“Polis məni şərlədi, məhkəmə isə məhkum etdi”

Lerik sakini kömək edib, şərləndiyini deyir

Source: Meydan Tv


Lerik sakini kömək edib, şərləndiyini deyir

“Polis bankomat üzərindəki kameranın yaddaşından görüntünü sildi, sonra da mənə cinayət işi qaldırdı. Məhkəmədə görüntülərlə bağlı ekspertiza keçirilməsinə dair vəsatətlər təqdim etsək də, hakim vəsatətlərimizi protokola daxil etmədi. Nəticədə, heç bir günahım olmadığı halda mənə 2 il müddətinə azadlığın məhdudlaşdırılması hökmü çıxarıldı“.

Bunu Meydan TV-yə Lerik rayonu, Piran kənd sakini Ziyatay Bayramov deyir.


“Pul bankomatdan çıxmadı”

“Məsələ ondan ibarətdir ki, ötən il martın 13-də valideynlərimin pensiyasını götürmək üçün kəndimizdəki bankomata yaxınlaşdım. Orada xeyli yaşlı insan vardı, hamısı pensiyasını çıxarmaq üçün növbəyə dayanmışdı. Kəndimizdəki yaşlı insanlar bankomatdan istifadə qaydalarını bilmədikləri üçün onlara həmişə gənclər kömək edir. Mən özüm də tez-tez bankomat qarşısından keçəndə orada yaşlı insanları görəndə kömək edirəm. Bu dəfə də həmişəki kimi onların kartlarını bir-bir alaraq aparatdan pulu çıxarıb özlərinə verdim. Həmin vaxt orada olan kənd sakini Namik Məmmədov mənə iki kart uzatdı. Birindən pulu rahat şəkildə çəkib kartla birlikdə özünə qaytardım, digər kartı daxil edib əməliyyatı aparsam da, pul çıxmadı və mən kartı onun özünə qaytararaq növbədəki digər insanlar üçün pullarını çıxarıb özlərinə verməkdə davam etdim. Evə qayıdandan az sonra Namik Məmmədov bizə gəldi, bildirdi ki, pulun üstündən 234 manat çatmır. Ona bildirdim ki, mən pulu çıxarmağa cəhd etsəm də, pul çıxmadı. Ya “Kapitalbank”a yaxınlaşsın, ya da məndən şübhəsi varsa, polisə müraciət etsin, qoy polis görüntülərə baxsın”.


“Bir aydan sonra qapıya polis gəldi”

Ziyatay Bayramovun sözlərinə görə, hadisə martın 13-də olsa da, bir ay yarım sonra – aprelin 30-da yaşadığı ünvana Lerik rayon Polis Şöbəsinin əməkdaşları gələndə Namik Məmmədovun polisə müraciət etməsindən xəbər tutub:

“Şəkər xəstəsi olan ahıl yaşlı atamı da, məni də polis şöbəsinə apardılar. Mənimlə bərabər onu da saatlarla şöbədə saxladılar. Mənə bildirdilər ki, barəndə şikayət var, bankomatdan pul oğurlamısan. Bankomatın kamerasındakı görüntülərə, əlavə olaraq, bankomatla üzbəüz marketin üzərindəki iki kameranın görüntülərinə də baxılmasını istədim. Təhqiqatçı yalnız bankomatın üzərindəki kameranın görüntülərini əsas götürdü. O görüntüdə isə mənim Namik Məmmədovun iki kartından birincisindən pulu çıxarıb özünə verdiyim vardı, ikinci kartı bankomata daxil etdiyim hissəni özləri silmişdi. Bir daha tələb etdim ki, marketin qarşısındakı görüntülərə də baxılsın, ancaq təhqiqatçı tələbimi yerinə yetirmədi, materialları istintaqa göndərdi”.


“Hakim vəsatətlərimi qəbul etmədi”

Ziyatay Bayramov deyir, istintaq vaxtı da marketin qarşısındakı kameraların yaddaşına baxılmasını istəyib, ancaq təmin olunmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1 (Elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra məhkəmə qarşısına çıxarılıb:

“Hələ iş polisdə olanda mən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etmişdim ki, işə əlavə olunan videogörüntünün ekspertizası keçirilsin. Çünki dediyim kimi, görüntünün mənim bəraətimə yeganə səbəb ola biləcək hissəsi – Namik Məmmədovun kartından pul çıxarmağa çalışarkən baş verənlər silinmişdi və ekspertiza yolu ilə bunu müəyyən etmək iki vur iki idi. Bununla bağlı məhkəmənin ilk günündən hakim Atabəy Kiçibəyova da vəsatətlər təqdim etdim. Həm görüntünün ekspertizasını, həm də üzbəüz marketin qarşısındakı kameraların yaddaşına baxılmasını tələb etdim. Vəsatətlərim təmin olunmadı. Vəsatətləri məhkəmənin dəftərxanasında da məndən qəbul etmədilər. Məhkəmə iclasından çıxandan sonra həmin vəsatətlərimi məhkəməyə poçt vasitəsiylə göndərdim, yenə xeyri olmadı“.


“İfadələr saxtalaşdırılıb”

Ziyatay Bayramovun deməsinə görə, həm onun, həm də zərərçəkmiş kimi dindirilmiş Namik Məmmədovun ifadələri saxtalaşdırılıb:

“Namik Məmmədov məhkəmədə dedi ki, bir kəndin adamlarıyıq və mənim bu adamdan şikayətim yoxdur. Əvvəl şübhələnsəm də, sonra anladım ki, günahsızdır. Polisə isə ona görə müraciət etdim ki, kamera açılsın və pulun aparatdan kim tərəfindən çəkildiyi bilinsin. Bilsəydim polis bu oğlanın yaxasından yapışacaq, iş bu yerə çatacaq, qətiyyən polisə müraciət etməzdim. Ancaq hökm sənədi bizə veriləndə baxdıq ki, tamamilə başqa şeylər yazılıb. Guya mən təqsirimi etiraf etmişəm, məhkəmə ifadəmdə göstərmişəm ki, əvvəl elə bilmişəm ki, pulu çıxarıb başqasına vermişəm, ancaq sonra cibimdən tapılıb. Guya pul mənim evimdəki pencəyimin cibindən tapılıb. Halbuki, polis bizə dediyim kimi, ayyarımdan sonra gəlib və məni şöbəyə aparıb. Namik Məmmədovun da ifadəsi saxtalaşdırılıb. Guya o, ifadəsində pulun mənim tərəfimdən oğurlandığını bildirib”.

Lerik Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, bu iş üzrə məhkəmə keçirilib və məhkəmə Ziyatay Bayramovun əməlinə hüquqi qiymət verib. Ona görə də hər hansı açıqlama verə bilməzlər.

Ziyatay Bayramov Lerik Rayon Məhkəməsinin hökmündən Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Yaxın günlərdə şikayətə baxılacaq.

Ana səhifəBölgə“Polis məni şərlədi, məhkəmə isə məhkum etdi”