Putin müharibənin uzunmüddətli olacağını deyir

Foto: Meydan TV

Rusiya Prezidenti yeni səfərbərliyə ehtiyac olmadığını bildirib

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli ola bilər.

Lakin o, ikinci səfərbərliyə hələ ki ehtiyacın olmadığını deyib.

“Reuters”in yazdığına görə, Vladimir Putin doqquz aydan çoxdur ki, davam edən müharibənin müddəti haqqında nadir hallarda danışıb.

Dekabrın 7-də isə o, televiziyada çıxışı zamanı müharibənin hələ bir müddət davam edə biləcəyini söyləyib: “Bu, uzun bir proses ola bilər”.

Rusiya fevralda özünün “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyata başlayıb və həmin vaxt bildirib ki, Ukraynanın Qərblə dərinləşməsi Moskva üçün təhlükəsizlik təhdididir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə hücumunun 2023-cü ildə bitəcəyinə ümid edir.

Prezident ukraynalılara bu dəhşətli dönəmdə kömək edən Avropadakı dostlarına təşəkkür edib.

“İnanıram ki, ukraynalılar gələn il də ən nüfuzlu xalq olacaqlar, ancaq bu dəfə artıq sülh şəraitində”, – Zelenski “Politico” dərgisinə müsahibəsində deyib.

Putin dekabrın 7-də verdiyi açıqlamada nüvə müharibəsi riskinin artdığını da söyləyib.

O bildirib ki, Rusiya ehtiyatsızlıqdan belə silahlardan istifadə etməklə hədələməyəcək.

“Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu anlayırıq. Bizim bu vasitələrə hər hansı digər nüvə ölkəsindən daha təkmil və müasir formada malikik. Amma biz bu silahı ülgüc kimi yelləyərək dünyanı dolaşmaq fikrində deyilik”, – Putin bildirib.

Putinin sözlərinə görə, sentyabr və oktyabr aylarında çağırılan 300 min ehtiyatda olan hərbçidən 150 mini Ukraynada, 77 mini isə döyüş bölmələrində yerləşdirilib.

Qalan 150.000 nəfər hələ də təlim mərkəzlərindədir.

“Bu şərtlər daxilində hər hansı əlavə səfərbərlik tədbirləri haqqında danışmaq heç bir məna kəsb etmir”, – Putin bildirib.

Ana səhifəDünyaPutin müharibənin uzunmüddətli olacağını deyir