Mənbə: Meydan TV

Qəzalı bina sakini: 30 min kompensasiya "palatka" puludur

Qəzalı bina sakini: 30 min kompensasiya "palatka" puludur

Bu sakinlər hər gün söküntünü görə-görə yaşamağa davam edirlər. Binəqədi rayonu Koroğlu Rəhimov küçəsindəki binanın sakinləri köçürülür. Onlara 30 min manatlıq kompensasiya təklif olunub. Burada yaşayan 50-yə yaxın ailə isə kupçalı evlərindən çıxıb, 30 min manata küçədə qalacaqlarını deyirlər.

“Bizə deyirlər ki, prezidentin sərəncamıdır, kvadratından asılı olmayaraq hər bir otağa görə ilə 30 min manat kompensasiya ödəniləcək. Ondan artıq ödəyə bilmirik. Bunu da sizə kompensasiya kimi kömək məqsədilə veririk. Yəni ev almaq üçün yox, çünki 30 minə ev düşmür, özləri gözəl bilir”, - bina sakini Ülkər Abılova deyir.

“İnsanların çoxu təzyiqdən, qorxudan və ya imkanları olduğundan buradan köçürülüblər. Çıxanların evləri bu vəziyyətə salınıb. Hər gün burada söküntü, dağıntıdır. Qanunda da var ki, ən sonuncu vətəndaş evdən çıxmayınca, heç bir söküntü aparıla bilməz”, - bina sakini Gülşən Kərimovanın sözləridir.

Bir otaqlı evlərdə, hər mərtəbəyə düşən ümumi mətbəxdən, sanuzerdən istifadə edən ailələrin çoxu keçmiş Bakı Elektrik Ştamp Zavodunun işçiləridir. 30 ildən çoxdur yaşadıqları binadan yeni mənzil verilərək köçürüləcəklərini xəyal edirdilər.

“Dövlət başçısına çatdırsınlar ki, heç olmasa bizi evlə təmin etsinlər. Biz pul istəmirik. 36 ildir burada canımız gedib. İndi də deyirlər ki, 30 min veririk, gedin Hövsanda, Suraxanıda harada alırsan ev al”, - deyə Qamət Məmmədov etiraz edir.

“30 min manata ev yoxdur. Mən buralarda dünyaya gəlmişəm. Məktəbim, tələbəliyim – hər şeyim burada keçib. İndi 30 mindən danışırlar. Bu nədir? Bu, “palatka” puludur.Gör nə günə salıblar buraları. Hər tərəf dağılıb-sökülüb. Qəzalı adı ilə qəzalı vəziyyətə salıblar”, - burada doğulub-böyüyən Gülşən Kərimova deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin avqustda verdiyi məlumatda elə bu bina da daxil olmaqla, paytaxt rayonlarının 6-sının ərazisində kəskin qəzalı 17 bina olduğu deyilir. Burada yaşayan sakinlərə kompensasiyaların ödənilməsi də artıq qərara alınıb. Ard-arda baş verən iki devalvasiyadan sonra 30 min manata necə mənzil almaq olar? Kompensasiya ilə razılaşmayan sakinlər üçün əlavə təkliflər varmı suallarına cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyətilə əlaqə saxlasaq da, dəstəyi açan olmadı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kdjctr

Ən çox baxılan