Problemlərin müjdəsi

Həyatımıza gələn problemlər həyatımızda olan problemləri nişan verib, üzə çıxarır.

Foto: Meydan Tv


Problemini anlamağın yolu, özünü anlamaqdan keçir bütün hallarda

Həyatımıza gələn problemlər ömrümüzün yolunu, yaşantımızın “boyunu”, “buxununu” göstərir. Biz nə “boydayıqsa”, problemlərimiz də elə o boydadır. Bizim “çəkimiz” nə qədərdisə, problemlərimizin çəkisi də elə o qədərdi. Ola bilməz ki, “boy-buxunumuz”la, “çəkimiz”lə problemlərimizin boy-buxunu, çəkisi arasında hansısa şiddətli tərs mütənasiblik, açıq-aşkar fərq olsun.

Həyat naşı, yetirməsinin gücünü düzgün hesablaya bilməyən məşqçi deyil ki, qaldıra bilmədiyi yükü sifariş verib, tələbəsini el içində xar eləsin, yükün altında qoyub yaman dillərə salsın.

Bu mənada o məşhur məsəli bir balaca redaktə eləyib, elə beləcə də tirajlamaq olar: həyatına gələn problemləri göstər, deyim sən kimsən!

Problemlər, həyatımıza və başımıza gələndə, ona xoş üz göstərib, “xoş gəldin” deyib, bağrımıza basıb, hörmətli qonaq kimi yuxarı başa keçirməliyik, onu başdan-ayağa süzüb, yaxşıca müşahidə eləməliyik.

Onunla dartışmaq, qol güləşdirib, savaş açmaq yox, “niyə başqasının yox, mənim başıma gəldi” deyib divara dirəmək faydasızdı, əksinə olduğu kimi qəbul eləmək, ona isinişmək, dostlaşmaq lazımdı.

Zira, o nəyinsə müjdəçisi, elçisidir. Əmin ol ki, o gəlişiylə sənə nəsə mühüm ismarışlar verir, hansısa vacib məlumatları pıçıldayır, nəyəsə ya gizli, ya da açıq eyham vurub, işarələr eləyir.

Özü də bu nələrsə, hansısa ismarışlarsa çox ciddi, dərin mətləblərdən söz açır, qandırır.

Problemlər həyat ayələridi.

Həyatımıza gələn problemlər həyatımızda olan problemləri nişan verib, üzə çıxarır. Bundan sonrakı artıq sənin öz işindi. Həll edə də bilərsən, etməyə də.

Problemini anlamağın yolu, özünü anlamaqdan keçir bütün hallarda.

Paulo Kuoelyo hansısa əsərində “işarələrin ardınca gedin” deyirdi. Məncə, işarələr qəlblə, onun ritmiylə, çırpınma tərziylə, dinamikasıyla bağlıdır, problemlərsə yaşantıyla. İşarələr yüngül fon musiqisi kimidi. Əyləndirir, hərdən həzz, ya zövq verməyi də var. Yaşantı isə ağırtonnajlıdı, sərt, ağır həyat həqiqətləri ilə doludu. Bu mənada porblemlərin izi, qəlbin izindən daha ötədir, daha artıqdır, daha şirin və bəhərlidi.

Qəlbin iziylə nənəm də gedər. Problemlərin iziylə getməyəsə oğul lazımdı.

Problemlərin ardınca, iziylə gedin, çünki onun ünvana çatdırmaq, mənzil başına yetirmək istedadı var.

Problemlərin canında, bətnində öyrətmək potensialı, böyütmək imkanı da var. Bilməmək kimi bir şey yəni. Əlinin dalını yerə qoyub, nəhayət, günlərin birində bu sirli-sehrli dünyada daha heç nə bilmədiyini sakitcə etiraf eləyəndə, bilməzlik məqamı nələrisə gün kimi açıb qarşına düzür. Bilməzlik möcüzəli şəkildə bilməkliyə, bilgiyə çevrilir elə bil.

Problemlərin də beləcə alt qata kökləmək, dərinlərə dəvət eləmək, əl uzadıb uzaqlara aparmaq, fokuslamaq xassəsi var. Bu mənada o, incə öyrədən, lətif, çox səbrli həyat müəllimidir.

Problemsizlikdə bu imkan yoxdur. Ona görə də, problemsizlik elə ən pis problemdir. Bu səbəbdən də qoy porblemsiz elə yağınız, düşməniniz olsun!

Dediklərim təkcə fərdi situasiyalar üçün deyil. Kollektiv, icma, toplum, xalq, millət üçün də münasibdi, keçərlidi.

Məsələn, öz keçmiş sahəmdən, peşəmdən deyim. Azərbaycanın bugünkü aktual pəltək vəkillik problemi yerdə qalan cəmi vəkillərə xəlvətcə “göz vurub”, nəyəsə eyham edir. Hətta bu eyhamı görmək üçün tək bir göz də bəs eləyir.

Aid olduğum milləti misal çəkim. Bir tayfanın 50 illik hakimiyyətinə qeyri-insani itaət, hansısa vacib milli problemlərimizə mühüm ismarış, istinad verir.

Azərbaycan xalqı, azərbaycanlı fərdi kimi və ya tərsinə bir anlıq sükut edib, həyatını cəhənnəmə çevirən problemlərin ona demək istədiklərini, verdiyi ismarışları, müjdələri dinləməli, qulaq asmalıdır.

İşdi-şayət doğru-dürüst dinləsə, daha heç vaxt həyatı, yaşamı bir gün öncəki kimi olmayacaq.

“Necə dinlədiyinizə diqqət edin”. Özü də təkcə özünüzü yox, başqalarını da. Ya da tərsinə.

Problemlərlə qarşılaşanda, yaxud problemlər üstünüzə, başınıza gəlib, qapınızı astaca döyəndə, onunla qabaq-qənşər gəlib, bir-birinizin qaynar nəfəsini hiss eləyəndə, bir anlıq ayaq saxlayıb həyatınızın sualını verin:

– Axı bu problem mənə nə demək istəyir?!…

Cavab qaçılmazdır…

Ana səhifəXəbərlərProblemlərin müjdəsi