Pis və “günahsız” polis

Bu nimdaş yorğan davasından ən çox ziyanlı çıxan məhz bu iki zümrə oldu.

Source: Foto: Meydan TV


Dava yorğan davasıymış…

Seçki də, şousu da bitdi. Amma cəmiyyəti bir daha zəhərləyən yalanı və yaramazlığı, beynimizə yüklədiyi mənfi mesajları, ümidsiziyi, hüsranı bitmədi. Belə görünür ki, hələ bitməyəcək də…

Hamının beynində suallar yaratdı. Kompüterdən sildiyimiz yazını peşman olub geri yüklədiyimiz kimi, eyni deputatları da necə deyərlər, yenidən Milli Məclisə “yükləməyin”, bu qədər saxtakarlığı edib daha artıq lənət və qəzəb qazanmağın hakimiyyətə nə faydası oldu? “İslahatlara uyğun yeni kadrların” seçilməsinə imkan yaradacaq seçkilərdən danışıb təkrar Fəzail Ağamalı, Fəttah Heydərov kimilərini parlamentə seçməyin nə əhəmiyyəti vardı?

Dava hansı yorğanın, necə formada davası idi?

Bəlkə də, İlham Əliyev özünəməxsus “islahat” planı həyata keçirmək istəyib, amma siyasi iradə ortaya qoya bilmədiyindən yenə də “qoca kadrlara” məğlub oldu?!

Ya da “köhnə deputatlar” məşhur Gülər Əhmədova sayağı, siyahıya alınmaq üçün əlini cibinə atmalı olub?

Hər nəsə sonda bəlli oldu ki, dava nimdaşlaşmış yorğan davası imiş…


DİN-in yeni nazir erası

Bu nimdaş yorğan davasında yenilik olmadı, amma dediyim kimi, köhnələrin yeni formatda təzahürünü gördük.

Birinci, polislərin, daha dəqiq ifadə etsək, DİN-in sərgilədiyi mövqe və hər aksiyasonrası danışdığı yalan miqyasına və qırmızılığına görə daha yüksək “mərhələdi”. 19 oktyabr mitinqində sosial şəbəkələrdə yayılan videogörüntülər barəsində “xarici ölkələrdə olan iğtişaşlar zamanı baş verənləri montaj edib yayırlar” kimi açıqlama verməsi DİN-də Vilayət Eyvazov erasının bambaşqa olacağının anonsunu vermişdi.

Daha sonrakı hadisələrin gedişatından da bəlli oldu ki, 19 oktyabr mitinqində ayaq tutan yalan həm də yürüyəcək. Fevral ayının 11-də gənclərin MSK-nın qarşısında etdiyi etirazdan sonra əli qırılan Rəbiyyə Məmmədovanı yox sayıb, kimsənin xəsarət almadığını, həbslərin olmadığını rəsmi açıqlama ilə bəyan edən DİN rəsmisi də eyni yalanı başqa “dildə” danışmağa davam etdi. “Montaj”ı indi DİN özü edirdi, həqiqəti kəsib yalana calamaqla…

Azərbaycanda polisə güvənmək, sevmək, inanmaq kimi nağıllar çoxdan bitib. Amma indi münasibət nifrət, lağ mərhələsinə keçib və bir ölkənin polisini MSK-nın qabağında məsxərə obyektinə, daha sonra da pulsuz “tur”ların təşkilatçısına çevirmək kimin ağlına gəlib, bu “tur”larının ideya müəllifi kimdir, ya da bunu hansı ağılla edib, normal məntiqlə bunu demək, əsaslandırmaq çətindir.

Milyon il əvvəl mamont ovlayan, qayalara yallı şəkli çəkən əcdadlarımız hardan biləydi ki, elə milyon il sonra bu torpaqlardan “yallı gedən” polislər çıxacaq, ədalətsizliyə etiraz edənləri “ovlayıb“ Qobustana aparacaq?

Əcdadlarımız hardan biləydi ki, milyon il sonra bu torpaqlarda mamontların kökü kəsiləcək, əvəzində polis zorbalığı erası başlayacaq?!


Polisə niyə nifrət edək?

Bu nimdaş yorğan davasından ən çox ziyanlı çıxan məhz bu iki zümrə oldu. Birinci kəsim polislərdi.

Sıravi polisi xalqla üz-üzə qoyub özlərini təmtaraqlı villalarda, qəsr və bahalı evlərdə təhqirsiz, təhlükəsiz həyat qarantisinə alanlara belə asanlıqla tabe olmaqla, onların hər dediyini belə cani-dildən yerinə yetirməklə Azərbaycan polisi bu gün tamamən gözdən düşüb. İndi yazacaqlarımsa, DİN-in dediyi kimi montaj-filan deyil, illərdir hər gün yaşadıqları və artıq bir çoxu üçün adiləşən dəhşətlərdir. Təsəvvür edin, sanki bir polisiyə filminə baxırmışcasına… Sıravi polisi hər gün rəisindən tutmuş, tabe olduğu komandirinə qədər təhqir edib söyür. Ləyaqətini əzib, əvəzində əyninə forma geyindirib zahiri “xarizma” yükləməklə topluma qaba və qorxunc biri kimi sırımağa çalışır. Amma sıravi polis o vahiməli paltarda belə böyük görünmür. Əksinə, xalqın qabağına böyüklük iddialarını diktə etmək üçün çıxardıqları polis, nə yazıq ki, məsxərə obyektinə çevrilir.

Bu gün sosial şəbəkələrdə fotoları paylaşılan, insanların qəzəbi ilə üz-üzə duran polis, dünən ancaq “pis polis” idisə, bu gün həm də lağa qoyulan polisdir. Keçən gün zarafatla polislərin yallı getməsi hazırlayan qrafik-dizayner Rəsul Həsənlini oğurlayıb, o videonu sildirməkdən də bir şey çıxmaycaq, cəmiyyətin beynindəki polis obrazını silmək sosial şəbəkədə yayılmış videonu sildirmək qədər asan deyil.

Amma niyə sildirsin, onsuz da bu nifrətdən qazanan yenə hakimiyyətdir deyilmi?

Nifrət bizi bir-birimizdən daha çox uzaqlaşdırır. Mahiyyətdə o polislər də əziləndir, bu rejimin qurbanlarıdır. “Aşağılar” və qurbanlar bir-birinə nifrət edib güvənmədikcə, əzənlər, dolayı olaraq, rejim təhlükədə deyil.

Təbii ki, polislərə qəzəblənirik, haqlı olaraq onlardan daha sağlam və insani davranış gözləyirik. Çünki təhtəlşüur olaraq onların da bizdən biri olduğunu bilirik. Hər dəfə aksiyalarda “siz də əzilirsiz, guya sizi adam yerinə qoyurlar?” sözlərini az eşitmədik.

İnanın, həlledici məqam gəldiyində bu gün “nə edim, əmr quluyam” deyən polis belə bizim yanımızda olacaq. Deyə bilərsiniz ki, axı elə o məqamın gəlməsinə əngəl olurlar. Olurlar, çünki azıq, olurlar, cünki bizim güclü olduğumuzu düşünmürlər. Hiss edib, gördükləri, inandıqları anda onlar da bezdikləri rejimdən üz çevirəcəklər.

Bu üzdən, sıravi polisə nifrət xilas yolu deyil, güclü ola bilmək, bunun üçün çalışmaq lazımdır. Nifrət bizi güclü edər, amma sıravi polisə qarşı deyil, rejimə qarşı olan nifrət… Bu gün seçki marafonunda rol alan, öndə görünən polis aysberqin görünən və ən “günahsız” tərəfidir. Daha dərindəki Vilayət Eyvazov və onun tabe olduğu yuxarılardır. Aysberqlərin görünən tərəfi gəmilərə zərər vurmaz, əksinə, təhlükədən xəbər verər, gördüyün anda yan keçmək üçün bacarıqlı kapitan olmaq kifayətdir. Meydanda gördüyümüz sıravi polisin kobudluğu, amansızlığı da rejimin daha dərində olan təhlükəsinin, mahiyyətindəki vəhşiliyin gözlə görünən yanıdır. Buz dağının görünən qismini çapmaqla onu təhlükəsiz hala gətirmək mümkün deyil.

Dərinə baş vurmalı!

Ana səhifəXəbərlərPis və “günahsız” polis