Polisin tanışlıq saytları vasitəsilə LGBTQ+ üzvlərindən pul tələb etdiyi bildirilir

Source: Photo by Sharon McCutcheon on Unsplash

Bildirilir ki, polis əməkdaşları müxtəlif tanışlıq saytları vasitəsilə kuirlərlə tanış olur, daha sonra şantaja məruz qoyurlar

Azərbaycanda polisin Bakı və Sumqayıt şəhərlərində tanışlıq saytları vasitəsilə kuir fərdləri tapıb, şantaja məruz qoyduğu bildirilir.

Bu haqda LGBTQ+ icmasının üzvləri “Minority Azərbaycan”a məlumat verib.

Bildirilir ki, polis əməkdaşları müxtəlif tanışlıq saytları vasitəsilə kuirlərlə tanış olur və yazışmağa başlayır. Daha sonra yazışmanı davam etdirmək üçün həmin şəxslərin “Whatsapp” hesabları istənilir. Bundan sonra onların kimliyi müəyyənləşdirilir və şəxslərə polis bölməsindən zəng daxil olur, bölməyə gəlmələri tələb edilir.

Zərərçəkənlər deyib ki, bölmədə onlara yazışmalar göstərilib və daha sonra şantaj yoluyla pul tələb olunub. Zərərçəkənlər əvvəlcə bir neçə min AZN tələb olunduğunu, daha sonra “qiymətdə razılaşdıqlarını” qeyd ediblər.

“Minority Azərbaycan” bu cür qanunsuzluq halları ilə bağlı 10 nəfər zərərçəkən şəxs barədə məlumat əldə edib. Bu hadisələrlə əlaqədar icma üzvlərinə bu dövrlədə ehtiyatlı olmağı, tanışlıq saytlarından istifadəni bir müddətlik dayandırmağı tövsiyə edir.

Daxili İşlər Nazirliyindən “Minority Azərbaycan”ın iddialarına hələlik münasibət bildirilməyib.

Azərbaycan artıq 9 ildir LGBTQİ+ların hüquqlarının qorunması üzrə ILGA Avropa təşkilatının göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yeri tutur.

Azərbaycan hakimiyyəti ölkədə heç bir şəxsin hüquqlarının pozulmadığını bildirir.

Ana səhifəSosialPolisin tanışlıq saytları vasitəsilə LGBTQ+ üzvlərindən pul tələb etdiyi bildirilir