Putin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara “biz hazırıq” dedi

Foto: Reuters

O deyib ki, Ukrayna hakimiyyəti Zelenskinin onunla danışıqlara qadağa qoyması səbəbindən onları qeyri-legitim kimi tanıya bilərlər

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara ehtiyac olması ilə bağlı açıqlamalarını şərh edib.

Putin “Rossiya” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsində deyib ki, əgər Tramp 2020-ci ildə ABŞ Prezidenti seçilsəydi, bəlkə də Rusiya-Ukrayna müharibəsi başlamazdı.

“Rusiya heç vaxt ABŞ administrasiyası ilə əlaqə saxlamaqdan imtina etməyib. Əvvəlki administrasiyanın bu təmaslardan imtina etməsi bizim günahımız deyil. ABŞ-nin hazırkı Prezidenti ilə deyərdim ki, həmişə işgüzar, eyni zamanda da praqmatik, güvənilir münasibətlərim olub. Razılaşıram ki, 2020-ci ildə onun qələbəsi oğurlanmasaydı, yenı Prezident seçilsəydi, bəlkə də 2022-ci ildə Ukraynada böhran baş verməzdi”, – Putin deyib.

Onun fikrincə, prezidentlər bu günün reallıqlarına əsaslanaraq görüşüb, həm ABŞ, həm də Rusiya üçün maraqlı olan bütün sahələr haqqında sakit şəkildə danışsalar yaxşıdır.

“Biz hazırıq”, –  deyən Rusiya Prezidenti əlavə edib ki, ilk növbədə, belə bir görüşün mümkünlüyü indiki Amerika administrasiyasının qərarlarından və seçimlərindən asılıdır.

Putin həmçinin Rusiyanın Ukrayna üzrə danışıqlara hazır olduğunu bildirib. Amma xatırladıb ki, Ukrayna hakimiyyəti Prezident Volodimir Zelenskinin onunla danışıqlara qadağa qoyması səbəbindən onları qeyri-legitim kimi tanıya bilərlər.

“Kiyev rejiminin hazırkı başçısı hələ kifayət qədər legitim ikən danışıqları qadağan edən fərman verdi. Qadağan olunmuş danışıqları necə təzələmək olar? Mövcud tənzimləyici durum çərçivəsində danışıqlar başlasa, onlar, birmənalı desək, qeyri-legitim olacaq. Belə olan halda, danışıqların nəticələri də qeyri-legitim elan edilməlidir”, – Putin bildirib.

Zelenski 2022-ci ilin oktyabrında Rusiyanı sülhə maraqlı olmamaqda ittiham edərək, bu ölkə ilə danışıqları qadağan edən fərman imzalayıb.

Putin isə əksinə, Ukraynanı qondarma Donetsk və Luqansk Xalq Respublikaları, eləcə də Zaporojya, Xerson vilayətlərinin ərazilərini müzakirə etmədən danışıqlara keçməyə çağırıb.

“Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq. Bu, bir dəfədən çox deyilib. Amma biz Donetsk, Luqansk, Zaporojye və Xersonda xalqın seçimini müzakirə etməyəcəyik”, – Putin deyib.

Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Putin 2022-ci il fevralın 21-də televiziya ilə yayımlanan çıxışında qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR)  müstəqilliyini tanıdığını deyib.

Çıxışında Ukraynanın Rusiya tərəfindən yaradıldığını deyən Putin Lenini Ukraynanın “müəllifi və qurucusu” adlandırıb.

O, Ukraynanı təhdid edərək deyib ki, Rusiya “həqiqi dekommunizasiyanın (kommunizimsizləşdirmə – kommunizmin qalıqlarından yaxa qurtarma) necə olduğunu sizə göstərməyə hazırdır.

İki gün sonra, fevralın 24-də isə Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Donald Tramp isə namizəd olduğu dövrdə də, həmçinin ABŞ Prezidenti seçiləndən sonra da Ukrayna-Rusiya müahribəsində dəfələrlə Co Bayden Adminstrasiyasını günahlandırıb.

Deyib ki, əgər o, Prezident olsaydı, Rusiya ilə Ukrayna arasında gərginlik baş verməzdi. Tramp hətta açıqlamalarının birində demişdi ki, Prezident olandan 24 saat ərzidə müharibəni dayandıracaq.

O, ən son yanvarın 23-də Davos İqtisadi Forumunda çıxışında Ukraynada müharibəyə son qoymaq üçün yaxın vaxtlarda Vladimir Putinlə görüşmək istədiyini bildirib.

“Mən bu müharibəyə son qoymaq üçün tezliklə Prezident Putinlə görüşmək istərdim. Bu, iqtisadiyyat və ya digər məsələlərlə bağlı danışıqlar deyil. Bu, milyonlarla həyatın boşa getməsi baxımındandır”, – Tramp deyib.

ABŞ Prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı və OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı ölkələrindən neftin qiymətini aşağı salmağı xahiş edəcək. Onun fikrincə, bu addım Rusiya-Ukrayna müharibəsinin dərhal başa çatmasına səbəb olacaq.

Tramp bir gün əvvəl isə Ukrayna ilə tezliklə sülh razılaşması əldə olunmasa, Rusiyanın ABŞ və digər ölkələrə satdığı mallara görə yüksək vergi, rüsum və sanksiyalar tətbiq edəcəyini demişdi.

Ana səhifəDünyaPutin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara “biz hazırıq” dedi