Qəzalı binanın sakinləri: Tavan başımıza uçur

Yusif Qasımov küçəsindəki 150 yaşlı bina heç vaxt əsaslı təmir olunmayıb

Source: Meydan tv


Yusuf Qasımov küçəsindəki 150 yaşlı bina heç vaxt əsaslı təmir olunmayıb

“İlin əvvəli gəlib sənədləri topladılar, dedilər, gözünüz aydın, Nazirlər Kabineti sizin də binanın sökülməsi ilə bağlı qərar çıxarıb. May ayında köçürüləcəksiz. Avqust yarı olub, hələ xəbər yoxdur. Bilmirik nəyi gözləyirlər – daş-kəsəyin altında qalmağımızı, yoxsa evlərimizdən könüllü imtina edib, çıxıb getməyimizi…”

Bakının Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsindəki 39 nömrəli, ikimərtəbli ev qəzalı vəziyyətdədir. 150 il əvvəl inşa edilmiş bu evdə 8 ailə yaşayır. İllərdir ki, bu ailələr ya binanın təmir-bərpa olunmasını, ya da başqa yaşayış yeri ilə təmin olunmasını arzulayır və buna görə aidiyyəti qurumlara müraciətlər edir.



Tavanlarımız başımıza uçur”

Bina sakini Ofelya Məmmədova deyir, bu yazışmaların nəticəsi də yalnız ondan ibarətdir ki, indiyədək binaya dəfələrlə baxış keçirilib, qəzalı olması bildirilib:

“Divarlarda dərin çatlar var, döşəmələr adamın ayağının altından qaçır, binanın dam örtüyü dağılıb, tavanlarımız başımıza uçur. Yağış yağanda, külək əsəndə aparıb uşaqları qohum evlərində qoyuruq ki, bir hadisə baş versə, daş-kəsəyin altında qalmasınlar”.

Binanın digər sakini İmran Rzayev də narahatdır. Deyir, Bakıda bəlkə də bu binadan çox heç bir binaya baxış keçirilməyib. Gəlib baxan rəsmi qurumların nümayəndələri özləri də sakinlərə ehtiyatlı olmağı, uşaqları qorumağı, evdə tək buraxmamağı tapşırırlar.



Deyir, Allahın işidir, dağılar, qalarsız altında”

İmran Rzayev:

“Deyirlər, diqqətli olun, Allahın işini bilmək olmaz, tavandır da, uçar, uşaqlar qalar altında. Deyirəm, hər şeyi niyə aparıb Allaha yükləyirsiz, bu bəlanın qabağını almaq sizin əlinizdədir, ölməyimizi istəmirsizsə, ya başqa yerə köçürün, ya kompensasiya verin, gedək başımıza çarə edək, ya da bizi müvəqqəti kirayəyə göndərin, sökün, yerində yenisini tikin, qaytarın bizi bura… Hər şey sizin əlinizdədir, üstəlik bunun üçün pul ad ayrılıb”.

"Deyirlər, binadan nə vaxtsa köçürülmə olacaq, ancaq həmin gün nə vaxt yetişəcək, onu dəqiq deyən yoxdur. İş orasındadır ki, bu evlərdə onsuz da canımızı dişimizə tutub yaşayırıq, hər gün dağıntı altında qalacağı anı həyəcanla gözləyən sakinlərdən üstəlik kommunal xərclər də tələb olunur. Nə qədər həyasız, abırsız olasan ki, vətəndaşın bu vəziyyətdə yaşaya, sən də gəlib pul tələb edəsən,”- şikayətçi deyir.


FHN tez-tez ailələri xəbərdarlıq edir

Binadakı kommunal xətlər də çoxdan sıradan çıxıb. İşıq kabelləri çürük-çürükdür. Əsasən də qışda elektrik cihazlarından istifadə edərkən tez-tez qısaqapanmalar baş verir, ailələr yanğın təhlükəsiylə üz-üzə qalır. Fövqəladə Hallar Nazirliyinin qış aylarında bu ünvana gələn nümayəndələri sakinlərə kabellərin yüklənməməsi üçün elektrik cihazlarından az istifadə etmələrini tapşırırlar.

Bu ünvanda yaşayanlardan kommunal xərcləri tələb edənsə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Birlikdən bildirilib ki, kommunal xidmətə görə ödənişlərin tələbi qanunidir: "O bina qəzalı tikililərin siyahısındadır. Ancaq orada hələ ki, yaşayış olduğuna və kommunal xidmətlərdən istifadə edildiyinə görə ödəniş də edilməlidir. Növbə çatdıqda təmir-bərpa işləri aparılacaq".

Sabunçu Rayon İcra Hakimiyyətindənsə bildirilib ki, qeyd olunan yaşayış binasının müqəddəratının həll olunmasına sayılı günlər qalıb. Tezliklə sakinlər qəzalı tikilidən müvəqqəti köçürüləcək, yerində bina tikiləcək.

Ev
Ev
Ev
Ev
Ev
Ev
Ev
Ev
Ana səhifəXəbərlərQəzalı binanın sakinləri: Tavan başımıza uçur