Peskov: “ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması sülhə ən yaxşı töhfə olacaq”

Dmitri Peskov. Foto: Meydan TV

Peskov həmçinin bildirib ki, Tramp əvvəlki prezidentlik dövründə Rusiyaya qarşı çox addımlar atıb

“Amerikanın Ukraynaya hərbi yardımını dayandırması sülh yolu ilə nizamlanmaya kömək edəcək”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə belə deyib:

“Təfərrüatlar hələ açıqlanmır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə sövq edə biləcək qərardır”.

Kremlin sözçüsü ABŞ-nin açıq-aşkar “bu müharibənin əsas təchizatçısı” olaraq qaldığını deyib.

 “ABŞ bu tədarükləri dayandırsa, bu, yəqin ki, sülhə ən yaxşı töhfə olacaq”, – Peskov əlavə edib.

Bundan əvvəl bir sıra KİV-lər Ağ Evin rəsmisinə istinadla yazıblar ki, Donald Tramp Vladimir Zelenskinin sülh danışıqlarını xoş niyyətlə aparmağa hazır olduğuna əmin olana qədər Kiyevə hərbi yardımı dayandırmaq qərarına gəlib. Bu, ABŞ və Ukrayna Prezidentlərinin Ağ Evdə şifahi mübahisəsindən bir neçə gün sonra baş verib. ABŞ administrasiyası Kiyevə hərbi yardımın dayandırılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Dmitri Peskov həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə həqiqətən də Rusiyaya qarşı çox addımlar atıb.

O, Trampın birinci prezidentliyi dövründə Rusiyaya qarşı tətbiq etdiyi sanskiyaları, Ukraynaya hərbi yardımları xatırladıb.

“Həqiqətən, hamı yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentlik dövründə bir çox sanksiyalar tətbiq edilib, Ukraynaya silah tədarükü başlayıb. Bu, həqiqətən də baş verib. Bu baxımdan Trampla ancaq razılaşmaq olar”, – Kremlin sözçüsü vurğulayıb.

Çıxışlarının birində Tramp “rusiyapərəst” mövqe ilə bağlı ittihamları rədd edib və qeyd edib ki, o, “Rusiyaya kədərdən başqa heç nə gətirməyib”. Tramp xatırladıb ki, onun rəhbərliyi altında Moskvaya qarşı sanksiyalar tətbiq edilib və “Javelin” raket sistemləri Kiyevə çatdırılıb.

Peskov Trampın ilk müddətindən bəri mövqeyinin niyə dəyişdiyi barədə spekulyasiya etməkdən imtina edib.

“Burada söhbət ABŞ prezidentindən gedir. Biz onun Ukraynaya sülh gətirmək istəyi ilə bağlı bəyanatlarını eşidirik. Bu, ancaq alqışlana bilər. Bu istiqamətdə təklif olunan tədbirlərlə bağlı müəyyən məlumatlar alırıq. Bunu da ancaq alqışlamaq olar. Biz vəziyyətin reallıqda necə inkişaf etdiyini görməyə davam edəcəyik”, – Rusiya Prezidentinin mətbuat katibi belə deyib.

Ana səhifəDünyaPeskov: “ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması sülhə ən yaxşı töhfə olacaq”