Cəbrayıl rayon sakini, 17 yaşlı Solmaz Abdullayeva

Mənbə: Meydan TV

Başlıq: Cəbrayıl rayon sakini, 17 yaşlı Solmaz Abdullayeva

Polisin şəxsi maşını ilə gənc qızı vurub öldürdüyü və həbs olunmadığı deyilir

Məqalə yeniləndi:  17 Oktyabr 2019

Oktyabrın 9-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Bakı şəhər sakini Azad Əzizağa oğlu Ağayev idarə etdiyi "BMW” markalı, “90-DH-530” dövlət nömrə nişanlı avtomobillə piyada yolunu keçən Cəbrayıl rayon sakini, 17 yaşlı Solmaz Abdullayevanı vurub. Gənc qız hadisə nəticəsində ölüb.

Bu barədə Meydan TV-yə mərhum yaxınları məlumat verib. Onların sözlərinə görə, hadisə Solmaz Abdullayeva dərsə gedərkən baş verib. O, bu il ali məktəbə qəbul olunubmuş.

Qəzanı törədən sürücünün Dövlət Yol Polisi əməkdaşı olduğu müəyyənləşib. Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə 9-u səhər saat 07:50 radələrində Bakı-Şamaxı yolunda qeydə alınıb: “Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə vurulub və vəfat edib.

Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.

Hadisə ilə bağlı yayılmış videogörüntülərdə isə sürücünün yol polisi formasında olduğu görünür. Təqaüddə olan polisin niyə forma geyinməsinə DYP-dən açıqlama gətirməyiblər. Meydan TV-nin əldə etdiyi məlumatda isə Azad Ağayevin hazırda Müşfiqabad qəsəbəsi ərazisindəki DYP postunda çalışdığı bildirilir.

Hadisədən sonra A.Ağayevin həbs olunmaması zərərçəkən tərəfin narazılığına səbəb olub. “DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qəzanı törədən şəxs hazırda zaminlə azadlığa buraxılıb” – deyə, Solmaz Abdullayevanın yaxınları bildirib.

Həmçinin iddia edilir ki, o, Beyləqan rayonu İcra Hakimiyyəti başçısı Asif Əzizağa oğlu Ağayevin yaxın qohumu olduğu üçün cəzadan kənarda qalıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xcg58s

Ən çox baxılan