Qərbin Rusiya və İran neftinə sanksiyaları iki qitədə fərqli nəticələr doğurub

Rusiyaya “neft embarqosu”. Foto: Mykhaylo_Kozelko/shutterstock

Asiyanın neftə ödədiyi vəsait azalıb, Avropanın ödədiyi artıb

Qərbin Rusiya və İran neftinə qarşı sanksiyaları Asiyaya ucuz yanacaq yönləndirib.

Treyderlər, analitiklər və “Refinitiv Eikon”nun (maliyyə məlumatlarını izləmək və təhlil etmək üçün mütəxəssislər üçün proqram toplusu) məlumatlarına görə, Asiya qitəsi hazırda enerjiyə Avropadan daha az pul ödəyir.

“Reuters” yazır ki, bu, onilliklər boyu davam edən tendensiyanın pozulması deməkdir.

İstehlakçı ölkələrin analitikləri və hökumət rəsmiləri bu barədə danışanda “Asiya mükafatı” terminindən istifadə edir.

Asiya üçün Qərbin Moskva neftinə sanksiyası iqtisadi stimula çevrilib və gözlənilməz nəticəsi olub.

Asiyanın neftə ödədiyi vəsait azalıb, Avropanın ödədiyi artıb.

“Saxo Bank”ın əmtəə strategiyasının rəhbəri Ole Hansen deyib ki, Asiyanın bəzi əsas istehlakçıları, xüsusilə də Hindistan və Çin sanksiyaların əsas qalibləridir.

Beləliklə, Qərb sanksiyaları Rusiyanın yanvar ayına qədər Asiyaya iki dəfədən çox xam neft satmasına səbəb olub.

ABŞ-ın sanksiyaları altında olan İran bəzi hesablamalara görə ixracatını son üç ilin ən yüksək səviyyəsinə yüksəldib, Çin isə ən böyük alıcıdır.

Hindistanda gündə 200.000 barel emal edən neft emalı zavodu bir barrel üçün təxminən 15 dollar endirimlə belə, avropalı rəqibi ilə müqayisədə xam neft alışına gündə 3 milyon dollar qənaət edir.

İllik götürəndə qənaət 1 milyard dolları keçəcək.

Hindistanın neft naziri Hardeep Singh Puri fevralın əvvəlində bildirib ki, qiymətlər “yaxşı olmağa davam edərsə”, ölkə Rusiyadan alışa davam edəcək.

Fevral ayına qədərki üç ay ərzində Səudiyyə Ərəbistanı da Asiya alıcıları üçün flaqman olan “Arab Light” üçün qiymətləri azaldıb.

OPEK-in digər böyük ixracatçıları İraq və Küveyt də noyabrdan etibarən Asiyaya satdıqları neft qiymətini azaldıblar.

“İran və Rusiya getdikcə daha çox qiymət rəqabəti aparır. Bütün proseslərin nəticəsində Avropaya satış qiymətləri nisbətən yüksəkdir”, – “Saxo Bank”dan Hansen bildirib.

Keçən ilin fevralında Rusiya Ukrayna ərazilərinə hərbi müdaxiləyə başlayıb. Buna etiraz edən Qərb Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb. Bura Rusiyadan alınan neftin miqdarının azaldılması da daxildir.

Rusiyanın da Qərbə qarşı addımları köhnə qitədə enerji qiymətlərinin artmasına, inflyasiyaya səbəb olub.

Nəticədə ən böyük bazarını itirən Rusiya Asiya qitəsinə üz tutub və bura satdığı neftin qiymətini azaldıb.

Azalmaya səbəb həm də digər sanksiyaya məruz qalmış ölkə İranla bu bazarı bölüşməsidir.

Analitiklər hesab edir ki, Ukraynada müharibənin sonlanması Rusiya xam neftinin axınını bərpa edə bilər.

Müharibə başa çatdıqdan sonra inanıram ki, müəyyən normallıq qayıdacaq və nəhayət, sanksiyalar ləğv edilərək Rusiyaya müştərilər üçün bərabər şərtlərdə rəqabət aparmağa imkan verəcək”, – Hansen bildirib.

Ana səhifəDünyaQərbin Rusiya və İran neftinə sanksiyaları iki qitədə fərqli nəticələr doğurub