“Qəzalı kimi qeydə alınmış bina ilə 19 ildir maraqlanmırlar”

Hər an bədbəxt hadisə ola bilər.

Source: Specify Source


Sakinlər problemləri ilə bağlı 5 quruma müraciət ediblər

“Binamız qəzalı vəziyyətdədir. Bu gün-sabah uçacaq. İçində böyük çatlar var, bir çox mənzilin tavanı çöküb. Bir sözlə, yaşanmaz durumdadır”.

Nizami rayonu Nəsimi küçəsindəki 25 nömrəli binanın sakinləri belə deyirlər. Onlar Meydan TV-yə yazaraq binalarının son bir neçə ildə daha da pis duruma düşdüyünü söyləyiblər:

“Əslində 2000-ci ildə Bakıda baş verən güclü zəlzələ zamanı sarsılmışdı. O vaxtdan çatlar əmələ gəlmişdi, problemlər var idi. 19 il ərzində isə daha da qəzalı duruma düşüb. Burada yaşayan ailələrin ev alacaq qədər böyük imkanları yoxdur. Həm də adətən zəlzələdən zərər görmüş evlərə dövlət dəstək verir. Bizə də kömək etmələrini istəyirik”, – sakinlərdən Turanə Abbaslı belə deyir. Əlavə edir ki, bu binada yaşamaq artıq təhlükəlidir. Hər an bədbəxt hadisə ola bilər.

“Özü də 2000-ci ildə binada çatlar əmələ gələndə biz müraciət etmişdik. İcra Hakimiyyətindən, nazirlikdən nümayəndələr gəlib baxmışdılar. Onlar da təsdiqləmişdilər ki, bina həqiqətən də qəzalı durumdadır. Ancaq ondan sonra bir səs çıxmadı. Qəzalı bina kimi qeydə alınmış bir yerlə 19 il maraqlanmamaq nə deməkdir?” –daha bir sakin Nərgiz Abbasova deyir.

20191022_080221.jpg
Nizami rayonu Nəsimi küçəsindəki 25 nömrəli bina

Sakinlərin sözlərinə görə, bina qəzalı duruma düşəndən müraciət etmədikləri yer qalmayıb. Hətta sakinlərdən imza toplanılıb və 5 ünvana məktub göndərilib. Prezident İlham Əliyeva, onun xanımı Mehriban Əliyevaya, Nizami Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə (FHN) və Nazirlər Kabinetinə. Yəni binanın qəzalı, vəziyyətin təhlükəli olduğunu bilməyən yoxdur:

“Müraciətlərdən sonra bir də binaya baxış keçirdilər. Bir xeyli adam gəldi. Binanın sakinləri ilə görüşdülər. Bütün mənzillərə tək-tək baxdılar. Hətta Layihə və Bərpa İnstitutundan və FHN-dən də nümayəndələr gəlmişdi. Onlar da baxışda iştirak etmişdilər. Hamısı binanın qəzalı olduğunu təsdiqlədi. Ancaq sonradan bizim problemə səthi yanaşıldı. 19 ildən artıq bir müddətdir ki, təhlükəli, qəzalı bir şəraitdə yaşayırıq”.

Sakinlər deyirlər ki, hətta bərpa institutundan gələn nümayəndələr sonradan bir də fəhlələrlə birgə gəlib, binanın birinci mərtəbəsində yeri qazaraq bünovrəyə qədər baxıblar. Qəzalı olduğunu öz gözləri ilə görüblər:

20191022_080042.jpg
“Müraciətlərdən sonra bir də binaya baxış keçirdilər”

“Binanın dörd bir tərəfini qazdılar. Baxış keçirdilər. Ancaq müəyyən vaxtdan sonra qazıntı işləri dayandırıldı. Qazılan yerlərin üzəri taxta ilə örtüldü. Biz niyə belə etdiklərini soruşanda bildirdilər ki, FHN-dən gəlib bina haqqında son qərar bildiriləcək. Bunun da üzərindən 3-4 ay keçib. Bu günə kimi heç bir nümayəndə qərar bildirmək üçün gəlməyib”.

Sakinlər deyirlər ki, ən son müraciətlərində onlara binanın təmir ediləcəyini söyləyiblər. Turanə Abbasova deyir ki, anlaya bilmir, tam qəzalı vəziyyətdə olan, tökülən binanı necə təmir edəcəklər:

“Bünövrəsi zədələnmiş, hər yeri çat-çat olmuş binadır. Bunun nəyini təmir edəcəklər, bilmirəm”.

Nizami Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti qeydiyyata alınıb. Araşdırılacağını söyləyiblər:

20191022_080031 (1).jpg
Sakinlər deyirlər ki, ən son müraciətlərində onlara binanın təmir ediləcəyini söyləyiblər

“Nizamidə söküntü, yenidənqurma işləri davam edir. Bu işlər çərçivəzində çox güman ki, həmin binanın da işi həll ediləcək. Əgər qəzalı bina kimi qeydiyyatdadırsa, müraciət ediblərsə, gəlib binanın ətrafını qazıblarsa, deməli, iş başlayıb. Sona çatdırılacaq. Biz hər ehtimala şikayəti bir daha qeydiyyata aldıq. Bir də gedib baxış keçirəcəyik”.

Fövqəladə Hallar Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Ancaq nazirlik bina sakinlərinin son məktubuna cavab olaraq bildirib ki, binanın fasadının bərpası planlaşdırılır.

Sakinlər isə bu məktuba cavab kimi bildirirlər ki, onların binasısının problemi fasadında deyil, bünövrəsindədir:

“Gözlərimizin önündə bina həm içəridən, həm də xaricdən hissə-hissə qırılıb tökülür”.

20191022_080048.jpg
Nizami Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti qeydiyyata alınıb
Ana səhifəSosial“Qəzalı kimi qeydə alınmış bina ilə 19 ildir maraqlanmırlar”