Paxırı zəfər örtür

Lakin xalqın həyatı tək zəfərlı müəyyənləşə bilməz

Source: Meydan.tv


Əliyevlərin hakimiyyət nəzəriyyəsində xalqa səlahiyyət verilməsi deyil, səlahiyyətin xalqdan alınması bəndi ola bilər

Ölkəmizin səmərəsiz hakimiyyəti Ermənistanın bizimkindən beşbetər səmərəsiz hakimiyyəti ilə Qarabağ uğrunda döyüşdü və qalib gəldi. İlham Əliyevin hakimiyyətdə mövqeyi möhkəmləndi və onun, İosif Stalin demişkən, “müvəffəqiyyətdən başı gicəlləndi”. İlham Əliyev deyəsən həqiqətən inandı ki, o, regional, bir azdan sonra isə qlobal təsir imkanları olan siyasətçidir.

Olur.

Qayıdaq bizim, Qarabağ zəfərini çıxmaq şərtilə, pərişan əhvalımıza.


1.İqtisadiyyat və deməli, əksər vətəndaşların həyat səviyyəsi acınacaqlı səviyyədədir. 20 faiz yüksək rifah sahibi ilə yanaşı, həyatda 40 faiz zorla sürünən və 40 faiz aşkar möhtac vətəndaşımız ölkənin şəninə şərəf gətirmir.


2.İşsizlik və ümidsizlik vətəndaşlarımızın xeyli hissəsini gəmirir. Hakimiyyət ölkədə rəqabətə davamlı məhsul istehsal etməyə qadir olan müəssisələr qurmağı sadəcə bacarmır. Bunu bacaran işbaz tapılanda, “bizdən deyil” bəhanəsilə onu çıxdaş edir.


3.İnsanlarımızın ümumi şüur səviyyəsi gülməli-ağlamalı vəziyyətdədir. İstəyən gülsün, istəyən ağlasın. Vətəndaşlarımızın istər siyasi, istər əxlaqi, istər hüquqi sahələrdə düşüncə və davranışı – hamısı bərbaddır. Gerçəkliyə elmi və rasional baxış, bu baxışdan doğan fikrin və rəyin açıq bildirilməsi dövlətə asi çıxmaq deməkdir.


4.Pandemiyanın məntiqi və gözlənilən növbəti tüğyanından sonra bəlli oldu ki, səhiyyədəki bəlalarımızın kökü tək Oqtay Şirəliyevdə deyilmiş. Mətləb daha qəlizdir. Qüsur sistemlidir və strukturun bütün qatlarına işləyib.


5.Dövlət cihazı yarımiflic vəziyyətdədir. Füzuli hava limanının müstəsna qısa müddətə inşa edilməsinə uymaq və öyünmək təhlükəli yanlışlıqdır. Nə olsun ki? Ümumi durğunluq şəraitində vaxtilə SSRİ də fəzaya peyk və kosmonavt uçururdu. Əsas odur ki, dövlət bütövlükdə pis idarə edilir və ölkədə böhran əlamətləri artmaqda davam edir.


6.Dövlət cəmiyyəti maddi ehtiyac, total yalan və güc qurumlarının yaratdığı qorxu vasitəsilə idarə edir. Azərbaycan məmuru sıravi vətəndaşımıza zülm etməkdə mahir olsa da, özü dünyanın ən məzlum məxluqlarından sayıla bilər, zira onun hüquqlarını müdirin iradəsi qarşısında heç bir qanun müdafiə etmir. Müdirin əmri və şifahi buyuruğu ilə bu məmur qanunları pozmağa məcburdur, sonda isə cinayətlərinin məsuliyyətini təkbaşına daşıyır. İndi müxtəlif dövlət idarələrində işləmiş orta səviyyəli məmurların məhkəmə proseslərini izləyən adam bu milli qanunauyğunluğu asanlıqla anlaya bilər.

Dövlətin naqis idarə edilməsinin paxırını indiki şəraitdə Zəfər örtür. Zəfər həqiqətən şanlı bir hadisədir və onunla fəxr etməyə dəyər.

Lakin xalqın həyatı tək zəfərlı müəyyənləşə bilməz. Vətənini sevən insan ölkəsi ilə fəxr etmək, azı qüsurların islah olunduğunu görmək istəyir.

İnsan yaşamalı, işləməli, yaratmalı, yeməli, yatmalıdır. Harada, necə, nəyi suallarına hər kəs şəxsi qabiliyyəti çərçivəsində cavab tapmağa çalışır.

Bu yaxınlarda Qəbələ rayonunun Qəmərvan kənd sakininin “Youtube” kanalında çarxlarına rast gəlmişəm. Çarxların adını bizim dildə “İbtidai aşbazlıq” qoyardım. Adını bilmədiyim bir bacarıqlı kişi qısa zaman ərzində insanlarda böyük iştah doğura biləcək təbii xörəklər bişirir və sonda çox yaraşıqlı və tərbiyəli kənd uşaqlarını yedizdirir. Mətbəx əvəzinə əsrarəngiz dağ vadisində gözəl çəmən, öz əlilə tikdiyi təndir və soba, qaz əvəzinə odun, mağaza ərzağı əvəzinə kəndin və meşənin bəxş etdiyi təbii məhsullar, ağacdan çırpdığı qoz və şabalıd, dəm çaydanına əlavə etdiyi gül ləçəkləri – bunlar hamısı çarxlara milyonlarla tamaşaçının diqqətini cəlb edir. Bu istedadlı insana əhsən demək, Azərbaycanı dünyada böylə məharət və qabiliyyətlə təşviq etdiyinə görə təşəkkür etmək istərdim. Ancaq təşəkkür edə bilmərəm, zira Qəmərvanda mobil telefon işləmir, Qəmərvanda nə “Azercell”, nə “Bakcell”, nə də “Nar” işləyir. Niyə? Retranslyator bu kəndi əhatə etmir. Kəndə simli telefonla zəng vurmaq mümkündür, onun da rəqəm sayı çox məhduddur.

Yenə acı-acı düşünürəm ki, mobil rabitədən milyonlar qazanan bu şirkətlər niyə adi kənd camaatının ehtiyaclarına böylə etinasız yanaşırlar? Anlayıram ki, onlar vətəndaş qarşısında məsuliyyət daşımır. Ölkə başçısı isə Böyük Qayıdışla məşğuldur.

Bir neçə il əvvəl bütün Bakı bir-birinə dəymişdi, İlham Əliyev ölkənin diqqətini Sovet küçəsinin və ondan aşağı köhnə məhəllələrin sökülməsinə, yerində gözəl park salınmasına cəlb etmişdi. Şəxsən prezidentin diqqət yetirdiyi layihə sürətlə sökülməyə və tikilməyə başladı. Çəlimsiz daxmalar söküldü, park salındı, sakinlər köçürüldü, ev və pul aldı.

İndi işlər yarımçıq qalıb. Prezident Böyük Qayıdışla məşğuldur. “Sovetski” layihəsi ali diqqətdən kənar qaldığı üçün bütün digər rəhbərlər və qurumlar da onu unudublar. Şəhərin mərkəzində uçqunlar və xərabələr bəlkə də paytaxta orijinal görkəm verir. Yadıma gəlir ki, Berlinin də mərkəzində İkinci cahan müharibəsinin yadigarı kimi bir xarabanı saxlayıblar, nə söküblər, nə də bərpa ediblər.

Zəfər ordunun şənini göylərə qaldırdı. Şanlı Zəfər orduya xalq sevgisi və cəmiyyətin hörmətini gətirdi. Fəqət ordunun içindəki canilər onun şəninə ağır zədələr vurmaqdadırlar. Ordu cəmiyyətdən təcrid ola bilməz. Əgər cəmiyyət və dövlət xəstədirsə, bu xəstəlik orduya da mütləq sirayət edəcək. Budur, lap elə Səfər Əbiyevin bədnam hərbi rəhbərlik illərini xatırladan və orduya ar gətirən cinayət hadisələri dəhşətli ardıcıllıqla ifşa olunur. Müzəffər Azərbaycan əsgərinə qarşı zorakılıq, əsgərlərin intihar halları ordu daxilində nəzarətsizlikdən və intizamsızlıqdan xəbər verir.

2,5 il Sovet ordusunda xidmət etmiş zabit kimi mən bu zorakılıq və özbaşınalığın haradan və necə qaynaqlandığını çox gözəl bilirəm. Orduda da, dövlətdə də “balıq başdan iylənər”. Özbaşına çavuşa və gizirə meydanı zabit komandirlər, onlara isə meydanı generallar verir.

Qarabağ naminə siyasi savaş səngimir, əksinə, alovlanır. Şimaldan savaş tonqalına nöyüt tökənlər var. Qarabağın rus nəzarətində olan hissəsində ilişib qalmış erməni əhalisindən sui-istifadə niyyəti göz önündədir. “Erməni soyqırımı” söhbəti də öz yerində. Belə şəraitdə Ermənistanla və erməni əhalisi ilə mədəni və mülayim əlaqələrin qurulması, dövlətin erməni əsilli vətəndaşları müdafiə edəcəyi, bu sahədə niyyət və qətiyyətinin nümayişi çox vacibdir.

Müharibə dövründə zülm və barbarlıq halları hər iki tərəfdən olmuşdu. Bu mövzuda haray-həşiri, təbii ki, erməni tərəfi daha məharətlə qoparmışdı, zira əsr yarımlıq zəngin təcrübələri var. O zaman Azərbaycan hakimiyyətinin bircə addımı, barbarlıq edərək bunu telefona çəkmiş və bu hərəkəti ilə qürrələnmək istəmiş, bu mənzərəni ictimailəşdirmiş hərbçilərin həbsi və istintaqa cəlb edilməsi xəbəri erməni hay-küyünün xırp kəsilməsinə gətirdi.

Bizim hakimiyyət bu uğurlu siyasi addımı niyə inkişaf etdirmir? Niyə barbar hərəkətlərə yol vermiş hərbçilərin məhkəməsini və onlara veriləsi cəza barədə məhkəmə qərarlarını təbliğ etmir? Yoxsa bu məhkəmələr və bu qərarlar yoxdur? Yəni Azərbaycan hakimiyyəti hərbi cinayət törətmiş bu “vətənpərvərlər”lə həmrəydir? Onların “mürəkkəb” cinayət əməllərinin istintaqını təkmil etmək üçün 11 ay bəs etmədi?

Əminəm ki, bu canilərin cəzalandırılması xəbəri dövlətimizin siyasi çəkişmələrdəki mövqeyini ciddi tərzdə möhkəmləndirəcəkdir.

Böyük Qayıdış zəlzələsi və vəlvələsi azı beş il, bəlkə də on beş il çəkəcək. Bunun qalan Azərbaycan əhalisinin həyatı üçün tərcüməsi ondan ibarətdir ki, ölkənin indiyə kimi işsiz, susuz, yolsuz, qazsız və kanalizasiyasız qalmış yaşayış məntəqələri, istər şəhər olsun, istər kənd, elə belə yarımçıq və möhtac vəziyyətdə qalacaqlar. Niyə? İlham Əliyev Qarabağla məşğuldur.

Nə etməli? Referendum söhbəti dolaşır. Təbii ki, məqsəd hakim ailənin mövqeyini möhkəmləndirməkdir. Lakin əgər bu referenduma bələdiyyələrin həqiqi yerli hakimiyyət qurumuna çevrilməsi və yerli vergilərin şir payının onlara verilməsi bəndi salınsa, ölkəni əzib sıxan bir çox ağrılı müşküllərin həlli yolu tapıla bilər.

Dövlət büdcəsi kasıblamaz, onsuz da gəlirin şir payı təbii sərvətlərdən gəlir.

Bunu yazıram və özüm də bilirəm ki, gerçək söhbət deyil. Əliyevlərin hakimiyyət nəzəriyyəsində xalqa səlahiyyət verilməsi deyil, səlahiyyətin xalqdan alınması bəndi ola bilər. Bu hakimiyyətin mayası inhisarçılıqla yoğrulub və Molla Nəsrəddin demişkən, “vermolladırlar, almolla deyillər”.

Deyiləsi, giley ediləsi mövzu çoxdur. Hansını deyəsən? Bərbad mediamızı, axsaq təhsilimizi, viranə səhiyyəmizi, gözüqırpıq vətəndaşımızı necə və nə ilə müalicə etmək olar?

Zopa ilə? Sözlə? Zamanla?

Bilmirəm. Özünüz fikirləşin. Tapsanız, mənə də deyərsiniz. Əzəl başdan təşəkkür.

Ana səhifəXəbərlərPaxırı zəfər örtür