“Qardaşım ona edilən zülmlərə görə qaşıq udub ki, əl çəksinlər”

Hərbi qulluqçu olduğunu, Milli Ordu sıralarında xidmət etdiyini deyən Z.İmanovun sözlərinə görə, qardaşının ondan başqa xəbər biləcək kimsəsi yoxdur.

Source: Specify Source


Məhbusun ailəsi ondan xəbər ala bilmir

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Allahverdi İmanzadənin ona qarşı edilənlərə etiraz olaraq, qaşıq udduğu iddia olunur. Bu barədə Meydan TV-yə danışan qardaşı Zaur İmanov deyir ki, iki aydır Allahverdinin nə üzünü görüblər, nə də səsini eşidiblər. Onun işgəncəyə məruz qalması, qaşıq udması və durumunun ağır olmasından da müəssisədəki başqa adamlar vasitəsilə xəbər tutublar. Baxmayaraq ki, qanuna görə, həbs yerlərində saxlanılan şəxsin həftədə iki dəfə ailə üzvlərilə telefonla danışmaq hüququ var, Z.İmanov qardaşının iki aydır evə zəng edə bilmədiyini söyləyir.

25 yaşlı Allahverdi İmanzadə 5 ildir həbsdədir, uzun müddətdir ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Çingiz Yunusov təxminən bir il əvvəl bu müəssisəyə rəis təyin edilib.

Z.İmanov deyir ki, əvvəlki rəhbərliyin dövründə məhkumların şikayətləri dinlənilirdi, onlarla indiki kimi qəddar rəftar edilmirdi. Ç.Yunusovun təyinatından sonra vəziyyət xeyli pisləşib:

“Orada məhbuslara qarşı rəftarı sözlə ifadə etmək mümkün deyil, çox acınacaqlıdır. Əvvəl bu qədər ağır deyildi. Məhbusların şikayətini dinləyirdilər, ortaq məxrəcə gəlirdilər. İndi məhbusla elə rəftar edilər, sanki azərbaycanlı erməni əsirliyindədir. Zülm eləyirlər. Qardaşımı dəfələrlə döyüblər, “karsa” salıblar. Qobustandakı qapalı həbsxanaya göndərməklə hədələyir. Məhbusda nöqsan tutmağa nə var ki?! Elə xırda şeyləri şişirdib zülm eləyirlər, adam deməyə söz də tapmır. Məqsədli şəkildə böyüdürlər ki, ya pul alsınlar, ya da döyüb zülm eləsinlər. Bir neçə dəfə olub ki, qardaşım başqa dustağa əziyyət verildiyini görüb, buna etiraz etdiyi üçün cəzalandırılıb. Dəfələrlə olub ki, gedib rəisin özü ilə görüşə bilməsək də, əməkdaşlarla xəbər göndərmişik ki, ona çatdırsınlar. Ora əsir düşərgəsi deyil, məhbusun azadlığı əlindən alınır, qalan hüquqları təmin olunmalıdır, biz Prezidentə, Mehriban xanıma şikayət edəcəyik. Deyiblər ki, anlaşılmazlıq olub, aradan qaldırılacaq. Bir az keçib, yenə təkrarlanıb”.

Z.İmanovun sözlərinə görə, sonuncu dəfə qardaşının cəzalanmasının səbəbi cəzaçəkmə müəssisəsindəki məsciddə baş verənlər olub. Həmin məscidi də məhbusların öz hesabına düzəltdiyi bildirilir. Məhbuslardan kimisi evdən xalça gətirdib. Kimisi təmir xərclərini üzərinə götürüb və s.

image_from_ios (2).jpg
“Qardaşımı dəfələrlə döyüblər, “karsa” salıblar”

“Qardaşım məsciddə namaz qılanda rəis palçıqlı ayaqqabı ilə içəri girib. Qardaşım deyib ki, “rəis, məscidə ayaqqabı ilə girmək olmaz, biz burada ibadət eləyirik”. Bunun üstündə ona zülm eləyirlər. Onu o qədər döyüblər… O vəziyyətdə də “karsa” atıblar. Orada da əl çəkməyiblər. Axırda qardaşım dözməyib, qaşığı udub ki, ondan əl çəksinlər”, – Z.İmanov deyir.

Hərbi qulluqçu olduğunu, Milli Ordu sıralarında xidmət etdiyini deyən Z.İmanovun sözlərinə görə, qardaşının ondan başqa xəbər biləcək kimsəsi yoxdur. Ata-anasının hər ikisi xəstədir. Qardaşının başına gələnlər barədə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətin “Qaynar Xətt”inə şikayət etdiyini deyən Z.İmanov bu qurumlardan da cavab almadıqlarını vurğulayıb:

“Əlim heç yerə çatmır. Qardaşım haqda heç bir məlumatım yoxdur. Bildiyimə görə, vəziyyəti çox ağırdır. Penitensiar Xidmətdən xəbər gözləyirik, amma heç bir məlumat ala bilmirik. Hər dəfə deyirlər ki, “xəbər verərik”, amma vermirlər”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri yalanlayıb:

“Bu söhbət bir neçə gündür ki, yayılıb, yalandır. Düzdür, o məhbus qaydalara əməl etməyən birisidir, amma qaşıq udması yalandır. Vəziyyəti də normaldır, heç bir problemi yoxdur”.

Müxtəlif vaxtlarda Ç.Yunusov 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi təyin ediləndən az sonra həm onun özünün, həm də o müəssisədə əməkdaşların məhkumlara qarşı davranışıyla bağlı şikayətlər səslənib. Amma Penitensiar Xidmət bu şikayətlərin əsassız olduğunu, məsələn, rəisin içkini məhkumların başına tökməsi, onları döydürməsi barədə məlumatların həqiqətə uyğun olmadığını iddia edib: “Ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır”.

Ana səhifəSiyasət“Qardaşım ona edilən zülmlərə görə qaşıq udub ki, əl çəksinlər”