Kənd təsərrüfatı biznesindən tikinti biznesinə iri addımlarla
Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov son illər Bakının ən prestijli ərazilərində iri tikinti layihələri həyata keçirməyə başlayıb.
Prezident ailəsi ilə qohum olduqdan sonra biznes sahəsindəki əsas diqqəti kənd təsərrüfatına yönləndirən Səməd Qurbanov “Baku Agropark” şirkətinin qurucusdur. Bu şirkət sayəsində Şabran Agrocomplex və Zirədəki hektarlarla ərazini əhatə edən istixanaları ilə sərmayəsini zənginləşdirib, bununla yanaşı kəndlərin köçürülməsi ilə bağlı mübahisəli qərarlara səbəb olub.
İndi isə tikinti sektoruna qədəm qoyan Səməd Qurbanov birinci ailənin biznes mərkəzi sayılan “Port Baku Towers” kimi elit mərkəzdə ofisə sahibdir.
Bakı şəhərinin memarlığında yenilikçi addımlar atdığını iddia edən tikinti şirkəti “On Point” adlanır. Hazırda Səməd Qurbanova bağlı olduğu sübut olunan və paytaxtın mərkəzində bahalı yaşayış kompleksləri inşa edən şirkətin layihəsi “Primo Residence” brendi ilə təqdim olunur.
“Primo Residence” yaşayış kompleksləri əsasən yüksək təminatlı seqmentə hesablanmış bahalı mənzillərdən ibarətdir. Kompleks Tbilisi prospektinə yaxın ərazidə, mərkəzlə və əsas yollarla rahat əlaqə yaradan mövqedə inşa olunur. “Primo Residence” yaşayış kompleksi layihəsi 230 mənzildən ibarət olub, 1 500 m² kommersiya sahəsinə, 233 avtomobillik avtodayanacağa və 0,8 hektar həyətyanı sahəyə malikdir.
“On Point” şirkəti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “ON POİNT” MMC (VÖEN: 1003461671) kimi qeydiyyatdan keçsə də tarixçəyə görə “MİRLEKS DEVELOPMENT” MMC kimi yaradılıb, daha sonra “AZUR DEVELOPMENT” MMC adı ilə fəaliyyət göstərib.
2014-cü ildə 5000 manat nizamnamə kapitalı ilə yaradılan şirkətin qanuni təmsilçisi və təsisçisi Teymur Rasim oğlu Musayevdir. Jurnalistlərin əldə etdiyi sənədlərə görə, Teymur Musayev Səməd Qurbanovun şirkətlərinin idarəçiliyini həyata keçirir.

Tikinti layihəsindən əlavə Səməd Qurbanovun biznes ortağı Teymur Musayev “Alliance Logistics” adlı şirkətə də rəhbərlik edir. Baş ofisi “Port Baku”da yerləşən “Alliance Logistics” regionda yük nəqliyyatı üzrə iri layihələri həyata keçirən logistika şirkətidir. Dəmir və dəniz yolları üzərindən daşımalarda ixtisaslaşan şirkət layihələri tranzit, idxal, ixrac və daxili daşımalar rejimləri üzrə həyata keçirir. 2018-ci ilin noyabr ayından aktiv fəaliyyətə başlayan şirkətin portfoliosuna 250-dən çox şirkət daxildir.
Prezidentin eks kürəkəni, böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı, xalq artisti Emin Ağalarov da Xəzərin sahilində, Bakının bir neçə kəndinin ərazisində 750 hektar ərazini əhatə edən müasir kurort şəhəri sayılan “Sea Breeze” layihəsini inşa edib və daha da genişləndirir. Belə ki, İlham Əliyevin hazırki kürəkəni də tikinti layihələrinə start verərək birinci ailənin tikinti bazarında payını artırmaqla məşğuldur.