Ağsu Rayon İcra Hakimiyyəti

Mənbə: Foto: google.az

Başlıq: Ağsu Rayon İcra Hakimiyyəti

Qarabağ əlili: Ağsu Rayon İcra Hakimiyyətində adama məhəl qoymurlar

İcra Hakimiyyəti: “Biz ev tikən qurum deyilik”

“Mənə deyirlər ki, sən evi tik, biz də suvağını vuraq. Əgər evi tikməyə imkanım çatırsa, daha sizin bir neçə kisə simentiniz nəyimə gərəkdir?”

Bu sözləri Meydan TV-yə Ağsu şəhər sakini Elşən Nağıyev deyir. Söyləyir ki, ötən ilin sonlarında podratçı təşkilatın işçiləri tərəfindən həyətinə bir maşın qum, 37 kisə sement və bir neçə qab emulsiya qoyaraq gediblər:

“Ötən il zəlzələ olanda evimlə bağlı müraciət etdim. Ağsu Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçirdilər, təmir yazıb, akt tərtib etdilər. Mən bununla razılaşmadım, dedim ki, 50 ilin evidir, kərpicdən tikilib. Evin arxası getdikcə yerin dibinə batır. Amma mənə məhəl qoyan olmadı. Mən də Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Ağsu Rayon İcra Hakimiyyətindən cavab gəldi ki, ayrılan smetaya uyğun evdə yalnız təmir işi aparılacaq. İki ay keçdi, gətirib həyətə sement, emulsiya və qum töküb getdilər.

Dedilər ki, evə ancaq suvaq çəkiləcək, döşəmə ilə tavanı dəyişmirəm. Təmirdə tavanla, döşəmə dəyişməməlidir. Soruşuram, niyə dəyişmirsən? Qohum-əqrabanın evinə təmir yazmısan, döşəməsini də, tavanını da dəyişmisən. Hirsləndim ki, onda bura niyə gəlmisən? Axırda dedim ki, evin yanı uçub, heç olmasa, onu tikin. Dedi ki, özün daşla hör, mən sonra sənə kömək edim. Elə iş olar? Min daş alsam, beş yüz manat edir. Axı, mənim o qədər pulum yoxdur. Qumu, sementi elə də qoyub getdilər. Dörd ay keçib, yağış sementin üstünə yağıb, olub daş”.

Şikayətçi növbəti dəfə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktub yazıb. Agentlikdən cavab gəlib ki, artıq sizin fərdi mənzilinizdə tikinti işləri aparılır. Bundan sonra o, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə üz tutub:

Dedilər ki, evə ancaq suvaq çəkiləcək, döşəmə ilə tavanı dəyişmirəm.

Dedilər ki, evə ancaq suvaq çəkiləcək, döşəmə ilə tavanı dəyişmirəm.

Mənbə: Meydan TV

“Cavab gəldi ki, evimdə təmir gedir. Məcbur olub, bu il yanvarın 13-də Bakıya gəldim, Prezident Adminstrasiyasında oldum. Orada da eyniməzmunlu məktubumu təqdim etdim. Onlara dedim ki, gəlin, evə özünüz baxın. Babək küçəsində yeganə Qarabağ əlili mənəm, müharibədə canımı qoymuşam. Mənimlə eyni vaxtda müraciət edən adamların evini tikirlər, yaxud təmir edirlər. Lakin mənim şikayətimə baxan yoxdur. Onlara dedim ki, evim təmirlik deyil, yenidən tikilməlidir. Mənə dedilər ki, narahat olma, Ağsu Rayon İcra Hakimiyyətinə deyəcəyik, sənin evin tikiləcək. Söylədilər ki, bugünlərdə tikintiyə başlanılacaq. Yanvarın 13-dən gəlmişəm, hələ də xəbər-ətər yoxdur. Neçə dəfə də zəng etmişəm. Cavab verən yoxdur, telefonu götürmürlər.

İki gün öncə Ağsu Rayon İcra Hakimiyyətinə getdim. Problemimi danışdım. Orada da adama heç məhəl qoymurlar. Adamla elə söhbət edirlər, danışmasalar ondan yaxşıdır. Deyir ki, neyniyim, döyüşmüsən. Əsəbləşdim, dedim, sən burada rahat oturanda, mən müharibədə döyüşüb, yaralanmışam. Bildirdilər ki, təmirlə bağlı akt yazılıbsa, tələsmə. Necə tələsməyim? Heç nə etmirlər”.

Elşən Nağıyev söyləyir ki, qəzalı vəziyyətdə olan evin bir otağının tavanı qışda tamamilə qopub, FHN nümayəndələri təkrar baxış keçirsələr, evin qəzalı vəziyyətdə olduğuna əmin olacaqlar:

“Müharibədə canımı qoymuşam ki, indi uçuq-sökük damda yaşayım? Qarabağda döyüşüb, amma yaralanmayanlarla eyni pulu alıram. Heç olmasa, evimi tiksinlər. Evin tavanı tamamilə qopub sallanırdı. Mən də söküb, yerə qoydum. Mən bir maşın daşı hansı pulla alım? Səksən manat pensiya ilə necə daş alım? Gözümün ağı, qarası bir oğlum var, hazırda əsgərlikdədir, qayıdıb, gələndən sonra evlənəcək. Düzünü danışaq, baxın, bu evdə necə yaşamaq olar? Nə təmir edirlər, nə də tikirlər. Artıq bir il tamam olub”.

Elşən Nağıyev

Elşən Nağıyev

Mənbə: Foto: Meydan TV

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan TV-yə bildirilib ki, şikayətçinin icra hakimiyyəti ilə bağlı ittihamı əsassızdır:

“Biz ev tikən qurum deyilik. Evlərə təkrar baxışın keçirilməsi və qiymətləndirilməsi FHN-nin aidiyyatı qurumu tərəfindən aparılır”.

Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə Meydan TV əməkdaşı ilə söhbətində evlərdə aparılan qiymətləndirmənin dəyişməyəcəyini bildirib:

“Zəlzələ ötən il fevralın 5-də olub, artıq üzərindən 1 il keçib. Tutaq ki, gedib, hansısa evə baxış keçirdik. Necə təyin edək ki, ev yararsız hala zəlzələdən, yoxsa fiziki köhnəlmədən düşüb?

Tanışılıqla, yaxud sifarişlə ev tikmək məsələsinə gəlincə, bir ildir ki, bu söhbət deyilir. Biz hər həftənin çərşənbə günü Ağsuda, cümə axşamı günü isə Şamaxı şəhərində vətəndaşları qəbul edirik. Hər qəbulda da iki yüz-üç yüzə yaxın vətəndaş olur. Orada da bu sözlər işlənir, deyilir. Qəbulda polis də iştirak edir. Hər dəfə belə ittihamlar olanda, mən deyirəm ki, kimdə belə fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Qoy araşdırılsın, tədbir görülsün. Belə bir söz gəzir, amma həqiqəti əks etdirmir. Şəffaflıqdır, komissiyanın rəyi var. Rəyindən sonra evlər sökülə bilər. Kiminsə qərarı ilə evlər sökülə bilməz. Ortada komisiyanın rəyi olmalıdır. Komissiyanın da tərkibində rayon icra hakimiyyətinin nümayəndələri, bizim mütəxəssisilərimiz var”.

"Evin arxası getdikcə yerin dibinə batır".

"Evin arxası getdikcə yerin dibinə batır".

Mənbə: Meydan TV

Ağsu Rayon İH-dən cavab məktubu

Ağsu Rayon İH-dən cavab məktubu

Mənbə: Meydan TV

FHN-dən cavab məktubu

FHN-dən cavab məktubu

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kziebf

Ən çox baxılan