"Məktubuma cavab gəldi ki, siz qeydiyyata alınmısınız, amma tikinti işlərinə başlamırlar".

Mənbə: meydan tv

Başlıq: "Məktubuma cavab gəldi ki, siz qeydiyyata alınmısınız, amma tikinti işlərinə başlamırlar".

Qarabağ əlili: Ağsu Rayon İcra Hakimiyyətinə gedirsən, adama məhəl qoymurlar

“Evim başıma uçur, şikayətimə baxan yoxdur”

“Müharibədə can qoymuşam, iki dəfə yaralanmışam. İstədiyim odur ki, Qarabağ qazisi olaraq mənə azacıq da olsa qiymət verilsin. Evim başıma uçur, şikayət etmədiyim yer qalmayıb, amma ev problemimə baxan yoxdur”.

Ağsu rayonu, Babək küçəsi 7 ünvanında yaşayan Elşən Abdulla oğlu Nağıyev Meydan TV-yə belə deyir.

1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Elşən Nağıyev bir il sonra döyüş bölgələrində olub, iki dəfə yaralanıb:

“1992-ci ildə müharibəyə getmişəm. İki dəfə yaralanmışam, qəlpə və güllə yarası almışam. Birinci dəfə Tərtərdə qəlpədən yaralandım, xəstəxanada yatdım, sağalandan sonra yenidən döyüş bölgəsinə getdim. İkinci dəfə Ağdamın Sırxavənd kəndində yaralandım. Güllə ayağımda qalmışdı, bizi əsir götürəcəkdilər. Ayağımı rezinlə sıxdım, həmin vəziyyətdə ermənilərlə atışa-atışa döyüş bölgəsindən çıxdım. 1992-ci ildə təxminən beş yüz, min nəfər adam müharibəyə getmişdik. Orada iki-üç nəfər sağ qalanlardan da biri mənəm”.

Elşən Nağıyev deyir ki, müharibə olarsa, yenə döyüşə getməyə hazırdır:

“Mən yenə də gedib, öz borcumu yerinə yetirəcəyəm. Vətən uğrunda yeri gəlsə, canımı da verəcəyəm. Amma dövlət də gərək mənim qayğıma qalsın. Qırx beş ilin evidir, başımıza uçur. Ağsu Rayon İcra Hakimiyyətinə gedirsən, adama məhəl qoymurlar. Prezidentə və Birinci vitse-prezidentə məktub yazdım, yolladılar icraya. Məktubuma cavab gəldi ki, siz qeydiyyata alınmısınız, amma tikinti işlərinə başlamırlar. Mənimlə eyni vaxtda müraciət edən adamların evi təmir olunub. Nədənsə mənim evimə baxılmır”.

"Mənimlə eyni vaxtda müraciət edən adamların evi təmir olunub"

"Mənimlə eyni vaxtda müraciət edən adamların evi təmir olunub"

Mənbə: meydan.tv

Şikayətçi narahatdır, deyir ki, qorxuram, vəd verilsə də, evim təmir olunmasın:

“İcra hakimiyyətindən dörd beş dəfə gəlib baxıblar, sonra da təmir yazıblar. İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov qonşumdur. Əlli dəfə icra hakimiyyətinə getmişəm, məni görüb, heç maraqlanmayıb ki, bura niyə gəlmisən. Az qala, hər gün ora gedirəm, hər dəfə deyirlər: “gözlə”. Fevraldan müraciət etmişəm, daha nə qədər gözləyim? Qış yaxınlaşır, təmirə başlasalar, harda yaşayacağıq? Demirəm ki, gəl, mənim evimi sök, yerində malikanə tik. İstəyirəm ki, evə baxıb, nə lazımdırsa, həmin köməkliyi etsinlər. Ağsunun bir neçə kəndini gəzin, evlərə baxın, hamıya ev tikirlər. Mən müharibədə canımı qoymuşam, amma evimə, yaşayışıma baxan yoxdur. Anam yaşlı, xəstə adamdır. Yoxsa, ailəmi də götürüb Azərbaycandan çıxıb gedərəm. Bilmirsən ki, dərdini kimə deyəsən. Anam 190, mən 80 manat pensiya alıram, birtəhət dolanırıq. Övladımı kreditlə gəlin köçürdüm. Oğlumun yaşı çatıb, bir-iki aya əsgər gedəcək. Evlənəndə necə yaşayacağı heç kimi maraqlandırmır”.

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov Meydan TV-yə bildirib ki, bu ilin fevralından başlanan təmir-tikinti prosesi növbəlilik prinsipi ilə aparılır:

1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Elşən Nağıyev bir il sonra döyüş bölgələrində olub, iki dəfə yaralanıb

1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Elşən Nağıyev bir il sonra döyüş bölgələrində olub, iki dəfə yaralanıb

Mənbə: meydan.tv

“Fövqəladə Hallar Nazirliyinin nümayəndələri aylardır buradadır. Onlar evlərə baxıb rəy verirlər. Öncə baxış keçirilir, qəzalı evlər siyahıya alınır, sonra toplanan məlumatlar nazirliyə göndərilir. Minlərlərlə müraciət var, proses növbəli şəkildə aparılır. Həmin adam ola bilsin, növbədə beş yüzüncü olsun. Hazırda Ağsuda dörd yüzə yaxın evdə təmir-tikinti işləri aparılır.

Vətəndaş evinin tikinti növbəsinin nə zaman olacağını İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə yaxınlaşıb, öyrənə bilər.

Hamı istəyir ki, səs-küy salıb 40-50 min manatlıq ev tikdirsin. Bakıda evi olan da gəlib, burada ağlayır ki, küçədə qalmışam. Heç bir şəraiti olmayan da gəlib, ağlayır ki, yağış üstümə yağır. Anlamırlar ki, icra hakimiyyəti ev tikən qurum deyil”.

"İstədiyim odur ki, Qarabağ qazisi olaraq mənə azacıq da olsa qiymət verilsin"

"İstədiyim odur ki, Qarabağ qazisi olaraq mənə azacıq da olsa qiymət verilsin"

Mənbə: meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zlhskq

Ən çox baxılan