Qarabağda rus işğalı

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan atəşkəs sazişi artıq qüvvədə deyil. Bunu sübutları açıq-aşkar ortadadır.

Source: Meydan TV


Faktiki addımlar rəsmiyyətə doğru necə gedir?

Qarabağdakı qondarma rejim rus dilini ikinci rəsmi dil kimi qəbul etdi. Bu xəbərə xeyli adam həyəcanlandı. Amma nədənsə heç kim təəccüblənmədi. Niyə? Çünki bu elə də gözlənilməz addım deyildi. Rusiyanın Azərbaycanın ortasında bir ərazini sürətlə mənimsəməsinə isə rəsmi Bakı hələ də susur. Baş verənlər isə susacaq qədər xırda məsələ deyil. Bu məsələyə separatçı ermənilərin yeni cığal addımı kimi baxanlar da var. Amma söhbət doğrudan da bir qrup bölücünün cığallığındanmı gedir? Mən deyərdim ki, qətiyyən. Bütün bunların niyəsini araşıdıracağıq. Ancaq daha önəmli olan Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli atəşkəs sazişinin artıq qüvvədən düşməsidir.


10 noyabr sənədi artıq yoxdur

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan atəşkəs sazişi artıq qüvvədə deyil. Bunu sübutları açıq-aşkar ortadadır.

  1. Sazişin əsas bəndlərindən biri bölgədən erməni silahlılarının çıxarılması idi. Göstərilirdi ki, oraya Rusiya sülhməramlılarının girməsinin paralelində erməni silahlıları bütünlükdə bölgəni tərk edəcəklər. Ancaq məlum oldu ki, nəinki erməni silahlıları bölgəni tərk etmirlər, əksinə “ordu quruculuğu” ilə məşğuldurlar. Bunu da açıq aydın göstərirlər.
  2. Sazişin başqa bəndində göstərilirdi ki, qaçqınlar bölgəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşayiəti əsasında qaytarılacaq. Belə oldumu? Üstəlik söhbət bütünlükdə qaçqınlardan gedirdi. Təkcə erməni qaçqınlardan yox. Hazırda isə bölgəyə yalnız erməni qaçqınlar qaytarılır. BMT-nin müvafiq qurumunun isə adı da yaddan çıxıb. Erməniləri birtərəfli qaydada Rusiya ordusu və dövləti geri qaytarır. Azərbaycanlıların isə öz vətənlərinə qayıtması demək olar ki, yada düşmür.

Belə olan halda necə ola bilər ki, 10 noyabr sənədi qüvvədə olmuş sayılsın? Başqa tərəfdən, Azərbaycan ordusu niyə Rusiya sülhməramlıların olduğu bölgədə icazə ilə hərəkət etməlidir? Axı orada indi erməni nəzarəti yoxdur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Əgər belədirsə, o zaman BMT-nin tanıdığı ərazilərindən Azərbaycan niyə icazə ilə istifadə etməlidir? Açıq aydın görünür ki, 10 noyabr sənədi təkcə Azərbaycan qanunvericiliyinə deyil, həm də beynəlxalq hüquqa zidd təşkil və icra edilir. Başqa sözlə, icra edilmir. Belə bir prosesin separatizmin dərinləşməsinə gətirib çıxarması gözləniləndimi? Bəli!


Bu, cığallıq deyil

Rus dilinin Azərbaycanın ermənilər yaşayan bölgəsində ikinci rəsmi dil elan edilməsinə Rusiya parlamenti nə reaksiya verəcək? Susacaqmı? Yəqin ki, ən yaxşı halda susacaq. Bu isə separatist qərardan məmnunluq ifadəsidir. Heç kimə sirr deyil ki, nəinki Putinin, heç oradakı rus qoşunları komandanı Rüstəm Muradovun icazəsi olmadan düşünməyən separatçı rejim belə bir addımı Kremlin eyhamları ilə atıb. Moskva uzun zamandır bu prosesin anonsunu verirdi. Qarabağda rus işğalı faktiki addımlarla başlayıb və indi icmadaxili rəsmiyyətə doğru irəliləyir. Rəsmi Bakı isə susurdu. Hələ də susur. Görünür, o, məmnun olmasa da, əvvəldən bildiyi vəziyyətlə üzləşib.

Ana səhifəXəbərlərQarabağda rus işğalı