Peşəkar “moşennik”

Aydın məsələdir, rüşvətlə…

Foto: Meydan TV


Rüşvətin aça bilmədiyi qapı yoxdur

Həbs-qətimkan tədbirinin verilməsi üçün olan rayon və ya apelyasiya məhkəmələrinə gedərkən "boks"-da (Kürdəxanı təcridxanasında məhkəməyə gedən məhbusların avtomobilə mindirilməzdən əvvəl saxlandığı yer) əlində qalın qovluq tutan bir məhbusun təkbaşına, çox sayda konvoy əməkdaşının müşayiətilə məhkəməyə aparılıb-gətirilməsi diqqətimi çəkmişdi. Həmin məhbusun kimliyi, nə üstə tutulması maraqlı gəlmişdi.

Növbəti məhkəməyə aparılmalardan birində "boks"-dakı məhbuslardan həmin şəxsin kimliyini soruşdum. Danışdılar. Lakin məhbusların arasında çoxlu sayda şayiə gəzdiyindən və məhbusların danışdığı söhbətlər bir çox hallarda yalan və şişirtmə olduğundan daha ciddi mənbə lazım idi. Yaxşı olardı ki, özü.

Amma onu elə bir şəkildə mühafizə edirdilər ki, özü ilə danışmaq mümkünsüz idi. Heç həbs olunan yüksəkrütbəli məmurları məhkəməyə o cür aparmırdılar. Bu detal mənim marağımı daha da artırırdı.

Bir dəfə istintaq otağında vəkilimlə görüşərkən həmin şəxsi gördüm. Onun da vəkili gəlmişdi. Lakin bu dəfə də söhbət edə bilmədim.

"Sirli şəxs" haqqında heç nə öyrənə bilməyəcəyimi düşünürdüm ki, tam təsadüfən Nəsimi Rayon Məhkəməsinin zirzəmisində , onun başqa cinayət işində həbs olunmuş yaxın dostu olan məhbusla eyni kameraya salındım. Və mənə hər şeyi danışdı…

Məhbuslardan eşitdiklərim həqiqət imiş. Daha doğrusu, həqiqətin kiçik bir parçası.

Deməli, bu qardaş, elə bir peşəkarlıq dərəcəsi ilə dələduzluq, el dili ilə desək, "moşennik"lik edib ki, haqqında Scorseze rahatlıqla film çəkə bilər.

Əhvalat vaqe olur bizim Bakımızda. Günlərin bir günü, təxminən 2005-ci ilin sonlarında kasıb həyatdan və səfillikdən bezən A(şərti olaraq) bu həyatdan xilas olmaq qərarına gəlir. Böyük neft gəlirlərinin daxil olmasına baxmayaraq, korrupsiya və yeyintinin əmələ gətirdiyi iqtisadi durğunluğun yaratdığı işsizlikdən bezən A, varlanmaq planı qurur.

Bunun üçün mükəmməl mexanizm yaradır, gələcəkdə həbs olunacağını və əldə edəcəyi pulların əlindən alınması ehtimalına qarşı qanunvericilikdəki bütün boşluqları öyrənir. Və işə başlayır.

Evini satır, ailəsi ilə kirayədə yaşamağa başlayır. Evinin satışından əldə etdiyi pulu isə görəcəyi işə sərf etməyə başlayır.

Təhlükəsizlik xidməti (mühafizə) təşkil edən şirkət qurur, şirkəti dövlət qeydiyyatından keçirir, icarəyə 2 mərtəbəli ofis, tam qanuni şəkildə işçilər götürür. Bu zaman özündən başqa hər kəs, hətta ailə üzvləri belə məsələdən xəbərsiz olurlar.

Bu miqyasda dələduzluğun cəzasız qalmayacağını bilən A-ya bu, ona görə lazım idi ki, gələcəkdə həbs olunarkən ona "mütəşəkkil dəstə"(12 ilə qədər həbs) ittihamı verilə bilməsin.

Və təhlükəsizlik şirkətinə işçilərin axtarılması ilə bağlı elan verir. Elanla bağlı şirkətə yüzlərlə müraciət olunur. Şirkətə müraciət edən namizədlərlə görüşülür, dinlənilir. Onlara 6 aylıq xüsusi təlimlərdən sonra 800-1200 manatarası maaşla işə başlayacaqları bildirilir. O dövr üçün kifayət qədər böyük olan bu məbləğdə maaşlı iş müqabilində şirkət hər bir namizəddən 2900 manat pul istəyir. 2900 niyə? Çünki 2016-ci ilə qədər olan Cinayət Məcəlləsinə görə bir nəfərə 10001 manat (yəni külli miqdar) pul "atmaq" 12 ilə qədər, 100 min nəfərə 2999 manat (az miqdar) pul "atmaq" isə 7 ilə qədər həbslə cəzalandırılırdı. Aşağı hədd isə 3 il idi. Məhkəməyə verməyə pulu olanlar üçün…

Müraciətçilərə 6 aylıq təlim xərcləri üçün müəyyən məbləğ çıxılacağı, məbləğin qalanının isə depozit olduğu bildirilir. Yəni əgər kimsə təlimlərdən sonra şirkətin göndərdiyi yerdəki işdən imtina edərsə, depozit məbləğindən müqaviləyə uyğun məbləğ çıxılacaqdı.

Kifayət qədər qaranlıq olan şərtlərlə bağlı namizədlərdə yaranacaq şübhələri yatırmaq üçün onların hər biri ilə müqavilə imzalanır. Ədliyyə Nazirliyində dövlət reyestrindən keçmiş şirkətin rəhbəri tərəfindən imzalanan, möhürlü müqavilə. Müqavilədə hər şey açıq şəkildə yazılır, şübhəyə zərrə qədər də yer qoymayacaq şəkildə bütün boşluqlar doldurulur.

Beləcə, ilk qurbanlardan pullar alınır. Onları Bakıda yenicə icarəyə götürülən idman zallarından birində təlimlərə çağırırlar. Hər şey qaydasındadır. Müqavilə, təlimlər və s. Şübhə üçün heç bir əsas yoxdur.

İlk ödənişlərdən sonra şirkətin bölgələrdə də filialları açılır. Eyni qaydada üst-üstə beş minə yaxın insandan toplam 14 milyon manata yaxın pul yığılır. Dolların 0.78 olan vaxtında. Təxminən 18 milyon dollar.

Cənab A ailəsini ölkədən çıxarır, göndərir Avropa ölkələrindən birinə. Rüşvət hesabına Bakı rayonlarından birində bələdiyyədən başqasına aid böyük torpaq sahəsinin, güya vaxtilə buna aid olması və sonradan satması ilə bağlı sənəd alır. Ardınca, torpağın alqı-satqısının həyata keçirilməsi ilə bağlı Dövlət Torpaq Reyestri Xidmətindən, Vergilər Nazirliyindən və digər lazımı dövlət qurumlarından eyni sənədləri rüşvətin köməyilə əldə edir. Ailəsinə göndərdiyi pulların mənbəyi də, artıq hazırdır: o, ona məxsus torpağı satıb! Dövlət qurumlarından bütün lazımi sənədləri də var!

Beləcə, 15 milyon dollar pulu xaricə, ailəsinə göndərir. Ailəsi də dövlət qurumlarının sənədlərinə əsasən tam leqal gəlirlə getdikləri ölkədə mülklər və oturma izni alır.

A isə ölkəni tərk etmir. Çünki bu halda onsuz da gec-tez həbs olunacaq, ailəsinə də əlavə problem yaradacaq və bəlkə də onların sərvətinin mənbəyinin araşdırılmasına səbəb olacaqdı…

Bakıda isə artıq problemlər başlayır. Deyilən vaxt – 6 ay keçsə də, işlə təmin olunmayan müraciətçilər qəzəbli şəkildə ofisin qarşısını kəsdirir. Heç nədən xəbərsiz, tam məsum şəkildə işlərini görən şirkət işçiləri onları qarşılayır, problemin tezliklə həll olunacağını bildirirlər. Lakin aldadıldıqlarını başa düşən şikayətçilər prokurorluğa gedirlər, şikayətlər başlayır.

A uzun araşdırmalardan sonra, 2010-cu ildə həbs olunur. Və bu zaman əvvəlcədən hər şeyi hesablayan və bütün lazımi sənədləri əvvəlcədən peşəkar şəkildə hazırlayan A-nı sorğulayan müstəntiqlər, dəhşətə gələrək görürlər ki, 5 minə yaxın şikayətçinin hamısından 3 min manatdan daha az pul alınıb. Üstəlik cinayətdə A-nın şəriki yoxdur, hər şeyi tək edib. Bu isə o deməkdir ki, A ən pis halda 3 ildən 7 ilə qədər həbs nəzərdə tutan 178.2 maddəsilə mühakimə olunacaq. Əlbəttə, müstəntiqlər istəsəydilər, bütün sənədlərə və sübutlara baxmayaraq, A-ya iki "cinayət ortağı" düzüb-qoşar və ona 12 il həbs cəzası verilməsini təşkil edərdilər. Lakin bu yerdə, araya A-nın pulu girir. Müstəntiqləri lazımınca "yemləyən" A-nın işi məhkəməyə də qanuna uyğun olaraq 178.2-ci maddə ilə (3 ildən 7 ilədək) göndərilir.

Təxminən 3 il davam edən istintaq və məhkəmə proseslərinin sonunda A ən son jokerini oynayır. Sən demə, lap əvvəldən, tutulacağını bilən A, qohum-əqrəbasına xəbər salmış, kənddən, kəsəkdən bütün qohum-qonşuya adambaşı 100 manatdan paylayaraq təxminən iki yüz adama eyni müqaviləni imzalatdırmışdı. Tutulduqda isə onların yol və digər xərclərini ödəməklə, Bakıya gətirtmiş, hər birinin prokurorluğa gedib ondan şikayətçi olmasını təmin etmişdi. Məhkəmə zamanı isə əməlindən peşiman olduğunu və alacaqlılara borcunu ödəyəcəyini bildirir, bunun üçün də vaxt istəyir. Hakim 1 ay vaxt verir. Bu zaman vaxtilə 100 manatdan payladığı adamlar bir-bir onlardan "alınan"(əslində onlar heç nə verməmişdi) 2900 manat pulun ödəndiyini bildirən bank çıxarışları (öz adamları köçürüb geri almışdılar-buna görə həmin 200 nəfərin hərəsinə daha 100 manat ödənmişdi) və notarial qaydada təsdiqlənmiş sənədlər təqdim edirlər. Artıq 200 şikayətçinin pulu "ödənmişdir".

A-nı məhkəməyə gedərkən gördüyüm zaman, o, artıq 2 il 10 ay idi ki həbsdə idi və çox şən görünürdü.

Dələduzluq cinayətləri zamanı zərərçəkmişlərə pulun ödənməsi yüngülləşdirici hal hesab olunduğundan, bu hal o vaxtadək A-nın rüşvət təkliflərinə baxmayaraq heç nə edə bilməyəcəyini və cəzanın yuxarı həddini verəcəyini bildirən məhkəmə hakiminə, aşağı həddə cəza verə bilmək səlahiyyəti verir. Və A-dan 100 min manat rüşvət alan hakim ona cəzanın ən aşağı həddini verir. 3 il. Artıq 2 il 11 ay həbsdə olan A, cəzasının geridə qalan 1 ayını elə Kürdəxanıdaca, zona göndərilmədən başa vurur və azadlığa çıxır.

Əlbəttə, burada da onu borclular və mülki məhkəmələrdəki proseslər, eləcə də ölkədən çıxış qadağası gözləyirdi. Lakin…

2 il sonra mən artıq 13-cü zonda olanda öyrəndim ki, A artıq ölkədən çıxıb və Avropa ölkəsi vətəndaşlığı alan ailə üzvlərinin yanında, Avropadadır. Necə? Aydın məsələdir, rüşvətlə…

Rüşvətin aça bilmədiyi qapının olmadığı, hətta 4 nəfəri öldürən adamın belə milyonluq rüşvətlə azadlığa çıxa bildiyi ölkədə rüşvət mexanizmini və qanunvericilikdəki boşluqları bilməkdən başqa xüsusi istedadı olmayan A, 5 minə yaxın iş axtaran kasıbdan oğurladığı pullarla, hal-hazırda lordlar kimi həyat sürür…

Ana səhifəXəbərlərPeşəkar “moşennik”