Qəzet və tuman

Mən Azərbaycandanam. Azərbaycan – NEFT

Source:


Bir aya yaxındır ki, ölkənin az-çox oxunan, az-çox həqiqətə yaxın şeylər yazan iki qəzetinin nəşrində problemlər var. Ölkə mətbuatının azadlıq nəfəsliyi hesab olunan iki qəzet – «Azadlıq» və «Yeni Müsavat». Biri nəşrini dayandırdı, biri krizis yaşayır. Aylardır qəzetlərin satışına məhdudiyyət qoyulub. Qeyri-rəsmi olaraq, bu qəzetlərin satışı qadağandır. Qəzetlər öz nəşrlərini davam etdirmək üçün xeyriyyə marafonu keçirməyində, ianə toplamağında, bir sözlə Həsən bəy Zərdabinin vaxtına qayıtmağında olsun, biz keçək başqa təsirli bir məqama…

Deməli, ölkədə kitab-qəzet dükanları, köşkləri bolluğu varmış kimi, bu yaxınlarda metrolardan da kitab-qəzet piştaxtalarını yığışdırdılar. Təccüblü deyil, hakim qüvvələr, kitaba, qəzetə qarşı gizli müharibə elan eləyiblər. Bir yandan şouya, yarıçılpaq müğənnilərə, məişət qalmaqallarına yatırım edirlər, bir tərəfdən də bu əxlaqsızlıqla mübarizə aparmağa çalışan beş-on kitabı, bir-iki qəzeti didərgin salmağa çalışırlar.

Bu günlərdə sosial şəbəkələrdə bir şəkil paylaşıldı. Metrolarda yığışdırılan kitab, jurnal, qəzet piştaxtalarının yerini alt paltarları düzülmüş piştaxta tutmuşdu. Bu şəkil əslində çox simvolikdir. Bu şəkil ölkəni idarə edənlərin kitabı, qəzeti, elmi, təhsili nə ilə əvəz etmək istəməyinin bir göstəricisidi. Əlbəttə, əgər sən efirə yazıçıdan çox müğənni çıxarırsansa, ədəbiyyat yox meyxana verilişi eləyirsənsə, müğənniləri bahalı maşınlara mindirib, alimi ac qoyursansa, deməli qəzetin, kitabın da yerini nə vaxtsa «tursik» almalı idi.

Qəzet-kitabın yerinə məhz alt paltarlarının satılması isə əminəm ki, təsadüfi deyil. Burada alt paltarı kitaba alternativ kimi, məqsədyönlü şəkildə seçilib. Kitabın tumanla əvəzlənməsi illərdir həm savadsızlığa, təhsilsizliyə, cəhalətə edilən yatırımın, həm də azərbaycan insanının öz kitabına, qəzetinə, yazıçısına, jurnalistinə göstərdiyi qurşaqdan aşağı vecsizliyin göstəricisi idi. Kitabın, qəzetlərin tursiklə əvəzlənməyi bu ölkədə savad və təhsilin insanlarımızın «harasınacan» olduğunun göstəricisidir.

Qəzet piştaxtalırının üstündəki tumanlar «sizin kitabınız, qəzetləriniz bizim adının çəkilməsini istəmədiyimiz, amma uyğun geyimini piştaxtalara düzdüyümüz yerimizədi»  mesajı idi.

Bəli, ölkədə qəzetlər bağlanır, jurnalist işsiz qalır, yazıçı məhrumiyyətlər içində yaşayır, amma insanlar şadlıq evlərində pul tökür, bahalı maşınlarda gəzir, qadınların zinət əşyaları göz qamaşdırır, gözəllik salonları, restoranlar dolub-daşır. Ciddi maarifçilik ənənələri, ziyalısına sahib çıxma vərdişi olmayan, bəsit toplumlar isə söz azadlığını, təhsili, elmi rifaha, çörəyə rahat dəyişə bilən toplumlardı. Yəni bizimki kimi.

Amma unutmaq olmaz ki, kitabı alt paltarı ilə əvəz edən, ya da əvəz olunmasına göz yuman xalq başqa xalqların yanında gözükölgəli olacaq. Mədəniyyətləri, yazıçıları, elm adamları ilə öyünən, qürurlanan xalqların yanında biz  həmişə məzlum-məzlum «Mən Azərbaycandanam….Azərbaycan…neft…»  deyə öz ölkəmizi təqdim etməyə çalışacağıq. Koreyalı özünü Kim Ki Dukla, fransız Hüqo, Russo ilə, alman Brextlə, Hesse, Böllə, rus  Pelevinlə, Limonovla, gürcü Strurua ilə, erməni Paracanovla təqdim edəndə biz «Azərbaycan…neft…» deyib, utana-utana bir mədəniyyət, ədəbiyyat nailiyyətimizi yada salmağa, adını çəkməyə çalışacağıq…

Ana səhifəMənim FikrimcəQəzet və tuman