Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Putinin Zəngəzur oyunu

Kreml Qafqazda qazandıqlarını necə qorumağa çalışır?

Rusiya XİN şefi Sergey Lavrovun Azərbaycana səfəri bir sıra ştrixləri ilə yadda qaldı. Əslində diqqətli müşahidəçilər Lavrovun demək istəmədiklərini onun dediklərinin içindən seçməklə bu vizitin əsl pərdəsini qaldırmağa cəhd etdilər. Bu sətirlərin müəllifi də düşünür ki, Lavrovun Azərbaycana gəlişi burada öz mənafelərinə uyğun prosesləri gücləndirməkdən daha çox, Kremlin əleyhinə olan tendensiyanı durdurmaq idi. Ona görə də Lavrov çalışırdı ki, Azərbaycanda Rusiya əleyhinə fikirlər səngisin. Putinin İlham Əliyevə zəngi də məhz bu kontekstdə şərh edilməlidir. Elə buna görə də Azərbaycan cəmiyyətinin qınağına səbəb olsa da, “İsgəndər M” və Xankəndində hərbi keçid barədə müzakirənin açılacağı da gözlənilmirdi. Çünki bunun üçün obyektiv zəmin yox idi. Söhbət hakimiyyətin Rusiya məsələsində tutduğu, yumşaq ifadə eləsək, çəkingən mövqeyindən gedir. Hakimiyyətin Rusiyaya diklənmək üçün daxili resursları yox vəziyyətdədir. Söhbət birbaşa Moskvaya meydan oxumaqdan getmir. Məsələn, Müsavat Partiyasının Rusiya səfirliyi qarşısındakı birinci və ikinci piketlərini seyr edib, nəticə çıxarmaq olar ki, biz nəyi nəzərdə tuturuq. Hakimiyyət birinci piketə demək olar ki, loyal yanaşdı. Polisin aksiyaçılara müdaxilə etməməsi onu göstərirdi ki, hökumətin də bu aksiyaya ehtiyacı var. Ancaq ikinci piketə polis müdaxiləsinin olması və ümumiyyətlə, aksiyaya imkan verilməməsi artıq Moskvadan Bakıya Azərbaycanda artan anti-Rusiya əhval-ruhiyyəsinə dair ittiham göndərdiyini göstərirdi. Ola bilsin, mətbəx məlumatlarına çıxışımız olmadığı üçün hansısa detalı gözdən qaçıraq, amma gün kimi aydın görünən əsas məqam o idi ki, birinci piketə loyallıq da, ikinci piketi dağıtmaq da siyasi iradənin nəticəsi idi. Bütün hallarda Müsavat Partiyası öz mövqeyini nümaiş etdirdi. Onun mövqeyinə ikili münasibət isə artıq bizə hadisələrin necə cərəyan etdiyini görməyə imkan yaratdı.

Gözlənilən nəticəsizlik

Lavrovun səfərinin gözlənilən nəticələrindən biri demək olar ki, burada susmaq idi. Faktiki olaraq Rusiya xarici işlər naziri Bakı səfərində heç nəyin altını cızmadı. O, sadəcə, Azərbaycanda olduğunu “göstərmək” naminə Ermənistan tərəfini destruktiv ritorikadan əl çəkməyə çağırdı. Bildirdi ki, belə ritorika ilə yaxşı nəticələr əldə etmək olmaz. Bu çağırış demək olar ki, blef idi. Çünki Ermənistanın Azərbaycanla razılaşmaması Rusiyanın işinə yarayır. Yəni Yerevan və Bakı ikitərəfli qaydada dil tapdıqca, Moskvaın buradakı rolu əhəmiyyətsizləşir. Buna görə də Lavrovun Ermənistana çağırış etməsi həm də gözü Cənubi Qafqazda olanlara “burada bizsiz heç nə alınmaz” mesajını verməkdir. Əgər 10 noyabr sənədində Naxçıvanı Azərbaycanla bitişdirən dəhliz barədə razılaşma varsa, niyə Kreml indi çalışır ki, bu dəhlizin açılmasını bizə xüsusi zəhmətin və diplomatik fədakarlığın nəticəsi kimi təqdim etsin? Çünki Rusiya demək istəyir ki, mən olmasam, heç nə alınmaz. Əslində isə bu proses uzandıqca, Rusiyanın yarıtmazlığı ortaya çıxır. Bu dəhliz nə qədər gec açılacaqsa, bu, Kremlin prosesi düzgün koordinasiya etməməsinin nəticəsi kimi başa düşülməlidir. Belə də təqdim olunmalıdır. Rəsmi Bakının bu istiqamətdə yalnız Ermənistanı ittiham etməsi bir çox aspektdən başadüşüləndir. Amma fakt budur ki, bütün qınaqların ünvanı Kreml olmalıdır. Niyə? Çünki indi özünü naz evi kimi aparan Yerevanı Azərbaycan ordusunun Xankəndini azad etməsinə imkan verməməklə məhv olmaqdan qoruyan və yenidən danışmaq üçün ona cəsarət verən məhz Rusiyadır. Bunu hamı bildiyi halda Kreml özünü güya vasitəçi kimi aparmaqla, sadəcə, aranı qızışdırdığını pərdələyir. Əslində isə Rusiya burada Azərbaycana qarşı olan tərəfin açıq dəstəkçisidir.

Bağlı qapılarda açıq söhbət?

Əslində heç kim bilmir ki, bağlı qapılar ardında hansı söhbətlər olub. Əgər olubsa belə, bunun real nəticələrini müşahidə etmək gərək ki, çətin olmasın. Bu mənada biz sonuncu səfərə sadəcə münasibətlərin dondurulması qiymətini də verə bilərik. Rusiya bir çox məsələlərin müzakirə edilməməsinə nail olaraq, dünyaya “bura bizimdir” mesajı verdi. Amma görünür hələ ki, bunu tam açıq göstərməyin ziyan verəcəyini da anlayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xismev

Ən çox baxılan