“Qızılımı, malımı oğurlayanlar azadlıqda gəzir”

Cəvahir Əhmədovanın sözlərinə görə, istintaqa şübhələndiyi adamlarla bağlı bildirib

Source: Meydan TV


1 kiloqramdan çox qızılının, xeyli pulunun və əşyalarının oğurlandığını iddia edən Yasamal sakini istintaqdan narazıdır

“Polis idarəsində dedi, bibi, narahat olma, heç nə satmamışam, hamısı məndədir, özünə qaytaracam. Ancaq polislər ona nə dedilər, nə öyrətdilərsə, sonradan sözünü dəyişdi, dedi, oğurladığı qızılları Ramin adlı dostuna verib. İndi də guya polis həmin adamı axtarır, tapa bilmir”.

Yasamal sakini Cəvahir Əhmədova Meydan TV-yə danışır ki, yaşadığı mənzil iki dəfə qarət olunub. Hər dəfəsində də xeyli qır-qızılı, pulu, bahalı əşyaları oğurlanıb. Ancaq polis oğruların dalınca düşməkdə maraqlı deyil.


“Evim iki dəfə qarət olundu”

“Birinci oğurluq avqustun 12-də baş verib. Həmin gün axşamtərəfi mağazadan qayıdanda ev əşyalarının dağınıq olduğunu gördüm və zəng vurub oğlumu çağırdım. Məlum oldu ki, evimdən 1 kiloqram qızıl əşyalarım, 17 min ABŞ dolları, 370 ədəd 100 manatlıq, 56 ədəd 200 manatlıq, 800 manat pensiya pulum, 6 ədəd təzə mobil telefon, 800 manat dəyəri olan planşet, oğlumun 1700 manat dəyərində qol saatı oğurlanıb. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurub məlumat verdik. Polislər gəldi, əl izləri götürüb getdilər. Bir həftə keçdi, polisdən xəbər çıxmadı, ancaq oğrulardan səs çıxdı, avqustun 19-da evimə ikinci dəfə girdilər. Bu dəfə 500 manat dəyərində olan mobil telefon, öz istifadəmdə olan başqa mobil telefon, bir ədəd kişi qol saatı, 1500 manat pul və üç ədəd qızıl üzük oğurlandı. Biz yenə də Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat verdik. Yenə gəlib, əl izləri götürüb getdilər. Evimin ikinci dəfə oğurlanmasının səbəbi polisin hərəkətsiz olması idi. Oğru görsəydi polis evimə gəlib-gedir, vəziyyətlə maraqlanır, araşdırır, oğrunu axtarır, belə arxayınlaşıb ikinci dəfə evimə girməzdi”, – Cəvahir Əhmədova deyir.


“Polis oğruları tutmaqda maraqlı deyil”

Cəvahir Əhmədovanın sözlərinə görə, istintaqa şübhələndiyi adamlarla bağlı bildirib:

“Həmin adamlardan biri mənim qonşum, digəri isə həmin qonşumun Hacıqabulda yaşayan və tez-tez məhəlləmizə gələn xalası oğludur. Hər ikisi narkotik istifadəçisidir. İkinci dəfə evim qarət olunandan 3 gün sonra qonşum Rahimi polisə apardılar, oğurluğu etiraf etdi. Dedi, bibi, narahat olma, heç nə satmamışam, hamısı məndədir, özünə qaytaracam. Ancaq polislər ona nə dedilər, nə öyrətdilərsə, sonradan sözünü dəyişdi, dedi, oğurladığı qızılları Ramin adlı dostuna verib. Ramin adlı həmin adamsa Xırdalanda yaşayır. O gün – bu gün, guya polis onu axtarır və tapa bilmir. Müstəntiq gah deyir, Ramin ölüb, gah deyir, oğurlanan əşyalar heç vaxt geri qayıtmır. Mənə də maraqlıdır, hələ istintaq getdiyi bir vaxtda müstəntiqdə əşyalarımın özümə qaytarılmayacağıyla bağlı bu arxayınçılıq hardandır? Bir az da danışanda, deyir, get, hara istəyirsən, şikayət elə…”


Vətəndaş nazirdən kömək istəyir

Cəvahir Əhmədova Daxili işlər nazirindən işi nəzarətə götürməsini istəyir:

“İstədiyim odur ki, iş Yasamal Rayon Polis İdarəsindən alınsın, Daxili İşlər Nazirliyinə verilsin. Nazir işi nəzarətdə saxlasın. Yoxsa o ərazidə hələ çox adamın evini qarət gözləyir, çünki polis hərəkət etmir, axtarmır, araşdırmır, oğru da bundan arxayınlaşır. Vətəndaşda haqlı olaraq şübhə yaranır ki, axı polisin nə marağı var ki, oğrunu niyə tapmaq istəmir? O qızıllar, pullar mənə dünyasını dəyişmiş həyat yoldaşımdan qalmışdı. Oğlum da, özüm də əlilik, yoldaşımdan qalan qızılları satıb, pula çevirib dolanırdıq”.

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, Cəvahir Əhmədovanın evində baş vermiş oğurlaq faktıyla bağlı Yasamal rayon sakini Rahim Mikayılov Cinayət Məcəlləsinin 178-ci (oğurluq) maddəsiylə şübhəli şəxs qismində həbs edilib, iş üzrə Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq davam edir. Cəvahir Əhmədovanın istintaqa bildirdiyi bütün şübhələri araşdırılır.

Ana səhifəSosial“Qızılımı, malımı oğurlayanlar azadlıqda gəzir”