Emil Məmmədli
“Gürcüstan görüş yeri ola bilər”
Sentyabrda Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi əməliyyatdan sonra rəsmi Bakı və Yerevan üç dəfə mümkün danışıqlardan imtina edib.
Bunlardan biri İspaniyanın Qranada şəhərində baş tutmalı idi. Lakin son anda, Azərbaycan tərəfi Fransanın danışıqlarda iştirak etməsini əsas gətirərək, danışıqlardan imtina etdi. Növbəti addım Ermənistandan gəldi. Bu ölkənin Baş naziri Nikol Paşinyan Bişkekdə MDB dövlət başçılarının sammitinə qatılmadı və nəticədə həmin tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş olmadı.
Sonuncu belə imtina Brüssel görüşündə oldu. Belə ki, Avropa İttifaqı tərəflərin vaxt azlığı ilə bağlı görüşə gələ bilməyəcəyini elan etdi. Ermənistan rəsmiləri açıqlama verərək, Azərbaycanın Brüssel görüşündən imtina etdiyini bildirsələr də, Azərbaycan rəsmilərindən heç bir şərh olmadı.
Əgər Ermənistan rəsmilərinin sözləri doğrudursa, Azərbaycan ümumilikdə iki dəfə, erməni tərəfi bir dəfə danışıqlardan imtina edib. Vasitəçilərin təklif etdikləri coğrafiyanı nəzərdən keçirdikdə məlum olur ki, Azərbaycan Avropa platformasından, Ermənistan isə Rusiya platformasından imtina edib.
Belə olan halda, Bakı ilə Yerevan arasında danışıqların taleyinin necə olacağı qaranlıq görünür. Bununla belə hər iki tərəf bir-birinə isti mesajlar ötürürlər və rəsmilər ilin sonuna qədər iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyini istisna etmirlər.
Məsələni Meydan TV üçün şərh edən politoloq Fərhad Məmmədov deyib ki, bu, Azərbaycan və Ermənistan arasında formalaşan 3 beynəlxalq platformalardan ikisinin böhran yaşamasının göstəricisidir.
“Beynəlxalq formatlar sülh prosesinə maneçilik törədirlər”
“Söhbət Avropa və Rusiya formatından gedir. Avropa formatında Azərbaycanın əsas vasitəçiyə etimadı tənqid mövzusudur, Ermənistan da Rusiyaya etibar etmir. Bu gün ikitərəfli görüşlər aktualdır ki, beynəlxalq fon olmadan hər iki ölkə mövcud məsələlərlə bağlı müzakirələr aparsın. Beləliklə, beynəlxalq formatlar öz aktuallığını itirib, sülh prosesinə müsbət təsir göstərməkdənsə, maneçiliklər törədir”, – Fərhad Məmmədov deyib.
İsveçrədə yaşayan siyasi icmalçı Rauf Mirqədirov vurğulayıb ki, üçüncü platforma olan Gürcüstan da heç bir nəticə vermədi.
“Tbilisidə “İpək yolu”uyla bağlı böyük bir forum keçirildi, Azərbaycan tədbirdə Prezident yox, Baş nazir səviyyəsində iştirak etdi. Baş nazir isə həlledici fiqur olmadığından onun Nikol Paşinyanla görüşünü ciddi qəbul etmək olmaz”, – Rauf Mirqədirov deyib.
Ekspert bildirib ki, hazırda rəsmi Bakının sülh danışıqlarından yayındığının şahidi oluruq.
Paşinyan 30 oktyabrda bildirib ki, 3 prinsip razılaşdırılıb.
“Söhbət ərazilərin toxunulmazlığı, sərhədlərin delimitasiyası və demarkasiyası, nəhayət, kommunikasiyaların açılmasından gedir. Ermənistanın Baş naziri bunlar əsasında yaxın zamanlarda sülh sazişinin imzalanmasının mümkünlüyünü vurğulayır. Azərbaycan tərəfindən isə bu tip açıqlamaları eşitmirik. Rəsmi Bakının bu yöndə açıqlaması yalnız Prezidentin Qranada görüşünə qatılmaması barədə olub. Brüssel görüşündən imtina səbəbləri isə ümumiyyətlə izah olunmur. Bu, kifayət qədər suallar doğurur. Ermənistanın sülh sazişini imzalamaqda nə dərəcədə istəkli olmasını isə bilmirəm. Amma görünən odur ki, rəsmi Bakı taym-aut götürməyə çalışır”, – Rauf Mirqədirov deyib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, Azərbaycan onu qane edən mövzular müzakirəyə təklif olunanda iştirak edir və öz mövqeyini açıq nümayiş etdirir, əgər qane etmirsə, o zaman iştirak etmir.
“Əslində, Bakıya vasitəçilik lazım deyil, o mənada ki, ən yaxşı halda Avropa İttifaqı və ya Moskva xoşməramlı xidmətlər göstərə bilər. Çünki Azərbaycan vasitəçiliyin tərəfdarı deyil, ortada olan məsələlər də, Bakının mövqeyi də bəllidir. Avropa İttifaqına gəlincə, Qranadadan sonra təklif olunan məsələlər Bakını o qədər də maraqlandırmır, ona görə xoşməramlı xidmətlərdən imtina edilib”, – o bildirib.
Bəs belə olan halda Ermənistan və Azərbaycan neytral meydança kimi Gürcüstanı görə bilərlərmi?
Fərhad Məmmədov düşünür ki, əslində bu, yeganə variantdır. O qeyd edib ki, vasitəçilərin rolu institutlaşmayıb, Minsk Qrupu kimi beynəlxalq təşkilatlardan alınan mandat deyil. Politoloq vurğulayıb ki, hər hansı bir formatda məcburi iştirak üçün beynəlxalq öhdəlik yoxdur.
“Hər bir formatda müzakirə olunan məsələlər ikitərəfli razılıqları nəzərdə tutur və bunu ikitərəfli etmək mümkündür. Ermənistan vasitəçilərin rolunu həm də qarant kimi görür, Azərbaycan isə əksinə, görmür. Bu dövr ərzində Ermənistan təhlükəsizlik qarantiyaları almağa çalışır. Məsələn, İran İslam Respublikasından sərhədlərinin toxunulmazlığı ilə bağlı qarantiyalar alıb. Qranadada Avropa İttifaqı, Fransa və Almaniya kağız üzərində olsa da, təhlükəsizlik qarantiyalarını Ermənistana verib. ABŞ ritorikasında Ermənistanın təhlükəsizliyini özünün “qırmızı xətti” kimi adlandırır. İndi qalır Azərbaycanla sülh sazişi və digər məsələlərlə razılığa gəlmək”, – o bildirib.
“Vasitəçilərə ehtiyac yoxdur”
Tofiq Zülfüqarov da hesab edir ki, Gürcüstan variantı mümkün bir platformadır.
“Vasitəçiliyə ehtiyac yoxdur. İstənilən halda Azərbaycan onlayn da əlaqə saxlayıb müzakirə apara bilər. Bildiyimə görə, bəzi sənədlər emailə göndərilir, rəylər olur… Bir daha deyirəm, rəsmi Bakı istənilən formata çox açıqdır”, – keçmiş diplomat deyib.
Rauf Mirqədirov bildirib ki, əgər söhbət sülh sazişinin mətnindən gedirsə, burda ciddi problem yoxdur, olmamalıdır da.
“Sülh sazişi ümumi prinsipləri əhatə edir, yəni tərəflər arasında əsas prinsiplər razılaşdırılırsa, onda ciddi problem olmamalıdır. Nikol Paşinyanın 30 oktyabr bəyanatında kommunikasiyaların hər iki dövlətin suveren ərazisində olması xüsusilə vurğulanır. Bu, 2020-ci ilin 10 noyabr bəyanatının bir bəndinin də qüvvədən düşməsi deməkdir. Paşinyanın dediyinə görə, bu məsələ Əliyevlə vasitəçilərin iştirakıyla danışıqlarda razılaşdırılıb. Bilirsiniz ki, Laçın dəhlizi də daxil həmin kommunikasiyalar Rusiyanın nəzarətində olmalıydı. Əgər bu məsələ də razılaşdırılıbsa, sənədi dövlət başçılarının imzalaması o qədər də çətin deyil”, – o deyib.
Siyasi icmalçının fikrincə, əsas məsələ sülh sazişinin yerinə yetirilməsini təmin etməkdədir. O qeyd edib ki, əgər prosesin içində yalnız Azərbaycan və Ermənistan olsaydı, o zaman Gürcüstana da ehtiyac yaranmazdı.
“Yəni sülh sazişini imzalayıb, yerinə yetirərdik. Amma region qlobal qarşıdurmanın tərkib hissəsi olduğundan həmin sülh müqaviləsindən doğan məsələlərin yerinə yetirilməsi üçün qarant olacaq kifayət qədər böyük güclər olmalıdır. Gürcüstan isə qarant rolunda çıxış edəcək güc deyil, ona görə də mən Tbilisinin ciddi vasitəçi olacağına inanmıram. Sadəcə, platforma, görüş yeri ola bilər”, – Rauf Mirqədirov vurğulayıb.
Meydan TV-nin müsahibləri bu gedişlə ilin sonuna qədər sülh müqaviləsinin imzalanması məsələsində müxtəlif fikirlər bildiriblər.
Belə ki, Fərhad Məmmədov hesab edir ki, hələ də ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına imkan var.
“Sülh sazişi ilə bağlı işlər o qədər dərin gedib ki, artıq hamı hər şeydən xəbərdardır. Əsas iş görüldüyündən, indi çox şey siyasi iradədən və qarşılıqlı etimaddan, etibardan asılıdır. Siyasi iradə Qarabağda olan 1 günlük lokal hərbi əməliyyatlardan sonra hər iki tərəfdən daha da güclənib. İkinci məqam odur ki, dövlətlərarası məsələlərdə də hər şey sistemli getməlidir. Belə olduqda, tərəflər sülh sazişi barədə fikirlər bildirir. Bu, o deməkdir ki, həm siyasi iradə və həm də qarşılıqlı etimad olmalıdır”, – politoloq deyib.
O hesab edir ki, əgər Yerevan əlində olan qarantiyalar paketi ilə kifayətlənməyib bir çox ölkələri sülh sazişinin qarant verən ölkə kimi təqdim etmək istəsə, bu, sülh sazişinə mənfi təsir göstərəcək.
«Yox, əllərində olan paketlə kifayətlənsə, o zaman sülh sazişindən sonra etimad hissi yüksələcək”, – Fərhad Məmmədov deyib.
“Növbəti görüşün belə nə vaxt olacağını bilmirik”
Rauf Mirqədirov isə, artıq ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümidin olması barədə bəyanatları eşitmədiyini deyib.
“Sadəcə, mümkünlükdən danışırlar. Hətta biz növbəti görüşün nə vaxt olacağını bilmirik. Düşünürəm ki, Avropa İttifaqı daha çox Fələstin-İsrail qarşıdurmasının qaynar mərhələdən yumşaq mərhələyə keçməsi üzərində işləyirlər. Ona görə Ermənistan-Azərbaycan danışıqları arxa plana keçib. Rusiyanın planlarında bu məsələ neçəncidir, aydın nəsə demək çətindir”, – ekspert qeyd edib.
Tofiq Zülfüqarov isə qeyd edib ki, bəzi vasitəçiliyə iddialı olan oyunçular görüntü yaratmaq istəyirlər, çünki onlar Ermənistanın tərəfindədirlər.
“Onlar yaxşı başa düşürlər ki, bu cür mövqeyi rəsmi Bakı qəbul etməyəcək. Amma Ermənistan ictimaiyyətinə nə qədər onları çox istədiklərini göstərmək istəyirlər. Bu, vasitəçilik yox, daxili və xarici siyasi maraqları əks etdirən davranışdır ki, Fransanın simasında açıq-aşkar görünür”, – keçmiş XİN rəhbəri bildirib.
Onun fikrində, əgər doğrudan da hər hansı bir nəticəni istəyirsə, Ermənistan seçim etməlidir.
“Azərbaycanı indi sərhədin əsas xəttinin müəyyənləşməsi, kommunikasiyaların bərpası və işğalın zərərinin ödənilməsi maraqlandırır. Burda həm siyasi-iqtisadi, həm də mənəvi məsuliyyəti Ermənistan tərəfinin görməsini görməsini istəyirik. Amma bir çox danışıqlar formatında Azərbaycanı günahkar çıxartmaq istəyirlər, bu isə qəbuledilməzdir”, – Tofiq Zülfüqarov deyib.