Masallının Şərəfə kənidi

Mənbə: Meydan TV

Başlıq: Masallının Şərəfə kənidi

“Qaz xəttini evə qədər çəkib gətirsələr, odunu kimə satar?”

Şərəfənin təzə məhəllələrində qaz tələbi...

“Uşaqlar soyuqdan donur, nə qaz xətti çəkirlər, nə də imkan verirlər ki, həyətimdəki çinarın qolundan-budağından qırıb ocaq qalayım, balalarım isinsin”.

Masallının Şərəfə kənidindəki yeni məhəllələrin sakinləri Meydan TV-yə mavi yanacağın yoxluğundan şikayətlənirlər. Daha doğrusu, qaz kəməri məhəllələrdən xeyli aralıda yerləşir, ancaq adamların həmin ana xətdən evlərinə xətt çəkmək imkanı yoxdur. Bu səbəbdən də yeni məhəllələrin sakinləri hər il qışı məşəqqət içində keçirirlər.

“Qaz xətti çəkməyə imkanımız yoxdur”

Məhəllə sakini Araz Cəbrayılov danışır:

“Bu məhəllələr təxminən 10-15 ildir ki, salınıb. Çox şükür ki, işıq var, su məhəllələrin başındadır, daşıyırıq, yollara da özümüz aradabir daşdan, çınqıldan alıb tökürük. Ancaq məhəllələrdən 350-400 metr uzaqda olan ana qaz kəmərindən evlərimizə qaz xətti çəkməyə imkanımız yoxdur. Burda ev tikib yaşayanlar kasıb təbəqədir. İnsanlarda o qədər pul hardandır ki, yarım kilometlik məsafədən evinə qaz xətti çəkə?”

Araz Cəbrayılovun sözlərinə görə, ərazidə iki nəfərin evində mavi yanacaq var - bələdiyyə sədrinin və icra nümayəndəsinin. Digər ailələr isə odunu pulla alır:

Qaz kəməri məhəllələrdən xeyli aralıda yerləşir

Qaz kəməri məhəllələrdən xeyli aralıda yerləşir

Mənbə: Meydan TV

“İmkanları var, ana kəmərdən evlərinə xətt çəkiblər. Ancaq məsələn, mənim uşaqlarım evdə donur. O vaxt atam həyətimizdə çinar ağacı əkmişdi, mən o ağacın qolundan, budağından qırıb ocaq qalaya bilmərəm. Xəbərdarlıq ediblər ki, kəssəm, 800 manat cərimələnəcəm. Belə bir bəlanın içində yaşayırıq”.

“Çır-çırpı yığmaq qadağandır”

Sakinlər əvvəllər meşədən çır-çırpı yığıb yandırar, qışı keçirərdilər, son illərdə bunun da qarşısı alınıb deyə, məcburdular ki, odunu pulla alsınlar:

“İndi meşədən yerdən çürümüş budaq da götürməyə qoymurlar. Meşədən əlində bir quru, çürümüş budaq da çıxara bilməzsən. Tutsalar, birbaşa polis şöbəsinə aparıb cərimələyəcəklər. Ancaq maşallah, soyuqlar düşən kimi özləri maşınla odun gətirib satırlar adamlara... Özü də odunun metrəsi 25 manata... Sorğulayan yoxdur ki, sən balaları evində soyuqdan donan kasıba imkan vermirsən meşədən çırpı gətirsin, bu qədər odunu hardan, hansı yolla əldə edib, gətirib metrəsini 25 manatdan kasıba satırsan? Özləri yaradıblar bu şəraiti... Qaz xəttini evə qədər çəkib gətirsə, odunu kimə satar? Bu da onların biznesidir”.

"Odunun metrəsi 25 manata... "

"Odunun metrəsi 25 manata... "

Mənbə: Meydan TV

“Evlərin qazlaşdırılması gələcək plana daxildir”

Yeni məhəllələrdə təqribən 200-210 ailə yaşayır. Bu ailələrdə uşaq, qoca, əlil, xəstə var. Ailələr toplaşıb hər il rayon qaz idarəsinə, icra hakimiyyətinə müraciət edir. Sakinlərin deməsinə görə, həmin qurumlardan onlara bu işlərə görə maliyyə vəsaiti ayrılmadığı bildirilir.

Masallı Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirlib ki, Şərəfə kəndində qaz problemi yoxdur. Kəndin kənarında yerləşən yeni məhəllələrdəki evlərin qazlaşdırılması üçün isə aidiyyəti qurumlara müraciət olunub və bu məsələ növbəti illərdə görüləcək işlərin planına daxil edlib.

Araz Cəbrayılovun sözlərinə görə, ərazidə iki nəfərin evində mavi yanacaq var

Araz Cəbrayılovun sözlərinə görə, ərazidə iki nəfərin evində mavi yanacaq var

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4tsx55

Ən çox baxılan