Polis rəisinin müavini işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunub

Məhkəmədə deyib ki, özünü təqsirli bilmir

Foto: Meydan TV

Məhkəmədə deyib ki, özünü təqsirli bilmir

Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sabiq rəis müavini, polis polkovniki Əliqulu Ağalıyevin mühakiməsi başlayıb. O, polis bölməsində vətəndaş Əli Allahverdiyevə işgəncə verməkdə ittiham olunur.

Martın 5-də hakim İradə Həsənzadənin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Ə.Ağalıyev özünü təqsirli bilmədiyini söyləyib. O bildirib ki, zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcək.

Məhkəmədə Penitensiar Xidmətin əməkdaşları şahid qismində dindiriliblər. Onlar zərərçəkmişin üzərində xəsarət izlərini görüblər.

Zərərçəkmiş məhkəmə iclasında iştirak etməyib. Bildirilib ki, o, ölkə xaricindədir.

Bu səbəbdən məhkəmə martın 12-nə qədər təxirə salınıb.

Təqsirləndirilən Ə.Ağalıyev həbs olunmayıb, onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Ə.Ağalıyev Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki, razılığıyla başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsilə ittiham olunur. Bu əməl üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, zərərçəkmiş Ə.Allahverdiyev 2016-cı ildə maşınlardan oğurluqla əlaqədar şübhəli şəxs qismində tutularaq, Qaradağ rayonu, 10-cu polis bölməsinə gətirilib. O, bölmədə işgəncələrə məruz qaldığını deyib.

Ana səhifəXəbərlərPolis rəisinin müavini işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunub