Tiqran Hzmalyan

Mənbə: https://a1plus.am/ru

Başlıq: Tiqran Hzmalyan

“Putin xuntası Azərbaycan oliqarxlarının təklif etdiyi bir neçə milyard dollara Ermənistanı satdı”

Partiya sədri: “Sizin indiki Konstitusiyanızda bəyan edilən ilk Azərbaycan Demokratik Respublikasının tərkibində Qarabağ olmayıb"

“Putin xuntası Azərbaycan oliqarxlarının Bakının adından təklif etdiyi bir neçə milyard dollara Ermənistanı satdı. Bu "sövdələşmə"nin nə qədər uğurlu, sərfəli və uzunmüddətli olacağını hamımız tezliklə görəcəyik”.

Bu açıqlamanı Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan “Turan” İA-nə müsahibəsində səsləndirib.

Partiya sədri düşünür ki, baş verənlər "parlaq qələbə" termini ilə təsvir olunur:

“Üstəlik, həqiqətən də “Taun zamanı ziyafət”ə dəng gəlir, ümumdünya pandemiya günlərində, bütün bəşəriyyətin bir növ barışıq elan etdiyi və həyatın xilas edilməsilə məşğul olduğu bir vaxta. Həmin günlərdə müharibə və kütləvi qətllər hələ siyasi və mənəvi qiymətini alacaq və tezliklə bu, müharibənin nəticələrini güclü şəkildə dəyişəcək”.

“Bu, Rusiya tərəfindən xəyanətdirmi?” sualına “Mənim fikrimcə, daha da vulqarcasına və həyasızcasınadır” deyə cavab verib.

Tiqran Hzmalyan özünün də II Qarabağ savaşında iştirak etdiyini bildirib:

“Mən 13 oktyabr 2020-ci ildən könüllü dəstənin tərkibində cəbhədə olmuşam və bizim dəstə Mardakert rayonunda öz mövqelərindən bir addım geri çəkilmədi”.

O, müharibədən sonra Ermənistandakı durumu belə şərh edib:

“Hamının və ya çoxunun adından danışmaq mənasızdır – çoxdankı bir deyim var, qələbənin atası çox olur, məğlubiyyət isə həmişə yetimdir. Həqiqətən də müharibədən sonra Ermənistanda "xəyanət" sözü tez-tez səslənir. Bu, şübhəsiz ki, baş verib. Lakin fikir ayrılıqları və ziddiyyətlər məhz burada başlayır. Bütün ölkələrin cinayət məcəllələrində "dövlətə xəyanət" maddəsi var, burada bir vətəndaşın və ya bir qrup vətəndaşın başqa ölkənin maraqları naminə öz dövlətinə xəyanət etməsi nəzərdə tutulur. Lakin heç bir qanunvericilikdə belə bir maddə yoxdur ki, dövlətin özü, daha doğrusu, onun hökuməti başqa ölkənin mənafeyi naminə öz vətəndaşlarına xəyanət edir. Məhz bu, Ermənistanda baş verib, həm də 2020-ci ilin payızında yox, daha öncə, ən azı 20 il öncə. Konkret olaraq, 27 oktyabr 1999-cu ildə. O vaxt parlamentdə terror aktı və Baş nazirin, parlament spikerinin, deputatların və nazirlərin qətlə yetirilməsi nəticəsində Yerevanda Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi dövlət çevrilişi baş verdi və onların əlaltıları və agentləri hakimiyyətə gəldilər. 9 noyabr 2020-ci il, sadəcə, bu dramın finalı oldu. Ona görə də bütün bunlarda Paşinyanın rolu şübhəsizdir, amma ikincidir. O, ancaq satqınlar və kollaborasionistlər arasında ikinci dərəcəli personajdır”.

Tiqran Hzmalyan hesab edir ki, Rusiya Ermənistanı işğal edib və müstəmləkələşdirib:

“Rusiya bizi nəinki siyasi suverenlikdən, həm də iqtisadi müstəqillikdən məhrum edib. Əsrin son dörddə birində Rusiya Ermənistanda bütün energetika, sənaye, dəmir yolu, mobil rabitə, qaz infrastrukturu və elektrik şəbəkəsi, xüsusi xidmət orqanları, HHM, informasiya resursları və bir sıra siyasi partiyaları ələ keçirib və indiyədək nəzarət edir. Bu, bizdə Rusiyanın hərbi bazasını və FTX qoşunlarını yerləşdirən Levon Ter-Petrosyanın dövründə başladı, daha sonra Köçəryan və Sarkisyanın dövründə tam sürətlə davam etdi, Paşinyan dövründə isə artıq başa çatdı. 2020-ci ilin payızında döyüş meydanında və arxa cəbhədə Ermənistan tərəfdən ötən əsrin silahları ilə silahlanmış, Rusiya hərbi məktəblərinin sovet düşüncəli kəmsavad məzunlarının komandanlığı və müstəmləkə administrasiyasından seçilmiş lakeylərin siyasi rəhbərliyi altında fəaliyyət göstərən Sovet-Rusiya silahlı qüvvələri vardı. Bütün bunlar Moskvanın Birinci Qarabağ Müharibəsindən sonra apardığı 25 illik seleksiyanın və "təmizləmə"nin nəticəsi idi. Ermənistanın imperiya nəzarətindən çıxdığını görərək milli, demokratik, müstəqil dövlət qurmağa başladı. Bütün narazılar ya öldürüldü, ya ölkədən çıxarıldı, ya da azadlıqdan, işdən və səsdən məhrum edildilər. Odur ki, Ermənistanın məğlubiyyəti əslində Rusiya müstəmləkəsinin, Rusiyanın postsovet modelinin məğlubiyyəti, Rusiya siyasətinin və ümumilikdə Rusiyanın özünün məğlubiyyəti oldu. Bu mənada bu müharibənin çoxminlik itkiləri Ermənistanın bədəlli qurbanlarıdır, Rusiya müstəmləkəçiliyindən qurtulmaq, cəmiyyətimizin bir hissəsinin Rusiyanın müttəfiqliyi və himayədarlığı haqda illizüyası üçün ödədiyimiz ağır əvəzdir. Bəzən olduğu kimi, Rusiya özü bizim haqlı olduğumuzu sübut etdi. Müstəmləkəçilik zəncirlərini qanla qıran Gürcüstan, Moldova, Ukrayna, Belarusla yanaşı, Ermənistan da növbəti postsovet ölkəsinə çevrildi”.

Müharibənin nəticələrinin hansı müstəvidə Rusiya-Ermənistan münasibətlərinə toxunacağına gəlincə, partiya sədri deyib ki, gələcək münasibətlər bu prosesin nəticələrinə əsaslanacaq, özü də təkcə Ermənistanda deyil, bütün dünyada:

“1991-ci ilin avqustunda Bakının qiyamı tələsik dəstəklədiyi, Yerevanın isə uzaqgörənliklə pislədiyi bir vaxtda Moskvadakı vəziyyəti xatırlatmaq istərdim. Bunun Yeltsin Rusiyasının Azərbaycanla və Ermənistanla gələcək münasibətlərinə nə kimi təsir göstərdiyini xatırlayırsınız. Putin rejiminin qaçılmaz məğlubiyyəti ilə bağlı bəzi analogiyalar mənə aydın görünür. Ancaq qəribə görünsə də, Paşinyanın Yerevanda hakimiyyətini hələ də məhz Putinin dəstəyi saxlayır. Guya Putinlə Paşinyan arasında "münaqişələr" haqda bütün söhbətlər Moskvanın Bakı ilə sövdələşməsi üçün görüntü idi. Əslində, Paşinyanın Kremlə loyallığı bu davranışın cinayətkarcasına səhvi kimi lap əvvəldən bizə aydın idi. Yeri gəlmişkən, məhz buna görə də 2018-ci ildə biz Yerevandakı moskvalı çekistləri ört-basdır etməyə və onların nəzarətini uzatmağa yönəlmiş "məxməri inqilab"ın saxta və qurama olduğuna əmin olaraq Ermənistan Avropa Partiyasını yaratdıq. Müharibənin nəticəsi isə Ermənistanın Rusiyadan qoparılması olacaq, necə ki, bu, Gürcüstan, Moldova, Ukrayna və Belarusda analoji proseslər nəticəsində baş verdi. Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq”.

Tiqran Hzmalyan Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığı haqda suala belə cavab verib:

“Barışıq və münasibətlərin normallaşdırılması həmişə düşmənçilikdən daha üstündür və bunu Ermənistanda heç kimə sübut etmək lazım deyil. Qarşılıqlı sual vermək olardı - Azərbaycanda və Türkiyədə bu aksiom göz önündədirmi, burada ermənilərə qarşı düşmənçilik və nifrət dövlət siyasəti səviyyəsində inkişaf edir, uşaq bağçaları və məktəblərdən başlayıb futbol, opera, ordu və prezident Əliyevin çıxışları ilə bitir. Ermənistan siyasətçiləri, hərbçiləri və sıravi vətəndaşlarının Qarabağ probleminin həllilə bağlı əqidəsi bizim mövqeyimizin haqlı olmasına və tarixi ədalətə əsaslanır. Bizim haqlı olmağımızın səssiz şahidləri və sübutlar – e.ə. 1-ci əsr Tiqranakert qalasıdır, Amaras, Dadivank, Qandzasar monastr və kilsələri, 2 min il ərzində bu torpaqda ucaldılmış onlarla digər erməni məbədidir. Barışıq və münasibətlərin normallaşdırılması qarşılıqlı prosesdir. Lakin bir xüsusiyyəti qeyd edim ki, uzunmüddətli və davamlı sülh, xüsusən də mehriban qonşuluq və əməkdaşlıq tarixdə heç zaman diktaturalar arasında mövcud olmayıb. Məsələn, iki ildən sonra Stalin və Hitler tərəfindən pozulmuş Molotov – Ribbentrop paktı. Başqa variant - diktatura və demokratiya arasında etibarlı barışıq yalnız demokratik tərəfin qüdrətli müttəfiqin gücüilə müdafiəsi şərtilə mümkündür. Məsələn, Şimali və Cənubi Koreya və ya Çin və Tayvan, burada ikincilər birincilərin hücumlarından yalnız ABŞ-ın hərbi gücü ilə qorunur. Və nəhayət, üçüncü variant, ən üstün və yeganə realist variant - iki demokratiya arasında barışıq və ittifaq. Məsələn, əsrlər boyu döyüşmüş Almaniya və Fransanın indiki münasibətləri. İspaniya və Niderland. Britaniya və İrlandiya. Necə düşünürsünüz, ölkəmizin Avropaya inteqrasiya, demokratiya və azadlıq istiqamətində irəliləyəcəyini nəzərə alaraq, Ermənistanla Azərbaycanın indiki və gələcək münasibətləri bu üç variantdan hansına bənzəyir?…”.

O, Ermənistanda və Qarabağda azərbaycanlılarla birgə yaşamaq ideyasının rədd edilməsi haqda deyib ki, Azərbaycanda erməni tarixi və psixologiyasının mühüm bir özəlliyini anlamırlar:

“Ermənistanda Qarabağ münaqişəsi erməni soyqırımının davamı və bir hissəsi kimi qəbul edilir. Ciddi desək, bu, elə belədir. Məhz 1921-ci il rus– türk müqaviləsi və onun ardınca Qarabağın Ermənistanın tərkibindən Azərbaycana verilməsi haqda Stalinin qərarı soyqırım və Patriasidin - erməni xalqının məhv edilməsi və onun vətənindən məhrum edilməsinin final aktı oldu. Və bu 1915-ci ildən 1921-ci ilədək Türkiyə və Rusiya tərəfindən birgə həyata keçirildi. "Zərərsiz" repressiyaları yada salmayacam, lakin hətta bu günlərimizdə də erməni idmançılara, musiqiçilərə, sahibkarlara, xarici turistlərə, şərait səbəbindən Azərbaycanda dövlət təqibinin, adam oğurluğunun və həbslərin qurbanı olanlara qarşı repressiyaları xatırlatmaq istəyirəm. Düşünürəm ki, Bakı hakimiyyəti bu cür "vədləri" öncə özünə, öz xalqına, sonra isə bizə təqdim etməli və sübut etməlidir. Əslində məhz əsrin əvvəllərində baş vermiş xalqların bölünməsi daimi gərginliyə, şübhəyə, qorxuya və yeni müharibələrə qarşı ən təsirli və etibarlı vasitədir. Bunun əksi xalqların iradəsi ilə deyil, öz maraqları, cəzasız və nəzarətsiz olaraq ölkəni, xalqı talan etmək imkanları naminə qəsdən düşmənçilik və nifrət toxumu səpən, onu dəstəkləyən hakimiyyətlərin pis niyyəti səbəbindən baş verir”.

Partiya sədri Ermənistanın heç vaxt və heç bir halda Qarabağda öz hüquq və öhdəliklərindən əl çəkməyəcəyini bildirib:

“Rus xidmətindəki ayrı-ayrı siyasətçilər nə desələr də, bununla bağlı cəmiyyətdə və erməni diasporunda mütləq konsensus var. Bunun sübutu müharibə günlərində mənim də iştirak etdiyim böyük könüllü hərəkatdır, Rusiya xüsusi xidməti və onun yerli agentləri tərəfindən çətinliklə neytrallaşdırılan diaspor və arxa cəbhəni böyük dəstəyidir. Müharibə zamanı bütün "qəribə geri çəkilmələr" hərbi hissələr və könüllülər tərəfindən deyil, Rusiya FTX və BKİ-nin nəzarət etdiyi xüsusi bölmələr tərəfindən həyata keçirilirdi. Belə ki, oktyabrın 3-də Milli Təhlükəsizlik Xidmətinin bir hissəsi "qəflətən" cəbhə xəttindən getdi, noyabrın əvvəlində isə eyni “qəribə” əmrə əsasən Ermənistan DİN batalyonlaru Şuşadan getdi”.

Hzmalyan iddia edib ki, tezliklə Ermənistanda hakimiyyəti və məsuliyyəti öz üzərinə götürəcək milli-demokratik qüvvələr ilk dekretlərdən biri kimi dövlətin 1918-1921-ci illərdə mövcud olmuş ilk respublikanın hüquqi varisliyini elan edəcəklər:

“Yeri gəlmişkən, vaxtilə bunu Azərbaycan və Gürcüstan da ediblər. 1990-cı ildə Ter-Petrosyanın təzyiqi ilə Müstəqillik bəyannaməsinə Sovet Ermənistanına hüququ varislik haqqında maddə daxil edilmişdi. Biz bu cinayətkarcasına səhvi düzəldəcəyik və o zaman artıq söhbət Qarabağ ermənilərinin özünütəyin hüququndan yox, Ermənistan Respublikasının ərazi bütövlüyündən gedəcək.Yeri gəlmişkən, istənilən beynəlxalq məhkəmə diqqəti ona yönəldəcək ki, sizin indiki Konstitusiyanızda bəyan edilən ilk Azərbaycan Demokratik Respublikasının tərkibində Qarabağ olmayıb. Odur ki, bu cür məsələləri kifayət qədər dəyişkən olan güc hüququ ilə yox, dəyişməz olan hüququn gücü ilə həll etmək olar və lazımdır. Bizim gələcək hakimiyyətimiz də məhz bunu təklif edəcək. Sülh və mehriban qonşuluq silahla deyil, hüquqla əldə edilir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/onwczj

Ən çox baxılan