“Portos İnşaat” qadağalara məhəl qoymur

Fəhləsi ölən şirkətin Əli Həsənova məxsus olduğu deyilir

Source:


Fəhləsi ölən şirkətin Əli Həsənova məxsus olduğu deyilir

Avqustun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) havanın temperaturunun 41 dərəcədən yuxarı olduğunu nəzərə alaraq saat 17.00-dək açıq havada işləməyi yasaqlasa da, bu qadağanı “Portos İnşaat” şirkəti nəzərə almayıb. Əks təqdirdə, həmin günü şirkətin Salyan yolu küçəsi 20 ünvanında jurnalistlər üçün tikilən binada fəhlə işləyərkən yıxılıb dünyasını dəyişməzdi.

Hadisədən bir gün sonra media orqanları Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayevin 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirdiyi barədə də məlumat yaydı.

Halbuki DƏMX Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq məlumat yaymışdı ki, müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlərə İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb oluna biləcəkləri xəbərdalığı edirlir. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

Ancaq “Portos İnşaat” şirkətinə qarşı heç bir tədbir görülmədi. Bu barədə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli də çox ehtiyatla danışıb. O, axar.az saytına açıqlamasında “heç kim bu cür hadisədən sığortalanmayıb” deyərək əlavə edib ki, binanı inşa edən “Portos İnşaat” şirkətinə heç bir irad tuta bilməzlər: “Bizim bu şirkətdən əsas tələbimiz keyfiyyətli işdir. Bu cür hallarda biz onlara heç nə deyə bilmərik”.

KIV DF rəhbəri Nazirlər Kabinetinin açıq yerlərdə işlərin dayandırılması ilə bağlı ötən gün verdiyi qərarın icra edilməməsi hallarına da münasibət bildirib: “Mən yenə deyirəm ki, biz o şirkətdən bu məsələ ilə bağlı heç bir şey tələb edə bilmərik. Sifarişçi tərəf bu məsələlərə qarışmır. Əgər Nazirlər Kabinetinin məlum qərarını pozubsa, bu məsələ dövlət qurumu ilə şirkətin arasındadır. Biz o məsələyə qarışa bilmərik”.

“Azadlıq” qəzeti 21 avqust sayında maraqlı məqama toxunub. Qəzet  araşdırmaçı jurnalist Xədicə Ismayıl “Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi” yazısını xatırladaraq bildirib ki, “Portos İnşaat”ın rəsmi qadağaya məhəl qoymamasının başlıca səbəbi şirkətin arxasında dövlət rəsmisinin dayanmasıdır. Məlum araşdırmada Prezident Administrasiyası ictiai-siyasi şöbəsinin müdiri Əli Həsənovun biznes imperiyası, onun və ailəsinin adına bağlı əksər şirkətlərin Fikrət Əmirov-1 ünvanında qeydiyyatda olduğunu yazmışdı. “Portos İnşaat” ın da qeydiyyat ünvanı Fikrət Əmirov-1-dir.

Ana səhifəXəbərlər“Portos İnşaat” qadağalara məhəl qoymur