”Qadın zorakılığının əsas səbəbi iqtisadiyyatda gizlənib”

BMT: “Azərbaycanda cinsi partnyoru olmuş qadınların 15 faizi zorakılığa məruz qalır”

Source: Meydan TV


BMT: "Azərbaycanda cinsi partnyoru olmuş qadınların 15 faizi zorakılığa məruz qalır"

"Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır", – BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” – adlı tədqiqat hesabatının təqdimat mərasimində çıxışı zamanı belə deyib.

Məlumatı "Report"

yayıb

. Qulam İshaqzai bildirib ki, hazırda BMT qadın zorakılığının əsas səbəblərini araşdırır. Buna 2008-ci ildən başlayıb:

"Nəticələr iqtisadi inkişafa zərbədir. Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə tədqiqata görə, cinsi partnyoru olmuş bütün qadınların 15 faizi həyatlarının müəyyən məqamlarında qarşı tərəfin fiziki zorakılığına məruz qalırlar".

BMT 2016-cı ildə Azərbaycanda araşdırma aparıb. Nəticələr deyir ki, rəqəmlərdə artım var. Kişilərin 32,5 faizi zorakılıq törədib, qadınların isə 32,1 faizi zorakılığa məruz qalıb.

"Zorakılığı törədən insanlar anlamalıdırlar ki, bu, bütün cəmiyyətə təsir edir. Bütün dünya ölkələrində zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün layihələr hazırlanır. Həmin insanların cəzalandırılması digər qadınların təhlükə hissini azaldacaq. İnsanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri artır", – Qulam İshaqzai əlavə edib.

O bildirib ki, bunun əksi olanda, insanlar daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qalanda ölkənin iqtisadi vəziyyəti də zərbə altında olur:

"Məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşkil etməkdir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlar davam edir. Növbəti tədqiqatın nəticələri 2020-ci ilin birinci rübündə açıqlanacaq”.

Natiq Cəfərli
Natiq Cəfərli

ReAL İdarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, açıqlanan rəqəmlər hələ çox aşağıdır. Reallıqda bu rəqəm azı 2 dəfə çox olmalı idi:

"Xanımlara qarşı zorakılıq, ayrı-seçkilik ölkəmizdə çox geniş yayılıb. Bəzi insanlar bunu çürümüş mentalitetə, bəziləri dinə, bəziləri ənənələrə bağlayırlar. Ola bilər, ehtimalların hər birinin özünəməxsus rolu var, amma ən başlıca səbəblərdən biri iqtisadiyyatda gizlənib".

İqtisadçı deyir ki, bizdə “ailə dəyərləri” adı altında sırınan davranış qaydaları dövlətin sosial institutlarına güvənsizlikdən, bu institutların öz funksiyalarını normal yerinə yetirməməkdən doğur və təməlində iqtisadi səbəblər yatır:

"Bizdə valideynlər öz övladlarını ona görə yanlarından buraxmaq istəmirlər ki, qocalanda dövlətin verdiyi təqaüdlə dolana bilməyəcəklərini anlayırlar. Övladlar isə ona görə valideyn himayənsindən kənara çəkilə bilmirlər ki, öz güclərinə ev-eşik qura, evlənib, ailə qurub, dolana bilmirlər. Bunun da adını “dəyər” qoyub, fəxr edirik ki, bizdə ailəyə daha sıx bağlılıq var. Və ya xanımlar öz ərlərinin hər axmaqlığına, hər vəhşiliyinə ona görə dözürlər ki, ölkədəki iqtisadi durum onların ayrılandan sonra müstəqil şəkildə yaşamalarına, keçmiş ərlərindən normal aliment almalarına imkan olmur. Yəni, rəsmi maaşı 300-400 manat civarında olan, işləyən xanım belə zorakılığa dözür ki, ayrılsa özünü, övladlarını dolandıra bilməyəcək. Hələ mən işsiz, təhsilsiz evdar qadınları demirəm, onların vəziyyəti lap acınacaqlıdır".

Natiq Cəfərli deyir ki, beləliklə, ölkədə kişi dominantlığının, zorakılığının əsas səbəbi iqtisadi durumla bağlıdır. Dövlət institutlarının zəifliyi ilə əlaqadardır, institutlara güvənsizliklə izah edilir:

"Qadına qarşı zorakılığın azalmasının yolu iqtisadi rifahdan keçir. İqtisadi səbəblərə bağlıdır. Yüksək təhsilli, gəlirli xanımların artması onlara özgüvən gətirəcək, kişi zorakılığının azalmasına səbəb olacaq. Ona görə də bu məsələni müzakirə edərkən nəticələrə deyil, səbəblərə köklənmək lazımdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

deyir

ki, Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq. O, bunun yaxın zamanlarda baş verəcəyini bildirib:

"Ölkə rəhbərliyinin tapşırığı ilə Konvensiya barədə addımlar atılıb. Azərbaycan uzun müddətdir ki, Konvensiya ilə bağlı mövqeyini bildirib. Orada bir çox məsələlər var idi və onlara uyğun olaraq bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr Konvensiyaya qoşulub. Azərbaycan da kənarda qala bilməz".

H.Hüseynova qeyd edib ki, sığınacaqların, "qaynar xətt"in yaradılması üçün vəsait ayrılmalıdır. Bu, o qədər də asan deyil:

"Hər dəfə müəyyən problemlər yaranır. Məişət zorakılığının qarşısının alınması üçün yerlər, monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla problemlərin qarşısının alınmasına çalışmaqdır".

Ana səhifəXəbərlər”Qadın zorakılığının əsas səbəbi iqtisadiyyatda gizlənib”