Polis rəisinin müavini dustaqların qaçmasına görə cəzalandırılıb

Bölmədə Fədayə Laçının əşyaları yoxlanılmayıb

Source:
Fədayə Laçın
Fədayə Laçın


Bölmədə Fədayə Laçının əşyaları yoxlanılmayıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sabiq rəis müavini Səadət Tağıyev Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, 2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən qatardan dustaqların qaçmasıyla bağlı məhkəmədə şahid qismində ifadə verib.

Dustaqlar Etibar Məmmədov və Əli Ağaminin qaçmasından sonra cəzalandırılan vəzifəli şəxslərdən biri də Səadət Tağıyev olub.

Sentyabrın 17-də hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə iclasında sabiq rəis müavini bildirib ki, müğənni Fədayə Laçın Lənkəran rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində olan “Qoca” ləqəbli Etibar Məmmədovla görüşmək üçün şöbəyə gəlib. Müğənnini rəis müavini müvəqqəti saxlama yerinin rəisi Əlişir Fərəcovun yanına aparıb. Lakin onların görüşünə şərait yaradılanda Fədayə Laçının üstünü yoxlamayıblar: “Qadın olduğu üçün bunu etmədik”.

F.Laçın orada “Qoca” ilə şəkillər çəkdirib.

F.Laçın özü də məsələyə münasibət bildirib. Deyib ki, E.Məmmədovla Ə.Fərəcovun yanında görüşüb. Müğənninin sözlərinə görə, onların şəkillərini orada “Malış” deyə çağrılan bir nəfər çəkib.

Məlum hadisədən sonra vəzifədən azad edilmiş keçmiş rəis müavini S.Tağıyev indi sahə müvəkkili işləyir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qaçan dustaqların işinə baxmış hakimin katibi Tofiq Canıyev də məhkəmədə ifadə verib. O bildirib ki, həmin gün dustaqların Lənkərandan geri qaytarılması barədə məhkəmənin qərarı olmayıb.

Vəkil Gülşən Salmanova məhkəmədə vəsatət qaldıraraq, Lənkəran və Astara rayonlarının polis rəislərinin əlavə şahid qismində dindirilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov, ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlərPolis rəisinin müavini dustaqların qaçmasına görə cəzalandırılıb