Pomidor və alma qadağasının əsas səbəbləri

Pomidor və alma qadağasının əsas səbəbləri

Dekabrın 10-da Rosselxoznadzor Azərbaycandan pomidor və almanın Rusiyaya idxalına müvəqqəti qadağa qoydu. Bir neçə gün sonra qadağa qismən aradan qaldırıldı, bəzi şirkətlərə yaşıl işıq yandırıldı.

Qadağanın izahında deyilirdi ki, qərar fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisində zərərvericilərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədi daşıyır. Qadağa qərarının məhz Qarabağ müharibəsi qələbəsinə həsr edilmiş Zəfər paradı ərəfəsində verilməsi bəzi siyasi şərhçilər tərəfindən Rusiyanın Azərbaycana təzyiqi kimi dəyərləndirildi. Kənd Təsərrüfatı üzrə bəzi ekspertlər isə problemin daha çox Azərbaycandan qaynaqlandığını düşünür. Bu sahədə vahid standartların yoxluğu əsas çatışmazlıq kimi göstərilir.

Azərbaycan pomidor və alma üzrə Rusiya bazarının əsas təminatçılarından biridir. Yəni, bu qadağa Azərbaycan iqtisadiyyatı üçün də ağır itki sayıla bilər.

Mütəxəssislər deyir ki, əlavə bazar axtarışları üçün genişmiqyaslı işlər görülməlidir. Hazırki şəraitdə Azərbaycan məhsulu Avropa bazarına çıxmaq üçün uyğun keyfiyyətə sahib deyil. Qida Təhlükəsizliyi Agentliyi də mövcud problemləri həll edə bilməyib.

Problem təkcə xarici yox, həm də yerli istehlakçıları əhatə edir. Alıcı ölkə ərazisində satılan pomidor və digər meyvələrin sağlamlıq üçün tam təhlükəsiz olduğundan əmin ola bilmir. AQTA yanında İctimai Şuranın üzvü, ekspert Eyyub Hüseynov bildirir ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində bəzi problemlər hələ də var.

Məlum qərardan 11 gün keçməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin rəsmi saytında məsələ ilə bağlı heç bir qeyd yoxdur. Geri qaytarılan məhsulların aqibəti müəmma olaraq qalır. Komitəyə münasibət öyrənmək üçün etdiyimiz zənglər isə cavabsız qalıb.

Ana səhifəVideoPomidor və alma qadağasının əsas səbəbləri