyada. Gürcüstanla Azərbaycan çoxdan Pribaltika kimi sərhədsiz dövlətlər olmalı idilər. Ermənistan da bu ittifaqda olmalı idi – sadəcə o problem daha dərindir. Amma Gürcüstanla bizi belə olmağa qoymayan nədir? Bizə Gürcüstandan yaxın dövlət yoxdur. Niyə ora gedəndə zülm çəkməliyik? Niyə 2 dəfə yoxlanışa məruz qalmalıyıq? Niyə sadəcə şəxsiyyət vəsiqəsi ilə gedə bilmirik ora? 30 ilə yaxındır müstəqil olan bu 2 dövlət aralarındakı bu problemi həll edə bilmirlər.

Bir müddət əvvəl Keşikçidağ (David Qareci) monastrında da eyni hal yaşandı. İnsanların vicdan azadlığını ifadə etməsi, ibadət etməsi təbii şeydir. Təbii hisslərini ifadə etmək istəyən insanlar sərhədlərə görə, Gürcüstan

Prezidentinin populist ehtiyatsızlığı daxil olmaqla, idarəedicilərin səhvlərinə görə əziyyət çəkirlər.

Yəqin, fikir vermisiniz, Gürcüstana gedib-gələndə sərhədin Gürcüstan tərəfini keçmək tez, asan olur, ciddi yoxlama olmur. Amma Azərbaycan sərhədini keçmək, xüsusən, ölkəyə girmək zülmdür. Ölkəyə gətirilən mallar tək-tək yoxlanılır, iki ədəddən çox eyni mal olanda dərhal müsadirə edilir, sərhədçilər, gömrükçülər camaatın üstünə qışqırışırlar, kütləni ora-bura itələyirlər. Səbəb – monopoliya. Ölkədə bir qrup banditin daha çox qazanmaq ehtirasına görə rəqabət faktiki olaraq, qadağan edilib (sonra da buna kapitalizm deyirlər. Kapitalizmin k-sı qadağandır ölkədə).

Bəs biz niyə bu qədər ziyanlı sistemdə yaşayırıq? Çünki hakimiyyəti dəyişə bilmirik. Nəticədə onlar bizim qarşımızda hesabat vermirlər. Hesabat verməyəndə də nə istəyirlər, onu edirlər. Bu yaxında Gürcüstan nömrəsi ilə maşın sürüb, “rastamojka” deyilən ağır rüsumu ödəməmək üçün 3 aydan bir Gürcüstana gedib-gələn binəva camaatın bu üsulu da əlindən alındı. Gürcüstan nömrəsi ilə maşını ölkədə saxlamaq müddəti məhdudlaşdırıldı və ildə cəmi 90 günə endirildi (əvvəl 90 gündən bir sərhədi keçməklə nə qədər istəyirsən, saxlamaq olardı). Səbəb – yenə də bir qrup adamın monopoliyanı cidd-cəhdlə saxlamaq istəyi, daha çox pul qazanmaq istəyi.

Əmin olun ki, Gürcüstanla Azərbaycan arasında sərhəd nəzarətinin məqsədi narko-traffikə nəzarət deyil. O traffikin 50-100 qram həddində olan şəxsi “tranşlar”ı ciddi məsələ deyil. Tonlarla olan ciddi tranşların qarşısını almaq isə gömrüyün, sərhədin işi deyil, çünki bu alver dövlət səviyyəsində dəstəklənir. Bu sərhəd nəzarətinin məqsədi Azərbaycan iqtisadiyyatını, yerli istehsalı qorumaq da deyil. Avropa ölkələri çoxdan sübut ediblər ki, sərhədləri açıq qoymaqla fərqli iqtisadi rejimlər tətbiq etmək, ölkədə olan malları nəzarətdə saxlamaq olur. Bunun yolu da sadədir.

Amma sərhədlər açılsa, monopoliya qoruna bilməyəcək. Bu, artıq sadə olmayacaq. Monopoliya, diktatura, seçki saxtakarlığı, korrupsiya üçün bağlı sərhədlər, qapalı rejimlər lazımdır. Gürcüstanla bağlı sərhəd əslində ideyaların qarşısını almaq üçündür. Düzdür, ideyalar sərhədləri aşır, ən azı internetlə yayılır, amma bizim gerizəkalı hökumətimiz hələ də fiziki yollarla ideya ilə döyüşür. Ayın 6-sı sərhədi keçmək istəyən qoyunlar yolundakı süni maneələri nəzərə almadan sakitcə hərəkət edən ideyalar, sərhədçilərə hücum edən itlər isə bu ideyaların passionar qoruyucuları idilər. Bizim hökumət qoruyucu aktivistləri öldürdü, ideyaları geri qaytardı. Amma hamıya gün kimi aydındır ki, vaxtı çatmış ideyanın qarşısını heç nə ala bilməz. Bir gün biz Şəkiyə, Qazağa getdiyimiz kimi Tiflisə, Batumiyə də heç bir yoxlanış olmadan gedəcəyik. Keçikçidağda köhnə sərhədlərin üstündə oturub, çaxır içəcəyik, bugünkü biabırçılıqları təbəssümlə yad edəcəyik.

Ana səhifəXəbərlərQoyun dilində sərhəd yoxdur