Paytaxtdakı yanğınlar

İl ərzində əsasən ticarət mərkəzlərində yanğınlar qeydə alınıb

Source: Meydan.TV


İl ərzində əsasən ticarət mərkəzlərində yanğınlar qeydə alınıb

2019-cu il həm də Bakı bazarları və ticarət mərkəzlərində yanğınlarla yadda qaldı. Kimi bu yanğınların qəsdən törədildiyini, kimi də bədbəxt hadisə olduğuna inandı. Yüzlərlə insanın mağazası, malı yandı. Onlara xeyli maddi ziyan dəydi. Mağaza sahiblərinin çoxunun sığortası olmadığından itkiləri böyük oldu. Onlar dövlətdən kömək istədilər. Bəzilərinə kömək edildi. Amma köməksiz qalanlar da oldu.

Yanğına görə etiraz edənlər, yolu bağlayanlar, toplanıb Prezident Administrasiyasının qarşısına gedənlər, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edənlər də az olmadı.

Beləliklə, 2019-cu ilin ilk bazar yanğını fevralın 26-da Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş verdi. Rəsmi açıqlamada tələfatın çox olmadığı bildirildi.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində yanğın oldu. Bütün bazar yanıb, külə döndü.

“Sədərək” Ticarət Mərkəzində daha bir yanğın isə avqustun 4-də baş verdi. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mərkəzin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Avqustun 13-də “Binə” Ticarət Mərkəzində yanğın oldu. Daha sonra böyük tələfat olmadığı ilə bağlı rəsmi məlumat açıqlandı.

Avqustun 22-də isə Bakının Nərimanov rayonunda “Baksol yolu” adlanan ərazidəki taxta bazarında yanğın baş verdi. Açıqlanan rəsmi məlumata görə, yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıq olub.

“Binə” Ticarət Mərkəzində oktyabrın 8-də növbəti yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı məlumatında deyilirdi ki, mallarla birgə təqribən 2500 kvadratmetr sahə yanıb.

Dekabrın 10-da isə Bakıda “EuroHome” tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.

Dekabrın 14-də də də Bakıda bazar yanıb. Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olub. Rəsmi məlumata görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı ciddi problemlər var. Bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır. Yəni, obyektlərin sahibi başqa insanlar (çox zaman məmurlar) olur və onlar da icarəyə verirlər. Ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyəverənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır:

“Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyə verənlə icarəyə götürən arasında münasibətlərin təmzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyə verənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər”.

İqtisadçı deyir ki, fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır:

“Çox zaman ona görə o müqavilələr imzalanmır ki, icarə müqaviləsinə görə, 14 faizlik vergi müəyyənləşdirilib. Bu vergi həddindən artıq yüksəkdir. Ona görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməli, ilkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyə verənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.

Natiq Cəfərli deyir ki, daha bir ciddi məsələ bu tipli obyektlərdə satılan malların mənşəyi ilə bağlıdır. Topdan alınan malların qaimələri olmur, qanuni əməliyyatlar aparılmır, banklar vasitəsi ilə köçürmələr olmur, nəticədə mal qalığını çıxartmaq, dəymiş ziyanı hesablamaq müşkülə çevrilir:

“Sadaladığım problemlərin əsas səbəbi indiki idarəetmə və iqtisadi sistemdir, bu hökumətdir. İqtisadi münasibətləri o günə salıblar ki, “kölgə iqtisadiyyatı” dominant hal alıb, məmur biznesə, biznes məmura qarışıb. Kresloları ilə diffuziya əlaqəsinə girmiş məmur tayfası biznesdən qoparılmasa, iqtisadiyyatda və idarəetmədə yaranmış problemlərin çözülməsi mümkün deyil”.

Prezident İlham Əliyev də ölkədə sığorta ilə bağlı problemlərin olduğunu söyləyir:

“İnkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə, bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür. Bütün mallar sığortalanır. Əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində evlərə ziyan dəyib və heç bir ev sığortalanmayıb… Bütövlükdə sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalasınlar…“.

İlham Əliyev bunu “Diglas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı keçirdiyi müşavirədə demişdi.

Öncəki illərə gəlincə, 2018-ci ildə ölkədə 2210 yanğın hadisəsi qeydə alınıb. Bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) fevralın 12-də yaydığı məlumatında bildirilir.

Məlumatda habelə qeyd edilir ki, yanğınlar nəticəsində 83 nəfər (13 uşaq) həlak olub: “484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15.8 milyon manat məbləğində maddi ziyan vurulub”.

Hesabat dövründə qeydə alınmış yanğınların 890-nın elektrik avadanlıqların quraşdırılması, istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sının isə odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı) səbəbindən baş verdiyi bildirilir.

Yanğınların 70.7 faizi yaşayış, 5.8 faizi sosial-məişət, mədəniyyət təyinatlı binalarda, 2.2 faizi istehsal obyektlərində, 0.5 faizi anbar və bazalarda olub.

Ana səhifəXəbərlərPaytaxtdakı yanğınlar