Qərb mediası Avropanı “utanmaz avtoritar neft ölkəsi” ilə qaz anlaşmasında qınayır

Rusiya qazı. Foto: Leonid Sorokin/shutterstock

“Avtoritar neft ölkəsi utanmadan COP29-da öz qaz ehtiyatlarını təbliğ etdi”

“Politico” yazır ki, Qərb ölkələri Moskvanın qalıq yanacaqlardan asılılığa son qoymaq üçün Azərbaycanın köməyinə ümid edirlər.

Onlar hətta builki COP29-dakı danışıqlar zamanı bir sıra təbii qaz sazişləri imzalayıblar.

Nəşr qeyd edir ki, Bakının qaz bazarında fəallığını nümayiş etdirən bu əməliyyatlar Rusiyanın xeyrinə ola bilər:

“Moskva Ukraynada hərbi əməliyyata başlayandan bəri Avropa İttifaqı illərdir ki, arxalandığı Rusiya enerjisini əvəz etmək üçün resurslarla zəngin Azərbaycana ümid edir. Bakı isə kömək etməkdən məmnundur. 2022-ci ildə Avropa Komissiyasının sədri Ursula fon der Leyen qaz ixracını genişləndirmək üçün Cənubi Qafqaz ölkəsi ilə anlaşma memorandumu imzalayıb”.

“Bu həftənin sonuna qədər davam edəcək COP29 sammitinin ev sahibi kimi avtoritar neft ölkəsi utanmadan öz qaz ehtiyatlarını təbliğ etdi və bir sıra Avropa ölkələri ilə yeni kommersiya sazişləri imzaladı. Prezident İlham Əliyev hətta konfransın kənarında belə sazişlərdən birinin imzalanması mərasimini keçirdi”, – nəşr belə yazır.

Daha sonra qeyd olunur ki, Azərbaycan Avropaya ixracını artırmaq üçün Rusiyadan öz qalıq yanacaq idxalını kəskin şəkildə artırıb:

“Bəzi tədqiqatçılar ölkənin idxal etdiyi Rusiya yanacağının, sadəcə, bir hissəsinin etiketini dəyişdirə və Avropaya göndərə biləcəyindən şübhələnirlər. Baxmayaraq ki, Azərbaycan daşınmaların yalnız daxili istifadə üçün nəzərdə tutulduğunu israr edir”.

Nəşr əlavə edir ki, istənilən halda Moskva qalib gəlir:

“Ötən həftə Azərbaycanın Energetika Nazirliyi ölkənin Avropaya təbii qaz satışını 8,6% artıraraq, demək olar ki, bir milyard kubmetr yanacaq təşkil etdiyini bildirib. Amma Rusiyadan idxal daha da artıb”.

Ana səhifəSiyasətQərb mediası Avropanı “utanmaz avtoritar neft ölkəsi” ilə qaz anlaşmasında qınayır