“Pul verə bilmədik, övladımın həyatını məhv elədilər”

“Mən yaşlı adamam, taksi sürməklə ailəyə bir parça çörək aparıram”

Source: Specify Source


Arif Məmmədov: “Ailəmin taqəti qalmayıb”

Gəncə sakini Arif Məmmədov 9 ildir həbsxana yollarındadır. 1992-ci il təvəllüdlü oğlu Elvin Məmmədov hərbi xidmətdə olduğu vaxtdan həbsə düşüb.


Hərbi xidmət zamanı ölüm hadisəsi

Elvin Məmmədov 20 yaşında həbsə düşüb. O, Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələrilə 13 il azadlıqdan məhrum edilib. 2012-ci ilin avqustundan həbsdə olan Elvin Məmmədov hazırda 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Elvin Məmmədov hərbi xidmət zamanı baş atıcı olub. O, eyni manqada atıcı kimi xidmət edən əsgər Nurlan Abbasovu qəsdən öldürməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Nurlan Abbasovun hərbi gödəkçəni ləng tikməsindən əsəbiləşərək onunla mübahisə edib və üstündəki avtomatla onu qətlə yetirib. Güllə Nurlan Abbasovun boyun nahiyəsindən dəyib.


“Müstəntiq bu yolla qisas aldı”

Arif Məmmədov isə deyir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib: “Əvvəlcə Cinayət Məcəlləsinin 120.1 maddəsilə cinayət işi başlamışdılar. Müstəntiq özü də gördü ki, burada qəsdən adam öldürmə yoxdur, ehtiyatsızlıqdan olub. Cinayət Məcəlləsinin 350.2-ci (silahla davranış ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsinə dəyişmək üçün bizdən pul istədilər. Verməyə pulumuz olmadı…”

İstintaq zamanı oğlunun hüquqlarının pozulduğunu deyən Arif Məmmədovun sözlərinə görə, vəkil bu barədə yuxarı orqanlara şikayət edib. Yol verilən pozuntulara görə müstəntiq Tural Həsənli intizam məsuliyyətinə cəlb olunub: “Əvvəl vəkil tutmağa imkan olmamışdı, dövlət hesabına vəkil idi, o da heç nə eləmirdi. Vəkil tutandan sonra o, prokurordan da, müstəntiqdən də şikayət yazdı. Təsəvvür edin, müstəntiqə cəza veriblər, altı gün sonra oğluma elə vəkilin yanında ağzına gələni deyib. Elə həmin gün də maddəni xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə çevirib, oğlumun vəziyyətini daha da ağırlaşdırıb. Özlüyündə bununla qisas alıb”.

photo-2021-04-27-18-59-34.jpg
Məhkəmə qərarı


“Bilmirəm ki, ailəni dolandırım, yoxsa o uşağın yanına aparım, ac qalmasın”

Elvin Məmmədov haqqında hökm 22 aprel 2013-cü ildə Tərtər Hərbi Məhkəməsində çıxarılıb. Gəncə Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Hadisədən təxminən 7 il sonra – 2019-cu ilin fevralında Ali Məhkəmədə bu işə baxılsa da, nəticə dəyişməyib. Aşağı instansiya məhkəmələrinin hökm və qərarları qüvvədə qalıb.

Arif Məmmədov deyir ki, müxtəlif dövlət orqanlarına, beynəlxalq təşkilatlara məktublar göndəriblər, gerçəyin üzə çıxmasına çox çalışıblar. Amma cəhdləri nəticəsiz qalıb:

“Mən yaşlı adamam, taksi sürməklə ailəyə bir parça çörək aparıram. Bilmirəm ki, ailəni dolandırım, yoxsa o uşağın yanına aparım ki, ac qalmasın. 24 ildir ki, kirayələrdəyik. Yoldaşım epilepsiya xəstəsidir. Əgər oğlum doğrudan da qəsdən öldürsəydi, heç bu barədə danışmazdım. Elvini tanıyanlar da bilir ki, o, necə bir adamdır, qarışqanı tapdamaz. Əvvəl Naxçıvanskidə oxumuşdu, sonra Ali Hərbi Akademiyada. İkinci kursdan çıxdı. Altı ay idi əsgər getmişdi, bu hadisə oldu. Demirəm ki, heç günahı yoxdur. Amma hər əməlin öz adı, öz cəzası var. Pulsuzluğa, adamsızlığa görə həyatını məhv elədilər…”

Atasının sözlərinə görə, Elvin Məmmədov uzun illərdir saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində də müsbət xarakterizə olunur. Müəssisənin daxili intizam qaydalarına əməl edir:

“Bir neçə dəfə əfv üçün ərizə də yazıb, amma düşməyib. Qanun, ədalət kağız üzərində qalmaq, ancaq efirdən demək üçün deyil ki… Övladımın da, ailəmin də taqəti qalmayıb. Biz də bu millətin övladı, bu dövlətin vətəndaşlarıyıq. Niyə bizə kömək eləmək istəmirlər?”

Elvin Məmmədov haqqında çıxarılmış məhkəmə aktlarında isə iddia olunur ki, ona qarşı irəli sürülmüş ittihamlar, o cümlədən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi təsdiqini tapıb.

Ana səhifəBölgə“Pul verə bilmədik, övladımın həyatını məhv elədilər”