”Pənah Hüseynlə İsa Qəmbər Elçibəydən xəbərsiz iş görüblər”

Tağı Əhmədov
Tağı Əhmədov


Tağı Əhmədov: ”Surət Hüseynovdan daxili qoşunlarla qarşı-qarşıya dayanıb, dayanmadığını soruş”



Bakı Metropoliteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov “Ədalət” qəzetinə

müsahibə

verib. O, müsahibəsində 1993-cü ilin 4 iyun hadisələrindən danışıb. Meydan TV bu barədə daha dolğun məlumat almaq üçün Tağı Əhmədovla əlaqə saxlayıb. O suallarımızı sonacan dinləmədən, qəzetin baş redaktoru Aqil Abbasla əlaqə saxlamağı məsləhət bilib və dəstəyi asıb. Ancaq bəzi suallarımızı qısaca da olsa cavablandırıb.



– Müsahibənizdə 1993-cü il 4 iyun hadisələri ilə bağlı söylədiyiniz bəzi məqamlar əlavə suallar doğurub. “Heydər Əliyev Əbülfəz Elçibəyə zəng edib bildirib ki, bu qırğının məsuliyyəti prezident kimi onun üstündə qalacaq. Qırğının qarşısının alınması üçün dərhal tədbir görülməlidir”, – demisiniz. Həmin söhbəti haradan eşitmisiniz?

– Bəli, bunlar faktdır.




Məsələn, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev prezident Əbülfəz Elçibəyə zəng edəndə onun yanında olmusunuz?

– Sən bir balaca ədəbiyyatı oxu, kitablara bax. Bunlar faktlarla əsaslandırılan şeylərdir.




Hansı ədəbiyyat, hansı kitablar?

– Dediklərim göydən düşməyib, hamısı faktlardır. Ayrı şey yoxdur.




1993-cü ilin 4 iyun hadisələri ilə bağlı hansı kitablar var? Adlarını deyə bilərsinizmi?

– Bəli, kitab yazılıb. Nemət Pənahlı da bu barədə danışıb. Orada Heydər Əliyevin Əbülfəz Elçibəyə zəngi barədə yazılıb. Əgər sənin xəbərin yoxdursa, niyə o yerdə oturmusan?! Bunlar hamısı tarixdir. Mən sənə nağıl danışan deyiləm. Ona görə dedim ki, məlumatları göydən götürməmişəm.




Mən Əbülfəz Elçibəydən 4 iyun qiyamı ilə bağlı müsahibələr almışam, amma bu barədə sualların cavabında dedikləriniz olmayıb.

– Elçibəy jurnalist olduğun üçün bunları sənə deməzdi. Nəysə, mən sənə dedim. Mənim dediklərim faktlardır.




Sizcə, Nemət Pənahlının yazdıqları fakt ola bilərmi?

– Bu barədə kitab var, get oxu. Yaxud, Surət Hüseynovdan soruş, sual ver ki, daxili qoşunlarla qarşı-qarşıya dayanmışdınız, ya yox?




Siz iddia edirsiniz ki, Pənah Hüseyn Gəncədə insanları qırmağı əmr verib. Pənah Hüseyn dəfələrlə bu barədə açıqlama verib, ancaq bunlardan danışmayıb.

– Bəli, Pənah Hüseynlə İsa Qəmbər Elçibəydən xəbərsiz bu işi görüblər. Elçibəy sonra “niyə məndən xəbərsiz bu işi görmüsünüz, niyə mənə deməmisiniz?”, – söyləyib. Hələ “mən ölkənin prezidentiyəm, bir nəfərin burnunun qanamağına belə razı olmaram. Hamımız istefaya getsək belə”. Bunları da söyləyib.




Bu söhbət harada olub?

– Milli Məclisdə İmam Mustafayev danışanda Pənah Hüseyn dedi.




Bəs Elçibəyin İmam Mustafayevə “vergülü düz qoymadınız”, – replikasını xatırlayırsınızmı?

– İmam Mustafayev Əbülfəz Elçibəyə deyib ki, xalq Heydər Əliyevi tələb edir, amma sən dəvət etməlisən. O isə cavab verib ki, nəinki dəvət, qabağında qurban kəsməyə də hazıram.




Əbülfəz Elçibəyin sonuncu cümləsini qulağınızla duymusunuz?

– Sən müxalifətin qatı üzvlərindən birisən.




Mən jurnalistəm,müxalifəti qoyaq kənara, faktlarla danışaq.

– Jurnalistsən, get araşdırma apar.



– Gəlin, araşdıraq. Məsələn, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov prezidentin heç zaman elə açıqlama vermədiyini söyləyib. Bu barədə nə deyə bilərsiniz?

– Elçibəy sözü deyəndə Oqtayı xəbərdar etmirdi ki…




Pənah Hüseyn və Oqtay Qasımov dediklərinizi təkzib etsələr, ortalığa sənəd, sübut qoya biləcəksinizmi?

– Əlbəttə. Yazılan kitabı sənin də, onların da qarşısına qoya bilərəm. O kitab işıq üzü görübsə, deməli, deyilənlərin hamısı doğrudur.



– Kim yazıb o kitabı?

– Xahiş edirəm, qurtaraq, lazımdırsa, Aqil Abbasa zəng et.

Ana səhifəVideo”Pənah Hüseynlə İsa Qəmbər Elçibəydən xəbərsiz iş görüblər”