Gədəbəyin kəndlərində işsizlik, yolsuzluq əsas problemdir
Gədəbəyin dağ kəndləri dolanışıq, şəraitsizlik səbəbindən ildən-ilə boşalır. Rayonun Dəyəqarabulaq, Günəşli, Musayal kəndlərinin sakinləri Bakıya, rayon mərkəzinə, ən yaxşı halda mərkəzə yaxın kəndlərə köç edirlər. Evlərin çoxunun qapısından qıfıl asılıb.
Kənd sakinləri Meydan TV-yə danışırlar ki, kəndlərdə qaz yoxdur, qışda yanacaq kimi istifadə etmək üçün odun almağa imkanları çatmır. Buna görə də qışda kəndlər demək olar ki, boşalır, yalnız yaşlılar, getməyə imkanı olmayanlar kənddə qalırar. Kəndlərə gedən torpaq yol ilin bütün fəsillərində keçilməzdir, bu səbəbdən taksi də işləmir, təcili yardım çağırış yerinə gedə bilmir.
Kənd sakini Cavid Zeynalov deyir ki, bir-birinə yaxın yerləşən kəndlərdə iş yoxdur. Bu günlərdə su, qaz idarəsi daxil olmaqla regiondakı dövlət müəssisələri ixtisarlar aparıb. Kəndlilər arasında da ixtisara düşənlər var, dolanışıq bir az da çətinləşib.
“Su, qaz idarəsi də daxil olmaqla 4 qurumda ixtisarlar oldu. Yenə 400-500 maaşa dolana bilirdik. Qapıları bağlayıb Bakıya iş dalınca getməkdən başqa çarə qalmayıb”,-Zeynalov deyib.
Kəndlilər əsasən taxıl və kartof əkini ilə dolanırlar. Bu il əlverişsiz hava şəraitindən kartofun məhsuldarlığı yüksək olmayıb. Taxılı isə dolu vurub.
“Gözümüzü taxıla, kartofa dikmişdik, məhsul da məhv oldu. Təkcə bizim kəndlərdə deyil, Gədəbəyin əksər dağ kəndində yerli kartof sortları məhv olur. Gah dolu vurur, gah da yağışın altında çürüyür. Taxıldan da qazancımız olmadı. Rayon rəhbərliyinin vəziyyətimizdən xəbəri var. Heç kim dərdimizə çarə olmur”,-kəndlilərdən biri deyib.
Hər üç kəndin təbiəti turist cəlb etmək üçün əlverişlidir. Kəndlilər deyirlər ki, yayda az da olsa geri dönənlər var. Amma daimi yaşamaq üçün iş yerləri olmalıdır. Kəndlərə qaz və yol çəkilərsə, yayda turist cəlb etməklə qış üçün tədarük görmək mümkündür:
“Evlərin qapısında qıfıl görəndə ürəyim ağrıyır, heç kim öz ata-baba yurdunu tərk edib kirayələrdə yaşamaq istəməz. Bir tikə çörəyə görə çöllərə düşmüşük”,-Zeynalov deyib.
Gədəbəy Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, kəndlərdə qazın olmamasından xəbərdardılar. Kəndlilərin şikayəti ilə bağlı suallara isə qeyri-müəyyən cavab verilib, telefonu cavablandıran əməkdaş suallara əsasən “bilmirəm” deməklə kifayətlənib.