Putin islahatlarının iki üzü

Zatən arxalarında Putindən başqa heç kimin olmadığı rejimlərin başqa yolu da qalmır.

Seymur Həzi, Foto:: Meydan TV


Prezident özündən başqa “Putin”in olmadığına da qəti əmindir

Rusiya yeni dövlət quruluşu modelini əsas tutan referenduma getmək haqqında qərar verdi. Bunun hansı məqsədlərlə edildiyini biz indidən deyə bilməyəcəyik. Ancaq ehtimal olunan iki variant var. Birincisi odur ki, Rusiya siyasətinin inzibati avtoriteti Vladimir Putin bu qanunvericilik çərçivəsindəki səlahiyyətlərinin başa çatmasından sonra növbəti dövrdə hakimiyyətin zirvəsində oturmaq üçün özünə yeni hüquqi zəminlər hazırlayır. Bunun üçün də birinci şəxsin səlahiyyətlərinin bölüşdürülməsi kimi bir addıma əl atır. Bu taktika ilə özünün gələcəkdə daha yumşaq rəhbər olacağı mesajını verməklə yanaşı həm də səlahiyyəti artmış qurum və quruluşlardan daha səmimi dəstək almaq niyyəti güdür. O düşünür ki, hər bir halda rus xalqı ilə sonuna qədər eyni ritorika ilə danışmaq xeyir gətirməz. Ona görə də gəlişin yeni formasını təqdim etmək lazımdır və bu dəfə tək gəlmək olmaz. Yəni Dumanı və kabineti də yenidən canlandırmaq lazımdır. Tarixdə Parlamentin seçdiyi diktatorlar kifayət qədərdir.


Soyuq islahat başlayırmı?

İkinci varant budur ki, Putin doğurdan da islahatlar haqqında düşünür. Qərara gəlir ki, bundan sonra rəhbər olmasın. Özündən başqa “Putin”in olmadığına da qəti əmindir. Buna görə də ölkənin bir şəxsin sükan arxasında oturduğu gəmi kimi idarə etməyin ziyanlı olacağına qənaət gətirib. Bu səbəbdən də hakimiyyət bölgüsünü dərinləşdirmək istəyindədir. Onun bu istəyi təbii ki, Rusiyada ciddi islahatların qapısını açacaq və əksər siyasi dəyərləri Rusiyadan idxal edən rejimlər öz siyasi istehsalatlarında ya xammal qıtlığı yaşayacaqlar, ya da yeni siyasi sənayeləşməyə ayaq uydurub dəzgahlarını dəyişəcəklər. Yəni Putin kimi islahat yolu tutacaqlar. Zatən arxalarında Putindən başqa heç kimin olmadığı rejimlərin başqa yolu da qalmır. Putinin bu cür islahatlar yolu tutması dərin inam yarada bilməsə də, hazırkı əyani sübutlarla bu barədə də düşünməmək olmur. Gələcək barədə qəti danışmaq peşəsinin ustaları inciməsə, biz də deyərdik ki, hər şeyi zaman göstərəcək, indilikdə idə biz düşünək ki, Putin islahatlar edir və Rusiya indiki obrazından imtina edir. Bu, dünya siyasəti üçün nəzəri olaraq nə demək olardı? Təsvir etməyə çalışaq.


Rusiya demokratik qütb kimi

Düşünək ki, Rusiya artıq terror təşkilatlarına silah satmır. Münaqişədə olan dövlətlərə silah satmır. Silahını almayan ətraf xırda ölkələri münaqişələrdə uduzdurmaqla şantaj etmir. İki xalqı bir-birinə qarşı qoyub regional nüfuz təmin etmir. Suriyada Əsəd rejimini dəstəkləmir. İlham Əliyevin hakimiyyətlə ürəyi istədiyi kimi oynamasına imkan yaratmır. Heç bir ölkədə “seçki”yə müdaxilə haqqında plan qurmur. Abxaziya və Osetiya münaqişəsindən əl çəkib. “Qarabağ”da tərəf tutmur. Qərbdən müdafiə qalxanı kimi fundamentalizmə kürək söykəmir. Əksinə ətrafdakı xalqların azadlıq və demokratiya haqlarını dəstəkləyir. Bu zaman ABŞ-ın həqiqi rəqibinə çevrilir. Bu real rəqabətdən təbii ki, bəşəriyyət qalib çıxır. Şübhə yoxdur ki, bir yaxşı və pisin arasındakı rəqabətdən insanlar daha az fayda əldə edə bilərlər, nəinki iki yaxşının rəqabətindən. Bunu fərqi “ nisbətən yaxşı”nı tapmaqla “daha yaxşı”nı tapmağın arasındakı fərq kimdir. Bütün bunlar təbii ki, nəzəri mənzərədir. Praktikada isə deyilənlər hələlik dialektikanın qanunlarını inkar edir. Ola bilsin ki, Putin də sinergetikaya üz tutub. Hər halda ümid etməkdə ziyan yoxdur.

Ana səhifəXəbərlərPutin islahatlarının iki üzü