Prokurordan keçmiş nazir müavininə 10 il həbs cəzası tələb etdi

Onun sözlərinə görə, Rafiq Bayramovun işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir.

Source: google.az


Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib

Bir ildən çoxdur ki, DTX-nın istintaq təcridxanasında saxlanılan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ona 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il həbs cəzası kəsilməsini istəyib.

Dövlət ittihamçısı bildirib ki, sabiq nazir müavini haqqında istintaq və məhkəmə prosesi təxminən bir ildir davam edir. Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə irəli sürülən ittihamların məhkəmədə sübuta yetirildiyini vurğulayan prokuror ağırlaşdırıcı və yüngülləşdirici halları da sadalayıb. Onun sözlərinə görə, Rafiq Bayramovun işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Onun yaxınları 1 milyon 178 min manatı dövlət nəfinə keçirib. Bu da yüngülləşdirici hal kimi nəzərə alınıb. İttihamların ağır cinayətlər kateqoriyasına aid olması isə ağırlaşdırıcı hal hesab edilib.

Prokurordan sonra sabiq nazir müavininin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə avqustun 10-da davam edəcək.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Avqustda Zakir Sultanovun da Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayacaq.

Ana səhifəMədəniyyətProkurordan keçmiş nazir müavininə 10 il həbs cəzası tələb etdi