Polis haqqında video yayan AXCP fəalı həbsdə də təzyiqə məruz qaldığını deyir

İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Foto: Meydan TV


“Görünür“intizam qaydalarını pozan məhkum” görüntüsü yaratmaq istəyirlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı Zamin Salayev saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qaldığını deyir. Bu barədə Meydan TV-yə cəbhəçi fəalın oğluna istinadən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatından məlumat verilib:

“Zamin Salayevin ürəyində problemlər var. Bu müəssisədəki yataqxanalarda da kondisionerlər, sərinkeşlər yoxdur. Belə isti havalarda ürəyi xəstə adamların təxminən 100 nəfərlik elə şəraitdə saxlanmasının özü işgəncədir. Zamin Salayevin səhhətindəki problemlərlə əlaqədar gündə 3-4 dəfə ürəktutması olur. Buna baxmayaraq, onu xəstəxanaya köçürmürlər. Zamin Salayev bununla əlaqədar etirazını bildirir”.

Zamin Salayev özü də ailə üzvlərilə telefonla danışarkən bütün bunlarla bağlı şikayətlərini çatdırıb. Bunu təsdiqləyən audioyazı da sosial şəbəkələrdə yayılıb.

2020-ci ilin aprelindən həbsdə olan AXCP fəalı cəzasının yarıdan çoxunu çəkdiyini əsas gətirərək, vaxtından əvvəl şərti azadlığa buraxılmaq üçün məhkəməyə müraciət edib.

“Görünür, tibbi yardım göstərməmək, əsəblərini tarıma çəkməklə, onu qıcırlandırmaq, sonra da “karsa” salıb, “intizam qaydalarını pozan məhkum” görüntüsü yaratmaq istəyirlər ki, vaxtından əvvəl azadlığa çıxa bilməməsi üçün əsas olsun”, – Zamin Salayevin ailə üzvləri Meydan TV-yə ona qarşı münasibəti belə şərh edib.

Penitensiar Xidmət isə bu iddiaları qəbul etmir. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, bütün məhkumların sağlamlığı Penitensiar Xidmət olaraq, onların da marağındadır. Kimliyindən asılı olmayaraq, hər bir məhkumun da qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur: “Kiminsə, nədənsə şikayəti varsa, şikayət edib bildirə bilər. Dərhal şikayətə baxılıb, məsələ araşdırılacaq”.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Ana səhifəSiyasətPolis haqqında video yayan AXCP fəalı həbsdə də təzyiqə məruz qaldığını deyir