Qaçılmaz fəlakət

Əbülfəz Əliyev elan verdi ki, bu üç tələb qəbul edilməsə, yanvarın 20-də AXC yenə mitinq çağıracaq və atacağı qəti addımlar barədə xalqa məlumat verəcək.

Foto: Meydan TV


Bütün dünya 13 yanvar Bakıdakı erməni talanını 20 Yanvara bəraət qazandıran səbəb kimi qəbul edir

Növbəti matəm günü – 20 Yanvar – yaxınlaşır. Ənənəvi müxalifətin bir hissəsi yenə bulanıq suda balıq sevdası ilə camaatı Şəhidlər Xiyabanına səsləyir. Öz dərin zəkaları ilə nə düşünürlər, nəyi hazirlayırlar, mənim üçün maraqlı deyil, zira əzəldən bilirəm ki, dünya dağılsa da, mən orada olmayacağam, onlar isə məğlubiyyətə məhkumdurlar. Onların uğuru üçün zərrə qədər ehtimal belə yoxdur. Zəka yox, bəsirət yox, inam yox, mədəniyyət yox, təşkilat yox, pul yox, bacarıq yox, qeyrət və hümmət yox… Daha nə qaldı ki, “yox” deməyək?

Tarixdə bir dəfə faciə kimi baş vermiş hadisəni bu vücudlar ikinci dəfə məzhəkə kimi təkrarlamağa can atırlar.

Sifarişçiləri bəllidir. Lakin şəraitin tam fərqli olması da bəllidir. 1988-1989-cu illərdə hərəkat yüksələndə cəmiyyətdən müəyyən sifariş, liderlərdən müəyyən, yerli ya yersiz, gözləntilər var idi. Lakin indi nə cəmiyyətdən sifariş, nə də üzdə olan və liderliyə can atan məxluqatdan gözlənti var.

Cəmiyyət ədalət, həqiqət və şərəf diləyir, bu liderliyə can atan məxluqatda isə onların heç biri yerli-dibli yoxdur.

Özlərini partiya adlandıran bu kəslərin heç birinin arxasında partiya adına yaraşan təşkilatı yoxdur. Amma liderlik uğrunda itələşirlər. Sabah “Azərbaycan Xalq Hərəkatı”nı elan etsələr, birisigün özlərini meydanda tənha görəcəklər, çünki 1989-cu ilin avam xalqı daha yoxdur, xalq artıq bunların kim olduqlarını gözəl anlayır və heç bir ağlı başında olan adam bu peşəkar siyasi şeyx nəsrullahların arxasıyca getməz. Gedən olsa, deməli, dünyadan bixəbər biçarədir.

Belə zənn edirəm ki, 1989-1990-cı illərin xalqını avam adlandırdığıma görə ucuz vətənşivənlər məni qınayacaqlar. Neynək, qoy qınasınlar. Lakin mən həmin dövrdə Azadlıq meydanına toplaşıb AXC liderlərini dinləyən insan kütləsinə avam deyil, nə deyim?

Desəm, aqil xalq, arif adam deyəcək ki, xalqı kinayə ilə nə üçün ələ salırsan? Odur ki, elə düzünəqulu avam deyim ki, inciməsinlər. İllah ki, avamlıqlarını əyani tərzdə sübut edəndən sonra heç kəs heç nə deyə bilməyəcək. Di gəlin zəhmət olmasa,

Youtube kanalı

na girib linkini tıqlayın və Ən Yeni Tariximizin bir anını yada salın. Bəli, əhvalat vaqe olur şəhri-Bakıda, 1990-cı ilin yanvar ayının 13-də. Günəşli qış günüdür, Azadlıq meydanı ağzına kimi insanlarla doludur. Xalq müdrik sözə, onu xoş gələcəyə aparacaq ağıllı sözə təşnədir.

Bu sözü ona kim deyəcək? Möhtəşəm xalq hərəkatının lideri Əbülfəz Əliyev, hansı ki, hələ özünə Elçibəy təxəllüsünü götürməyib. Bu təxəllüsü o, xalqı qırğına verəndən sonra götürəcək.

Yadınıza salıram ki, həmin dövrdə respublikanı 70 il idarə etmiş Azərbaycan Kommunist Partiyası zamanın tələblərinə cavab verə bilmədiyi üçün əhali arasında tam bihörmət olmuşdu, Qarabağda vəziyyət hədsiz gərgin idi, Ermənistandan bütün azərbaycanlılar qovulmuşdu, Moskva hakimiyyəti paytaxt Bakıda dərəbəylik görüntüsü yaratmaq məqsədilə təxribatçı qaragüruh dəstələrinə özbaşınalıqlar törətmək üçün bütün şəraiti yaratmışdı və Azərbaycan xalqına amansız və dəhşətli cəza vermək üçün son hazırlıqlarını tamamlayırdı.

Görək xalqın müdrik lideri belə təhlükəli anda nə deyəcək!

Bəli, başında uşanka papaq Əbülfəz bəy Azadlıq meydanında yığılmış xalqa deyir ki, heç bir iğtişaşa yol vermək olmaz!

Necə də ağıllı sözdür! Əgər bilməsəydik ki, məhz bu mitinqdən sonra dağılışan qaragüruh nümayişçilər şəhərə səpələnib millətə qara ləkə vurmuş və cəlladlara tutarlı bəhanə vermiş erməni talanına başlayacaqlar. İğtişaşların təhlükəsi barəsində nümayişçilərə xəbərdarlıq edən Əbülfəz bəy, həmişəki kimi, yenə dünyanın işlərindən bixəbər idi?

Bütün dünya 13 yanvar Bakıdakı erməni talanını 20 Yanvara bəraət qazandıran səbəb kimi qəbul edir, bir bizim müdrik xalqımızdan, alimlərimizdən və siyasətçilərimizdən başqa.

Görək həmin mitinqdə xalqı işıqlı gələcəyə aparan, Əli bəy Kərimli demişkən, “milli-azadlıq hərəkatının şəksiz lideri” daha nə dedi?

2-3 ay sonra, 1990-cı ilin aprelində ya mayda, respublika parlamentinə seçkilər keçirilməlidir və bu seçkilərdə, heç kəs şübhə etmir ki, Əbülfəz Əliyevin sədr olduğu AXC parlaq qələbə qazanacaqdır.

Öz respublikalarında sovet hakimiyyəti ilə qanlı qarşıdurmaya yol verməmiş Estoniya, Latviya, Litva, Moldova, Gürcüstan və Ermənistanda belə də oldu, yerli kommunist partiyaları seçkiləri uduzdu və parlamentlərdə əksəriyyəti yerli Xalq Cəbhələri qazandı.

Buradan hansı məntiqi nəticə çıxır? AXC respublikada sabitliyi göz bəbəyi kimi qorumalıdır ki, gözlənilən şəksiz qələbəni ondan cürbəcür “ fövqəladə hallar” vasitəsilə oğurlamasınlar. İllah ki, 1988-ci ildə şanlı “Dirçəliş” şəbədəsindən sonra respublikada bir dəfə Xüsusi İdarə rejimi tətbiq edilmişdi və Vəzirov bundan istifadə edib SSRİ Xalq Deputatları Qurultayına bir bölük müti ələbaxanı göndərmişdi.

Bu sadə məntiqi anlamaq və qavramaq üçün nə Əflarun, nə də Ərəstu olmaq lazımdır. Sadəcə ağlı başında olan sıravi Məmmədov Məmməd olsan, kifayətdir.

Lakin xeyr a, Əbülfəz Əliyev hakimiyyətin qarşısına üç tələb qoyur! Bu tələblər gələcək seçkilərlə bağlıdır? Xeyr!

Onlar xalqımıza qarşı hazırlanan qara niyyətlərlə bağlıdır. AXC sədri respublika hakimiyyətindən tələb edir ki:

1.Mayın 28-də Azərbaycanın SSRİ tərkibindən çıxması sualı ilə ümümxalq referendumu keçirilsin.

2.Azərbaycan Ermənistanla bütün əlaqələri kəssin.

3.Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv edilsin.

İnsaf xatirinə qeyd edim ki, bu tələblərin hər biri səslənəndə meydandakı kütlə razılıqla uğuldadı və əl çaldı. Yəni meydandakıların siyasi şüuru və ağlı Əbülfəz Əliyevin və bu kağızı ona oxumaq səlahiyyətini vermiş AXC İdarə Heyətinin üzvlərinin şüur və ağlından əsla artıq deyildi.

Bax, Azərbaycan xalqının əsl fəlakəti, qaçılmaz fəlakəti bundadır! Bütün məğlubiyyətlərimizi labüd edən, proqramlaşdıran amil kütlənin və onun sevdiyi siyasi liderlərin ya satqınlığında, ya da cahilliyindədir!

Gəlin bu üç tələbin gerçəkliyə, qanuna və xalqın ehtiyacına nə qədər cavab verdiyi barədə düşünək.

Üç aydan sonra AXC-ni gözləyən 100%-lik siyasi qələbəni unudun. Siyasi qələbə vacib deyil. Əsas şey qaragüruhun alqışlarıdır.


1

.Azərbaycanın SSRİ-dən çıxması barədə referendum qərarını kim verməlidir? AKP-nin siyahısı ilə formalaşmış Ali Sovet? Nəyə görə tərkibi partiya-təsərrüfat nomenklaturasından, statusli ziyalılardan, qabaqcıl fəhlə və kolxozçulardan təşkil edilmiş və səlahiyyət müddəti başa çatmış bu Ali Sovet mərkəzi hakimiyyətə meydan oxuyaraq SSRİ-dən çıxmaq barədə referendum keçirmək qərarını verməlidir? Başlarına qəfildən hava gəlib, ya AXC-dən qorxurlar? Xeyr, AXC-yə qurulmuş tələ və tutulacaq divan barəsində bütün əhli-halın məlumatı var idi, onlar sakitcə gözləyib keçinin qoyun sürüsünü sallaqxanaya çatdırmasını gözləyirdilər. İnanmırsınız, “Turan” informasiya agentliyinin sahibi Mehman Əliyevdən soruşun, o zaman “Azərtac”ın işçisi olmuş şəxs kimi bu qənaəti təsdiqləyə bilər.

Unutmayın ki, bu “SSRİ-dən çıxmaq” tələbini o zaman heç bir respublika gündəliyə salmamışdı!

Yəni bu tələb və onun labüd inkarı gələcək seçkilərdəki qələbəni tam şübhə altına salan zorakı bir qarşıdurmaya yol açırdı.

Siz bilən, bu zaman belə bir ehtimala nəzər salmaq mümkündürmü ki, AXC liderləri ya axmaq idilər, ya casus?

Razı deyilsinizsə, digər, üçüncü ehtimal barəsində düşünün


2

. Azərbaycanın Ermənistanla bütün əlaqələri kəsməsi tələbi şanlı Meydan-1988 şəbədəsindən sadəcə köçürmədir. Məqsədi o zaman da, elə danışdığımız zaman da, AKP MK-nın Birinci katibi Əbdürrəhman Vəzirovu vurmaq idi. Zira bu tələbin icrası heç cür respublika rəhbərliyindən asılı deyildi, mərkəzləşdirilmiş sovet iqtisadiyyatında bütün böyük müəssisələr AKP MK-ya deyil, Moskvadakı mərkəzi nazirliklərə tabe idi.


3.

Muxtar vilayətin statusunun ləğvi tələbi Azərbaycandan asılı deyildi, çünki Ulu öndər hələ AKP-nin Birinci katibi olan zaman Azərbaycanın Konstitusiyasına belə bir maddə salınmışdı ki, respublikanın DQMV-nin status məsələsinə qarışmaq səlahiyyəti yoxdur. Həmçinin DQMV-nin vilayət sovetinin də öz statusu ilə bağlı məsələ qaldırmaq hüququ yox idi. Odur ki, həm DQMV-nin 1988-ci il 20 fevral Azərbaycandan çıxmaq qərarı, həm də Əbülfəz Əliyevin vilayətin statusunun respublikanın qərarı ilə ləğvi tələbi eyni səviyyədə qeyri-qanuni idi.

Əbülfəz Əliyev elan verdi ki, bu üç tələb qəbul edilməsə, yanvarın 20-də AXC yenə mitinq çağıracaq və atacağı qəti addımlar barədə xalqa məlumat verəcək.

Bütün bu siyasi oyunbazlıqların məntiqi nəticəsi 20 Yanvar oldu. Qəti addımı AXC deyil, Qorbaçov atdı. AXC bir təşkilat kimi əzildi və tapdalandı, xalqın inamını əbədi itirdi və indiki zəlil günə düşdü.

Bu sadə həqiqəti nə üçün yada saldım? AXC gündəmdən düşmüşdür, fəqət həmin ağıl və şüur sahibləri vurnuxub xalqı yenə, bu dəfə AXH tələsinə salmaq istəyirlər.

Mən bilən, alınmayacaq.

Zira həmin məxluqatın o zaman güddükləri məqsəd, hakimiyyətin tayfa mafiyasına qaytarılması, baş tutmuşdur. Maşallah-namxuda, tayfa Azərbaycanı 30 ildir ki, basıb-yeyir. İndi bu tayfanın daxilində kimə nə qədər çatasıdır məsələsi biçarə teletamaşaçı xalqı dəxi maraqlandırmır.

Belə hallarda mənim misirli generalım Muhamməd Said Abdu-l-Vahab deyərdi: “Kəlam fəriğ, təazib fadı”. Yəni “Boş söhbətdir, əbəs əziyyətdir”.

Ana səhifəXəbərlərQaçılmaz fəlakət