“İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir”
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”sunun stenoqramı barədə danışıb.
Baş nazirin müavini bildirib ki, “qara qutu”ların oxunmasında Qazaxıstan, Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertlər iştirak ediblər.
“İnternetə sızdırılmış danışıqları dinlədim – mənə elə gəlir ki, bu, daha çox yerüstü danışıqlar, yerlə danışıqlar idi. Mən orada ekipaj üzvlərinin danışıqlarını eşitmədim. “Qara qutu”da kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqlar var. Buna əsasən başa düşdüm ki, bu, bizim istintaq qrupundan sızma deyil”, – Bozumbayev bildirib.
Baş nazirin müavini əminliklə deyir ki, internetdə dərc olunan stenoqramlar “qara qutu”ların məzmunundan fərqlənir.
“İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir. Dərc olunan materialda böyük fərqlər var. Buna görə də rəsmi mənbələrin məlumatlarını gözləyin. “Qara qutu”lar hazırda istintaq qrupundadır. Təyyarənin qalıqları isə Aktaudakı anqardadır, müvafiq beynəlxalq ekspertlər tərəfindən yoxlanılıb və onlar öz rəylərini verəcəklər. Oxunmuş materiallar məhz aviasiya hadisəsini araşdıran başqa bir qrupdadır: nə baş verib, nə vaxt baş verib, ekipaj özünü necə aparıb, peşəkar və ya qeyri-peşəkar, yerdən hansı əmrlər verilib. Düşünürəm ki, sonradan bu materialların açıqlanması bir çox uydurmaya son qoyacaq”, – Kanat Bozumbayev bildirib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həyatını itirib.
Hadisədən üç gün sonra Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzrxahlıq edib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib.
O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.