Qiyas İbrahimovun da saxlanıldığı bildirilir (yenilənib)

Foto: Meydan TV

Qiyas İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub.

Məlumatı Meydan TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.

Bildirilib ki, məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.


Şura Əmiraslanova fəalın məhkəməyə aparıldığını deyib

İyunun 22-də siyasi fəal Qiyas İbrahimov saxlanılıb.

Onu sahə müvəkkilinin iştirakı ilə evindən aparıblar.

Bu barədə Qiyas İbrahimovun anası Şura Əmiraslanova Meydan TV-yə danışıb.

Şura Əmiraslanova deyib ki, oğlunu Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr haqda yazdığı statusa görə aparıblar:

“Sahə müvəkkili tək deyildi, Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin 6-7 əməkdaşı gəlmişdi. Əvvəl paylaşdığı statusu silməyi tələb etdilər, Qiyas da razılaşmadı. Telefonun axtardılar, tapmadılar, mən də axtardım, amma tapmadıq. Gördülər tapılmır, qollarını qandallayıb apardılar bölməyə”.

Əmiraslanova Qiyas İbrahimovun hazırda məhkəməyə aparıldığını deyir:

Mən də bölməyə getdim. Qiyası oradan da məhkəməyə apardılar”.

Q.İbrahimov Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə davranışına çox kəskin münasibətini paylaşıb.

İyunun 21-də axşam saatlarında NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasov da saxlanılıb.

Sumqayıt Şəhər Məhkəməsi iyunun 22-də fəalı 20 sutka azadlıqdan məhrum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti E.Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulasa da, nidaçılar onun “Facebook”da Gədəbəyin Söyüdlü kəndindəki etiraza göstərdiyi sərt reaksiyaya görə polisi kəskin tənqid etdiyi üçün saxlanıldığını deyirlər.

Gədəbəydə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.

Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.

Ana səhifəSiyasətQiyas İbrahimovun da saxlanıldığı bildirilir (yenilənib)